BMT tribunasından Qarabağ tələbi: Ərdoğanın münaqişə ilə bağlı sərt çıxışı bizim üçün çox vacib idi

Natiq Miri: "Türkiyə dövlət başçısının bəyanatına qeyri-ciddi yanaşanlar əslində Dağlıq Qarabağ münaqişəsinə biganə olanlardır"




“Mütəmadi olaraq gündəmə daşınmayan problemin çözülməsi mürəkkəb olur”. Bunu Sherg.az-a açıqlamasında Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib. 

Analitik bildirib ki, prosesi hardansa başlatmaq üçün mütləq problem barədə danışmaq lazımdır: 

“Xüsusən, BMT kimi səviyyəli tribunada Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirmək vacibdir. Bunun həm geosiyasi əhəmiyyəti var, həm də problemin həlli üçün zəmin yaradan amildir. Artıq çoxları əmindir ki, torpaqlarımızın azadlığı ancaq hərbi yolla mümkündür. Bunun üçün isə mütləq mənada problemi beynəlxalq səviyyədə ictimailəşdirmək, dünyəvi təşkilatların diqqətinə çatdırmaq lazımdır. Əgər bu reallığı və erməni işğalını tez-tez dilə gətirməsək, sabah hərbi əməliyyatlara başlamaq bizim üçün ciddi problemə çevrilə bilər. Hərbi əməliyyatlar başlayacağı təqdirdə bütün dünya bizə haqq qazandırmalıdır. Çünki BMT-nin qətnamələrinə uyğun olaraq işğalda olan torpaqlarımızı azad etməyə haqqımız çatır. Əks halda hərbi əməliyyatlarımız bir növ “işğalçı” və “aqressiv siyasət” kimi qiymətləndirilə bilər. Bu baxımdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tribunasında sərt çıxış etməsi çox əhəmiyyətlidir. Özü də bunu hər dəfə təkrarlaması olduqca müsbət addımdır”. 

N.Mirinin sözlərinə görə, problemi qaldırmaq onu həll etməyin başlanğıcıdır: 

“Nəzərə alaq ki, bu həqiqəti Ərdoğandan başqa beynəlxalq təşkilatlarda dilə gətirən demək olar ki, yoxdur. Ərdoğan işğal faktının beynəlxalq hüquqa zidd olduğunu bəyan etməklə gələcəkdə torpaqlarımızın hərbi yolla işğaldan azad olunmasına yol açır. Bundan sonrakı proses isə bizim üzərimizə düşür. Heç kim bizim əvəzimizdən torpaqlarımızı düşməndən azad etməyəcək. Buna ehtiyac da yoxdur. Azərbaycan ordusu kifayət qədər güclüdür və erməniləri torpaqlarımızdan dəf etmək əzmindədir. Məncə, Türkiyə dövlət başçısının bəyanatına qeyri-ciddi yanaşanlar əslində Dağlıq Qarabağ münaqişəsinə biganə olanlardır”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirib. Ərdoğan bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir. Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu