İran seçim imkanı verməlidir: Güney azərbaycanlıların öz dilində təhsil alması mütləqdir

Sentyabrın 20-dən etibarən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində dərslər Azərbaycan dilində keçirilir. Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib.

Qərara əsasən Azərbaycan türkcəsinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq. İdarə rəsmisi artıq məktəblər və müəllimlərin sayının müəyyənləşdiyini deyib. 

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirəzbəyli Sherg.az-a açıqlamasında qeyd edib ki, uzun illərdir azərbaycanlılar öz haqları uğrunda mübarizə aparırdılar.

Baş redaktor bildirib ki, İranın konstitutsiyasına görə, azərbaycanlıların bu haqları çoxdan verilməli idi:

Elçin Mirzəbəyli: "Söhbət 30 milyondan artıq toplumun hüququndan gedirsə, Azərbaycan dili İranda dövlət dili olmalıdır"


“Söhbət İran İslam İnqilabından dərhal sonra qəbul olunan konstitutsiyadan gedir. Həmin dövrdə azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan din xadimləri də olub. Onlar arasında şəriət də var idi. Hansı ki, həmin şəriət Xomeyninin hakimiyyətə gəlməsinə müstəsna xidmətlər göstərmişdi. Onların da bu xidmətləri nəzərə alınmadı. Nəticə etibarilə azərbaycanlılara verilən vədlər  növbəti dəfə yalan və saxta çıxdı”.

E.Mirzəbəyli bildirdi ki, bu gün İranda Azərbaycan türklərinin öz haqlarını tələb etməsi geriyə yolu olmayan prosesdir:

“Yəni, İran demokratikləşməlidir. Orada yaşayan bütün insanlar, xüsusilə də əhalinin 30 milyondan çoxunu təşkil edən Azərbaycan türkləri haqlarına sahiblənməlidirlər. Onlara seçim imkanı tanınmalıdır, öz dillərində təhsil almalıdırlar. Söhbət 30 milyondan artıq toplumun hüququndan gedirsə, Azərbaycan dili İranda dövlət dili olmalıdır. Fars dili dövlət dilidirsə, Azərbaycan türkçəsi də əhalinin say nisbətinə görə ikinci dövlət dilinə çevrilməlidir. Prosesin necə irəliləyəcəyini isə zaman göstərəcək. Şübhəsiz ki, söhbət dinc yolla birgə yaşayışdan gedirsə, İranda yaşayan farslar Azərbaycan türklərinin hüquqlarını qəbul etməli, dinc şəraitdə yaşamalı və xalqların öz mədəniyyətlərini inkişaf etdirməsinə imkan tanımalıdırlar”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu