Azərbaycan regionda ən sabit ölkədir: İsrailin vətəndaşlarına çağırışı yersizdir

“Əlbəttə, istənilən ölkədə müəyyən təhlükəli hadisələr baş verə bilər. Lakin Azərbaycanla bağlı sistemli şəkildə təhlükəsizlik xəbərdarlığı etmək ilk növbədə İsrail-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Əslində İsrail tərəfi bir çox hallarda öz istək və problemlərini inanılmaz dərəcədə şişirdir və sayğısız davranışlar sərgiləyir. Bəzi hallarda isə anlaşılmaz siyasət yeridir. Ermənistanın İsraildə səfirlik açması məsələsinin gündəmə gəlməsi də göstərir ki, bu ölkədə erməni faktorundan istifadə etməyə çalışan müəyyən dairələr var. Onlar Türkiyəyə, daha dəqiq desək, Ərdoğan siyasətinə qarşı erməni faktorundan yararlanmağa səy göstərirlər”. 

Bunu Sherg.az-a politoloq Tofiq Abbasov İsrailin Azərbaycana getməməklə bağlı vətəndaşlarına etdiyi çağırışa münasibət bildirərkən deyib.

Siyasi şərhçinin fikrincə, rəsmi Bakı münasib kanallar vasitəsi ilə İsrailə mövqeyini çatdırmalıdır:

Tofiq Abbasov: "Dövlətimiz bütün turistlərin təhlükəsizliyini qorumaq gücündədir"

“Belə məsələlərdə zarafat etmək olmaz. Müxtəlif ölkələrdən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Təkcə Rusiyadan ölkəmizə il ərzində 700 mindən artıq turist gəlir. Azərbaycan regionda ən sabit ölkədir və burada xarici qonaqlara qarşı heç bir təhlükədən söhbət gedə bilməz. Dövlətimiz bütün turistlərin təhlükəsizliyini qorumaq gücündədir. Məncə, İsrail xüsusi xidmət orqanları arasında təxribata meyilli qüvvələr var. Lakin indiyə qədər İsrailin bir çox xəbərdarlığı boşa çıxıb. Deməli, xəbərdarlıq siyasi oyunbazlıqdan başqa bir şey deyil”.

Qeyd edək ki, İsrailin Milli Təhlükəsizlik üzrə Dövlət Qərargahı yəhudilərə Azərbaycan və Rusiyaya getməməyi tövsiyə edib. Məlumatda “İranı əhatə edən ölkələrə”, yəni Azərbaycan, Gürcüstan, Ermənistan, Türkmənistan, Fars körfəzi ölkələri, Mərkəzi Asiya regionuna getmək məsləhət görülməyib. İsrail xüsusi xidmət orqanlarını iddia edib ki, guya bu ölkələrdə islamçı-terrorçuların inkişaf etmiş infrastrukturu mövcuddur. Ümumilikdə qərargahın yaydığı məlumatda 40 dövlət təhlükəli ölkələr siyahısına daxil edilib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu