Vay tamaşaçıların halına - Şou da bir şou olsa, yenə dərd yarıdır

Bir Milli Teleradio Şuramız var ki, tənqidləri bol, tövsiyələri alqışa layiq, amma tələbi sıfırdır



Televiziyanın vəzifəsi nədir? İctimai qurum yaradılanda da onun məram və məqsədlərini açıqlayırlar. Səbəbsiz heç nə olmur. Olmamalıdı. Televiziya isə ən güclü təbliğat vasitəsidir. Çünki milyonlarla izləyici auditoriyası onun əlindədir. Əldə olan bu imkandan dövlətin siyasətini dəstəkləmək, müsbət işləri xalqa çatdırmaq, məlumatlandırmaq, ictimaiyyəti maarifləndirmək televiziyaların bacaracağı işdir. Amma bizim televiziyalar sanki bütün bu vəzifələri unudub, üzərindən xətt çəkərək kənara qoyub. Müstəvidə isə yalnız şou proqramları saxlayıblar. Şou da bir şou olsa, yenə dərd yarıdır. Vay o gündən ki, şou etik qaydalara, əxlaq kodeksinə, milli dəyərlərə, eləcə də insanların hissləri ilə oynayıb əsəb limitini ölçməyə hesablansın.

Hazırda Azərbaycan efirində büdcədən maliyyələşən telekanalları çıxmaq şərtilə, bütün digərləri ucuz, bayağı və ən dəhşətlisi - xalqımızın əsrlərlə qoruyub saxladığı, gələcək nəsillərə ötürməyə çalışdığı milli-mənəvi və ailə dəyərlərini yox etməyə kökləniblər. Hər gün efirlərdə əxlaqdan xaric, normal (!) insanı iyrəndirən, diksindirən, ekrana tüpürmək həddinə çatdıran proqramlar yayımlanır. Bu sərsəm gedişata “dur” deyən də yoxdur. Bir Milli Teleradio Şuramız var ki, tənqidləri bol, tövsiyələri alqışa layiq, amma tələbi sıfırdır. Etirafı da səmimidir: “Heç nə edə bilmirik. Səlahiyyətimiz yoxdur”. Bəs necə olsun? İzləyici pula görə şərəfini, mənliyini, qadınlığını, kişiliyini heçə sayan bir qrup adamın girovundamı qalsın?   
     

Bu dəfə ARB “gül vurdu” 


Mövzunu gündəmə daşımağımızın səbəbi var. 
Son zamanlar çox izlənən, tamaşaçı auditoriyası formalaşmış, yəni perspektivli görünən ARB telekanalında xoşagəlməz hal yaşanıb. Telekanalda yayımlanan "Sayqa ilə" verilişində baş verən hadisə tamaşaçıları, sözün əsl mənasında, şoka salıb. 

Proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı verilişinə qonaq qismində çağırıb. Əlində gül studiyaya girən bir gənc Afaqa evlilik təklif edib.
İfaçının qarşısında diz çökən 24 yaşlı gənc "Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə "yox" desəniz, ömrümün sonuna qədər evlənməyəcəm" - deyib.

"Yox" cavabı alan oğlan ağlamağa başlayıb və ürəyi gedərək, yerə yıxılıb. Görüntülər qısa vaxtda sosial şəbəkələrdə yayılmağa başlayıb.
Məsələylə bağlı maraqlı məqam isə odur ki, proqramın aparıcısı Sayqa Cahid bir neçə gün öncə sərt şəkildə bayağı formatlı verilişləri tənqid edib. Sayqa qonaq olduğu efirdə "Məqsədim maarifləndirməkdir. Hər verilişdə tamaşaçıya təhsil və sağlamlıqla bağlı mesaj göndərirəm" sözlərini işlətmişdi. Amma öz verilişində bu cür “tamaşa” qurması əslində onun özünün hansı səmimiyyət sahibi olduğunu göstərir.

İTV isə “parodiya” etdi


İTV ARB TV-ni “Sayqa ilə” verilişində müğənni Afaq Aslana evlilik təklif edən gənc oğlan vasitəsilə ələ salıb.
Oğlan bu dəfə “3D” verilişində Dadaş Dadaşlinskinin katibəsi Lyubaya evlilik təklif edib.
“Səni ilk gördüyüm gündən heç ağlımdan çıxmırsan, Lyuba. Sənə görə hər şeyimi, hətta əzizlərimi də qurban verməyə hazıram. Mənimlə evlənərsən?” deyə, oğlan bildirib.

Lyubanın “Sən həmin sözləri dünən ARB-də demirdin” sualına “Burada da yox desəniz, “Real”a (Real TV - red.) gedəcəm” sözləri ilə cavab verib.
Daha sonra verilişdə qonaq olan Azərbaycan Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və ARB TV-nin aparıcısı Anar Nəcəfli efirlə sağollaşarkən sözügedən gənc yerdə uzanıqlı şəkildə olub.
Lyuba həmin şəxsə yaxınlaşaraq “Ay oğlan, veriliş bitdi, dur. Qonorarını mühasibatlıqdan alarsan” deyə, söyləyib.

Bəs MTRŞ nə deyir? - “Biz telekanalların proqram siyasətinə və yaradıcılığına qarışmırıq”


Milli Teleradio Şurası bu tip olaylara indiyədək bir neçə dəfə münasibət bildirib. Hələ bir müddət öncə MTRŞ sədri Nuşirəvan Məhərrəmli KİV-ə açıqlamasında televiziyalardakı bayağı şou proqramların ictimaiyyəti narahat etdiyini demişdi: 
- Televiziyalar maarifləndirici, məlumatlandırıcı, əyləncəli və hərbi vətənpərvərlik mövzusunda verilişlərin keyfiyyətini artırmalıdır. Keyfiyyətin artırılması ona görə vacibdir ki, bu verilişlər gənclərin tərbiyəsində müsbət rol oynasınlar. Televiziyalarda şou proqramların bayağı ruhda hazırlanması ictimaiyyəti narahat edir. Şura çalışır ki, bu məsələləri rəhbərləri inandırmaq yolu ilə həll etsin. Ancaq qanunvericiliyə görə, onlara müdaxilə etmək imkanı yoxdur. Bununla bağlı Şura təkliflər hazırlayıb və müvafiq orqanlara təqdim edəcək.

Biz efirimizi yad ünsürlərdən, yabançı filmlərdən də qorumalıyıq. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncam imzalayıb. Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq dövlət başçısı qərara alıb ki, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına müvafiq vəsait ayrılsın. Hazırda şurada, həm telekanallarla, həm də ictimaiyyətin bu sahə ilə bağlı nümayəndələri ilə məsləhətləşmələr gedir. Bu mövzu ilə bağlı ayrıca bir “dəyirmi masa”nın keçirilməsini də planlaşdırırıq. Ən asan variantlardan biri müsabiqə yolu ilə ayrılan vəsaiti bölməkdir. Təbii ki, bu yolla maliyyə vəsaiti kino ilə məşğul olan ayrı-ayrı insanlara ayrılacaqsa, bunun müsbət tərəfi var. Çünki bu, tam şəffaflıq və obyektiv şəraitdə həyata keçiriləcək. İstənilən insan öz işini ortaya qoya biləcək. Ancaq bunun başqa bir mənfi tərəfi də var ki, həmin hüquqi və ya fiziki şəxs öz filmini və ya serialı televiziyada nümayiş etdirə biləcəkmi? Televiziya kanalları onu alıb öz efirində göstərəcəkmi? Belə problem yaranır. Digər bir variant işə bilavasitə televiziya kanallarının özlərinin cəlb edilməsi və məsuliyyətin əsas hissəsinin onların üzərinə qoyulmasıdır. Bizim telekanallar bu işdə iştirak edəcək və müxtəlif prodakşn şirkətləri ilə əməkdaşlıq edib ortaya keyfiyyətli iş qoyacaqlar.

N.Məhərrəmli qeyd edib ki, hər bir ictimai fikrin çox böyük tərbiyəvi əhəmiyyəti var. Xüsusən də televiziyaların:

- Gənclər, uşaqlar bəzən ailədə valideynin dediklərindən daha çox televiziyada deyilənlərə qulaq asırlar. Bundan əlavə, insanlar uzun müddət ekran qarşısındadırlar. Ekran qarşısında olan mövcud vəziyyət onların həyat şəraitlərinə, məişətlərinə bu və ya digər şəkildə təsir edir. Bu baxımdan televiziyaların tərbiyəvi əhəmiyyətini böyük hesab edirəm. Biz insanlarımızı normal, sağlam mühitdə tərbiyə etmək istəyiriksə, efirə ən gözəl hisslər, mənəvi dəyərlərlə bağlı verilişlər gətirməliyik. Təbii ki, nöqsanlardan, problemlərdən də qaçmamalıyıq. Ancaq onları elə formada təqdim etmək lazımdır ki, tərbiyəvi əhəmiyyəti özünü göstərsin.

Biz telekanalların proqram siyasətinə və yaradıcılığına qarışmırıq. Bizim belə bir səlahiyyətimiz yoxdur. Bununla yanaşı, Teleradio Şurası ölkədə teleradio yayım siyasətinə dövlət nəzarətini həyata keçirən bir orqandır. Bu baxımdan əgər televiziya kanallarında ciddi problemlər varsa, bu məsələyə hansısa formada müdaxilə etməliyik. Qanunvericiliyin bizə verdiyi səlahiyyətlər çərçivəsində ictimaiyyətin maraqlarını qorumaq bizim üzərimizə düşür. Əgər bu gün Azərbaycanın efir məkanında xarici teleserialların həcmi artıqdırsa, bu haqda qərar vermək bizə aid olan məsələdir. Biz hətta, telekanalları məcbur edə bilərik ki, onların bir hissəsini yerli istehsalla əvəz etsinlər. Hər hansı televiziya kanalının rəhbəri lisenziyanı alarkən bütün işini xarici filmləri alıb efiri doldurmaqla bitmiş hesab etməməlidir. O, yerli məhsulu da ortaya qoymalıdır. Bu xalq, bu mühit, bu auditoriya üçün çalışmalıdır.

Deputatlar da bezib 


Efirə “fanatlar”ın, pərəstişkarların dəvət edilməsi praktikası televiziyalarımızda çoxdan var. Dəyərli tamaşaçı bəlkə də xatırlayar. Mərhum sənətkarımız İlhamə Quliyevanın bir neçə il öncə pərəstişkarı efirə çıxarıldı. Zaur Baxşəliyevin proqramında. Veriliş başlayandan aparıcı anons etdi ki, İlhamə xanımın həyat yoldaşı hədiyyə göndərib, guya efirə qoşulacaq, filan… Proqramın sonlanmasına saniyələr qaldığı vaxtda bir nəfər studiyaya daxil oldu, izləyici yalnız onun kürəyini – siluetini gördü. Çünki studiya alaqaranlıq olmuşdu. Adam yaxınlaşdı, İlhamə xanıma gül dəstəsi təqdim etdi, bununla da veriliş bitdi. Tam bir illüziya. Gözbağlıca. Sehir. Bu adam həqiqətən İlhamə xanımın pərəstişkarı idisə, üzünü daha niyə gizlədirdi? Bizim televiziyalarda müəyyən ödəmələr, “böyük” işlərə görə sanballı, kiçik işlərə görə yüngülvari ödəmələr gündəlik iş rejiminə daxildir. Professionallıqları da yalanı həqiqətə oxşatmağa çatmır. Ona görə də proqramlar belə şit, bayağı alınır.        

Televiziyaların hazırkı durumu deputatları da narahat edir. Xatırladaq ki, bir müddət öncə millət vəkilləri Milli Televiziya və  Radio Şurasına əlavə səlahiyyətlər verilməsi məsələsini müzakirəyə çıxarmışdılar. Buna təklifdən daha çox tələb demək olar. Çünki deputatlar əsəbiləşmiş kimi görünürdülər. Millət vəkili, yazıçı Hüseynbala Mirələmov, xanım deputat Elmira Axundova özəl telekanallarda yayımlanan əksər proqramların əttökən, şit, bayağı olduğunu deyiblər. Təkliflərdən biri də bu olub ki, MTRŞ-nin səlahiyyətləri artırılsın. MTRŞ-nin elə səlahiyyəti olsun ki, bəzi özəl telekanalları bağlaya bilsin. Çünki buna artıq ehtiyac yaranıb. Qeyd edək ki, millət vəkillərinin təklifi ictimaiyyət tərəfindən də dəstəklənir. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu