Toylarımızda əndazə aşılır: Məclislərə çəki-düzən vermək üçün sərt qaydalar tətbiq edilməlidir


Özbəkistan parlamenti ölkədə toy və digər tədbirlərin keçirilməsi qaydalarını təsdiqləyib. Yeni qaydaya əsasən, bu cür mərasimlər yalnız 06:00-dan 23:00-a qədər baş tuta bilər. Bununla belə, özbək hökuməti tədbirlərin bir neçə gün müddətə uzadılmasını da qadağan edib.
Məhdudiyyətlər təkcə tədbirlərlə bağlı yox, həmçinin qonaqlarla bağlı tətbiq edilib. Belə ki, toy tədbirində 200-dən çox şəxs iştirak edə bilməz, eləcə də ikili toy tədbirlərində (oğlan-qız toyu birgə olduqda) qonaqların sayının 250-yə yüksələ biləcəyi qeyd edilib. Eləcə də toy karvanında 3 yüngül avtomobildən çox minik vasitəsinin istifadəsi qadağan olunub. Toy sahibləri öz tədbirlərinə həmçinin 2 müğənni və musiqi qrupundan çox ifaçı dəvət etməsi də qadağalar siyahısında yer alıb.

Xəbəri oxuyan kimi, “əkələrdi” də, geridə qalıblar, deməyə, tələsməyək. Çünki “Bəyin oğurlanması”nda deyildiyi kimi, “bu toy ki, var, həm qəlizdi, həm də vacib”. Bizim toylar da ki, çoxdan əndazədən çıxıb. Nə başı-ayağı bilinir, nə sağı-solu. Düzdür, qadağalarla çox adam razılaşmır. Qadağaların müsbət nəticə verəcəyinə inanmırlar. Amma bu da reallıqdır ki, ölçülər aşıldıqda artıq qadağalar meydana gəlir. Bir az səmimi olaq. Toy kortejlərindən, evlənənlərdən savayı, məgər hamımız narazı deyilik?  Şadlıq saraylarının xidmətindən, toy sahibinə qiymət “oxuyanlar”ın səsinin, toyda oxuyanlardan bərk çıxmasından, dincəlmək üçün gedib, baş ağrıları ilə evimizə qayıtmağımızdan, “ağız deyəni qulağın eşitmədiyindən narazı deyilik? Toy kortejləri azmı qəza törədib faciələrə səbəb olublar? Belədə Özbəkistan Parlamentinin toy əndazələrinə çəki-düzən verməsi alqışlanmalıdır. Kaş bizdə də belə sərt qaydalar tətbiq ediləydi.    


Həvva Məmmədova: "Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Sadəcə, öz gözəl adət-ənənələrimiz itir"


Məsələyə münasibət bildirən sabiq millət vəkili əslən Qarabağ bölgəsindən olan Həvva Məmmədova toy şənliklərinin adət-ənənələrimizə zidd şəkil aldığını təəssüflə qeyd etdi:

- Qarabağ bölgəsinin camaatı yaxşı bilir ki, bizim bölgədə necə toy məclisləri keçirilərdi. Böyüyün, kiçiyin yeri bilinərdi. Hörmətli, sevilən xanəndələr toya dəvət edilərdi, ev sahibi qonaqların rahatlığı üçün əlindən gələni əsirgəməzdi. Milli xörəklər bişirilərdi, bir çadırda qonaqlara yemək təqdim edilərdi, digər çadırda isə xanəndələr, aşıqlar əyləşərdi, gözəl ifaları ilə toyu rövnəqləndirərdilər. Qızlar, gəlinlər incə rəqs edərdi, kişilər də kişisayağı. Təəssüf ki, son zamanlar adət-ənənələrimiz unuduldu, toylarda yeni qayda-qanunlar tətbiq edilməyə başlandı. Guya ki, müasirləşirik, avropalaşırıq. Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Sadəcə, öz gözəl adət-ənənələrimiz itir. Hələ mən israfçılıqdan, toy sahibinin çiynini necə ağır yükün altına verdiyindən danışmıram. Hər işin bir ölçüsü, əndazəsi var. Bizim toylarda artıq bütün ölçülər itib, əndazələr aşılıb. Hansısa toyda Azərbaycanın dövlət himninin səslənməsinə mən çox şad oluram. Çünki ailənin təməli möhkəm qoyulmalıdır. Amma bəzən görürsən ki, lazımsız improvizələr edilir, kiçik yaşlı uşaqlar rəqqasəlik edir, oğlanlar plov daşıyır, balaca qızlar gəlinin paltarının ətəyini tutur. Bunlar nəyə lazımdı?! Belə hərəkətlər toylarımıza yaraşmır, yersiz alınır və əks-effekt verir.

H.Məmmədova milli adət-ənənələrimizin qorunması zərurətini xüsusi vurğuladı:

- Dünya ölkələri Azərbaycanın milli adət-ənənələrinə, ailə möhkəmliyinə həsəd aparır. Qonşu dövlətlər bizim milli adət-ənənələrimizə sahiblənməyə cəhd etdikləri bir halda, biz kökümüzdən uzaqlaşmağa çalışırıq. Nə üçün biz gözəl adət-ənənələrimizdən imtina etməliyik?! Toylarda müxtəlif təbəqələrin insanları iştirak edir. Baxırsan ki, çoxu narazıdır, amma biri ağzını açıb bir söz demir, irad bildirmir. Belə fikir yaranır ki, demək, belə toy məclisləri bəyənilir. Əslində isə heç kim bəyənmir və əksəriyyət də narazı qalır. Hesab edirəm ki, adət-ənənələrimiz, xüsusən də toy, yas mərasimləri ilə bağlı geniş ictimai müzakirələr aparılmalıdır. Şadlıq evlərinə də təlimatlar verilməli, qayda-qanuna riayət etmələri tələb olunmalıdır. Şadlıq evlərinin rəhbərliyi adət-ənənələrimizin pozulmasına icazə verməməlidirlər. Amma görünür, şadlıq evləri yalnız gəlirlərini düşünür, hətta toy sahibi nəyəsə etiraz edəndə də öz daxili qaydalarına riayət olunmasında israr edirlər.

H.Məmmədova iştirak etdiyi toy məclislərində istirahət etmək əvəzinə, yorulduğunu dedi:

- İnsan toya gedir ki, yaxın qohumları ilə, dostları ilə, həmkarları ilə ünsiyyət qursun, istirahət etsin. Ancaq indiki toylarda bu əsla mümkün deyil. Bayağı mahnılar, səviyyəsiz müğənnilər, səs-küy… 

Həkim Vaqif Qarayev də çox doğru olaraq şadlıq evlərindəki səsin normanı aşmasına diqqət çəkib. O, peşəsinə uyğun olaraq, səsin insan səhhətinə ziyanından danışıb. Məni də ən çox narahat edən səsdi. Bir adamla danışa bilmirsən, ağız deyəni qulaq eşitmir. O qədər güclü səs effekti yaradırlar ki, adamın qulaqları tutulur, beyni ağırlaşır. Kondisionerlər də insanları xəstə salır. Toyda bircə onu fikirləşirsən ki, nə vaxt buranı tərk edib gedəcəksən. Dövlət orqanları bu məsələlərlə çox ciddi məşğul olmalıdır. Şadlıq saraylarına qayda-qanunlara riayət etmək tələbi qoyulmalıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu