Sərdar Cəlaloğlu: "...Əks halda dünya məhv olacaq" - MÜSAHİBƏ

"Gec-tez dünya qlobal siyasətin mahiyyətinə uyğun formalaşmalı və təşkilatlanmalıdır"



Məlum olduğu kimi ABŞ prezidenti Donald Tramp dünya liderlərini qloballaşma prosesindən imtina etməyə çağırıb. BMT Baş Assambleyasında çıxış edən Tramp ölkələrin öz daxilində milliyyətçiliyi gücləndirməsi və qloballaşma prosesini rədd etməsinin vacibliyini bildirib. O əlavə edib ki, “müdrik liderlər öz xalqını və ölkələrini birinci yerə qoymalıdırlar”. ABŞ rəhbəri vurğulayıb ki, azad dünya milli zəmin üzərində inkişaf etməlidir: “Bu amili silmək və ya başqası ilə əvəz etmək olmaz. Gələcək qlobalçılara deyil, vətənpərvərlərə məxsusdur”.

Bununla yanaşı, Donald Tramp Yaxın Şərqdə “təxribat törədən ölkələrə” qarşı sanksiyaların daha sərt olacağını da vurğulayıb. Lakin Amerika rəhbəri ümidvar olduğunu bildirib ki, Vaşinqton heç vaxt özünün güclü hərbi potensialından istifadə etməyəcək. Ağ Ev rəhbərinin qloballaşma əleyhinə danışması dünya ictimaiyyətində ciddi rezonans doğurub. Çünki ABŞ tarix boyu qloballaşmanı önə sürüb və bir sıra ölkələrin özlərini dünyadan təcrid etməsinə qarşı çıxıb. Lakin Tramp BMT-də çıxışı zamanı səsləndirdiyi ifadələrlə Vaşinqtonun əsrlik siyasətinin üzərindən qalın xətt çəkib.

Amerika dövlət başçısının təəccüblə qarşılanan bəyanatını “Şərq”ə təhlil edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bəyan edib ki, qloballaşma dünya iqtisadiyyatının əsas qanunauyğunluqlarından biridir..

 - Sərdar bəy, Tramp qloballaşma deyəndə konkret nəyi nəzərdə tutur? 

 - Qloballaşma iqtisadiyyatdan başlayır. Bilirsiz ki, iqtisadi sahə genişlənməyə meyillidir. Məsələn, bir ölkədə hansısa iqtisadi sahə müəyyən mərhələdən sonra daha da genişlənərək əlavə sferalar tələb edir. Nəticədə bir ölkədən başqa ölkəyə keçid edir. Bazar bu cür genişlənir və sərhədləri aşır. Məsələn, Beynəlxalq Ticarət Təşkilatı deyilən qlobal qurum dünya üzrə ticarəti tənzimləyir. İqtisadiyyat siyasətin alt qurumu olduğuna görə, onun genişlənməsi ilə siyasət də genişlənir. Bunun arxasınca qlobal siyasi proseslər başlayır. 

 - ABŞ prezidenti qloballaşmanı nə üçün təhlükəli görür? 

 - Qlobal siyasi proseslər indiki halda Amerikanın maraqlarına uyğun deyil. Çünki siyasətin yeni forması dünya nizamının yenidən təşkil edilməsini tələb edir. Yəni milli maraqlar arxa plana çəkirlir və ümummilli maraqlar önə keçir. Bu da Amerikanın indiki siyasətinə, xüsusən Trampın prezident seçkisi öncəsi verdiyi vədlərə uyğun gəlmir. Tramp sadəcə olaraq vədlərinə uyğun bəyanat səsləndirib. Ancaq ABŞ prezidenti başa düşmür ki, iqtisadi qloballaşma kiminsə arzusu və istəyindən asılı deyil. Məsələn, BP neft şirkətinin 450 milyon işçisi var və dünyanın 90 ölkəsində fəaliyyət göstərir. Yəni BP Böyük Britaniyaya yox, dünyaya məxsus qlobal təşkilatıdır. Eləcə də, Amerikanın enerji sektoru və Poçt-Telefon Rabitə şirkəti var ki, dünyanın 100-ə yaxın ölkəsi həmin şirkətin tabeçiliyindədir. Bu baxımdan Trampın bəyanatları populistdir və dünyada gedən prosesləri anlamamaqdır. 

 - Amerikanın “dərin dövləti” prezident Trampın fikirlərini bölüşürmü? 

 - “Dünya dövləti” anlayışı yüz il bundan qabaq ABŞ prezidenti Vudro Vilson tərəfindən irəli sürülüb və o zamandan təbliğ olunmaqdadır. Amerika özünü “dünya dövləti” kimi təqdim edir ki, bu da birbaşa qlobal dövlət deməkdir. ABŞ dövlətinin missiyası ilə Donald Trampın dedikləri biri-biri ilə ziddiyyət təşkil edir. Düşünürəm ki, Amerikada Trampın çağırışlarına ciddi yanaşmayacaqlar. Siyasi dairələri daha çox maraqlandıran öz mənafeləridir, onları popilist çıxışlar maraqlandırmır. Ola bilsin Tramp yeni dünya düzəninə keçidi müəyyən müddət ləngidə bilər. Ancaq gec-tez dünya qlobal siyasətin mahiyyətinə uyğun formalaşmalı və təşkilatlanmalıdır. Eyni zamanda BMT yenidən rekonstruksiya olunmalı və beynəlxalq yönü dəyişdirilməlidir. Əks halda dünya məhv olacaq.

 - Milli kimliyi və vətənpərvərliyi saxlayaraq, qloballaşmaq mümkün deyilmi? 

 - Vaxtı ilə Trotski ilə Lenin arasında inqilabla bağlı bir mübahisə var idi. Trotski deyirdi ki, bizə “permanent inqilab” (məxməri- red) lazımdır. Trotski “permanent inqilab”ı izah edərək deyirdi ki, bu inqilab milli maraqlarla sosial maraqları özündə ehtiva edir. Yəni o, milli maraqlara ziyan verməyən inqilaba üstünlük verirdi. Qlobalistlər də elə siyasət yeritməlidir ki, milli maraqlar ziyan görməsin. Ancaq bəzən qlobalistlər milli maraqları ayaqlar altına atırlar, çünki onlar üçün öncəlik öz maddi mənafeləridir. Məncə, qlobalizmi davam etdirməyin yeganə yolu milli maraqlarla qlobal maraqları uzlaşdırmaqdır. Əgər proses bu yöndə inkişaf edərsə, uduzan tərəf olmaz. Əksinə bütün xalqlar qazanar.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu