Əhaliyə qarşı açıq qida terroru: Xərçəngə tutuluruq

“Bir sıra iaşə obyektlərində əhaliyə qarşı açıq qida terroru həyata keçirilir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 

İqtisadçı bildirib ki, harda saxta, təhlükəli, zəhərli, xarab ərzaq məhsulu varsa, mağazalarda və iaşə obyektlərində realizə edilir: 

“Bura yeməklər, içkilər və şirniyyatlar daxildir. Belə obyektlərin çoxunda verilən ət yeməkləri tələf olmuş və ya xəstə heyvanların ətidir. Çünki bu cür ət xeyli ucuz başa gəlir və qazancı çox olur. İnsanlarımız isə zəhərlənir, xərçəng də daxil ağır xəstəliklərə tutulur. Leş mafiyası ilə iaşə obyektləri yaxından əməkdaşlıq edirlər. Yəni, bir yox çox “leş tofiqlər” var və onlar bu biznesdən yaxşıgəlir əldə edirlər. Sadəcə biri tutulub. Qida Təhlükəsizliyi Agentliyinin zəifliyi qida terrorunu daha da gücləndirir. Yəni agentliyin formal olaraq mövcud olması və cavabdeh olduğu sahədə demək olar ki heç bir ciddi iş görməməsi onların biznesini çiçəkləndirir.

QTA iaşə müəssisələrində tüğyan edən təhlükəli məhsullarla mübarizə aparmaq əvəzinə, qida sektorunda yeganə təmiz sahə olan ət satışının üstünə düşüb. Hansı ki, bu qəssablar kəndlərdən sağlam heyvanlar gətirib insanların gözünün önündə kəsir və satır”. 


Ekspert: "Saxta, keyfiyyətsiz, təhlükəli ərzaq istehsal edən, idxal edən və satanların çox ciddi cəzalandırılması lazımdır"


Ekspertin sözlərinə görə, mağazalarda kanserogen yağlar, qorxulu tərkibli konvervləşmiş qidalar, ultraximikat şirniyyatlar, saxta şirələr kafe və restoranlarda, dönərxanalarda meydan sulayır: 

“Belə bir şəraitdə QTA-nın bu sahədə ciddi tədbirlər görmək əvəzinə bütün arsenalı ilə qəssabların üzərinə düşməsi anlaşılan deyil. Deməli, kimlərsə, ət mafiyasının monopoliyasına xidmət edir. Agentlik qida sektorunda ciddi yoxlamalar aparmadığı üçün əhali ağır xəstəliklərə tutulur. Həm qida təhlükəsizliyi, həm də əhalinin sağlamlığı ciddi təhlükə altındadır. GMO məhsulların, toxumların ölkəyə idxalı, istehsalı, satışı qanunlarla qadağan edilsə də, bu məhsullar bazarda 90 faiz təşkil edir. Onların reklamı açıq şəkildə aparılır və idxalına da heç bir maneə yoxdur”. 

E.Bayramlının sözlərinə görə, güclü kimyəvi dərmanlarla yetişdirilən transgen kartofdan zəhərlənən adamlara “günvurmadan zəhərləniblər” demək çox gülüncdür: 

“Əslində vəziyyəti tənzimləmək çox asandır. Saxta, keyfiyyətsiz, təhlükəli ərzaq istehsal edən, idxal edən və satanların çox ciddi cəzalandırılması lazımdır. Bunun üçün tez-tez jurnalistlərin iştirakı ilə qəfil yoxlamalar təşkil olunmalıdır. Məhsullar laboratoriyada yoxlanmalı, standartlara cavab verədiyi halda istehsalçıya, idxalçıya və satıcıya cəza tətbiq olunmalıdır. Bunu etsələr problemi cəmi 1 aya həll etmək olar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu