“Yeni yaradılan peşə təmayüllü siniflər effektiv olmayacaq” – Səbəblər sadalandı


Kamran Əsədov: “Birincisi, ora gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də, bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə, yoxdur” 



Bakının 5 məktəbində peşə təmayüllü siniflər yaradılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumatda qeyd olunub ki, 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə yaradılan bu siniflərin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən ibarətdir.

Bundan başqa həmin siniflərdə təhsil alan şagirdlər peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanacaqlar. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

Qeyd edək ki, peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyində təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.



Təşəbbüsü dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Şərq”ə söyləyib ki, Azərbaycanda əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı ali təhsil müəssisələrində, demək olar ki, tam şəkildə həyata keçirilmir. Universitetlərimizin məzunlarının yalnız 42 faizi ali təhsilini başa vurduqdan sonra işlə təmin olunur. Bu ona görədir ki, onların bilik və bacarıqları əmək bazarının tələbinə cavab vermir:

“İlk növbədə  orta və ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bilik və bacarıqları əmək bazarının tələblərinə cavab verməlidir. Lakin göründüyü kimi, universitet məzunlarının yalnız 42 faizi  işlə təmin oluna bilir və orta ümumtəhsil məktəblərini bitirənlərin yalnız 40 faizi ali təhsil almağa gedir. 

Doqquzuncu sinifdən sonra təmayül siniflərinə bölünmə zamanı gələcəkdə ali təhsil pilləsində təhsilini davam etdirmək istəyənlərə təmayüllər var. Yəni məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək.

Birincisi, ora gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur.

Üçüncüsü də, bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə, yoxdur. Hesab edirəm ki, buna vəsait ayırmaq vaxt itkisidir”.

Ekspertin qənaətinə görə, Azərbaycanda texniki peşə təhsili sisteminə maraq aşağı səviyyədədir:

“İnkişaf etmiş ölkələrdə məzunların 40-60 faizi ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11 faizdir. Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kolleci fəaliyyət göstərir. Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23,800-dən artıq tələbəsi var.
Azərbaycanda ilkin texniki peşə təhsili sistemində bir çox problemlər mövcuddur. Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır. Digər mövcüd problemlərdən biri də  bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir. Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir.

Münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır. Bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır”.

K.Əsədov hesab edir ki, Azərbaycan tez bir zamanda əmək bazarının tələblərinə cavab verə bilmək üçün yeni və daha cəlbedici ilkin texniki peşə təhsili sistemi imici formalaşdırmalıdır:

“Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var. Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək. Yeni texnologiyaların yaradılması və enerjiyə qənaət, alternativ enerji və yaşıl texnologiya daxil olmaqla texnoloji və ekoloji istehsal tələbləri baxımından tələb olunan iqtisadi və sosial dəyişiklikləri sürətləndirən innovasiyaların təqdim edilməsi də bu addımın tərkib hissələri olmalıdır.

Tədris prosesini müasirləşdirmək üçün texniki sahə üzrə lazımi bacarıq və biliklərə malik olan daha çox müəllim yetişdirilməlidir. Səmərəsizliyin və ancaq özəl sektorun inkişafının dəstəklənməsinin qarşısını almaq üçün dövlət texniki peşə təhsili sistemi səmərələşdirilməlidir. 

Müasirləşdirmə təkmilləşdirilmiş hüquq normaları vasitəsilə müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris prosesinə, maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata keçirilməlidir.
İlkin texniki peşə təhsili sistemində çalışan əməkdaşların təkmilləşdirilmiş tədris, təkrar tədris və professional irəliləyiş proseslərindən keçmələrinə, maddi baxımdan daha yaxşı motivasiya olunmalarına, eyni zamanda texniki sahə üzrə müəllimlər üçün fəaliyyətlərinin qiymətləndirilməsi yolu ilə dərəcələr üzrə və rəqabətə əsaslanan əmək haqqı miqdarlarının yaradılmasına ehtiyac var.

Texniki peşə təhsili sisteminin dəyişməsi üçün  digər mühüm sahə maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsidir. Biz çoxmənbəli maliyyə sxemləri tətbiq etməli və təhsil müəssisələrinin özlərini maliyyələşdirməsi yolu ilə, müvafiq hökumət fondlarından və beynəlxalq dəstək proqramlarından səmərəli şəkildə istifadə edərək ilkin texniki peşə təhsili müəssisələrinin maddi-texniki təminatını qismən təkmilləşdirməklə büdcədənkənar vəsaitlərin əldə edilməsinə nail olmalıyıq”.

Müsahibimiz onu da əlavə edib ki, son məqsəd Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmaqdan ibarətdir:

“Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir.

Texniki sahədə daha yaxşı yetişdirilmiş müəllimlərin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək”.

Aydın Baxış 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu