Borçalıda soydaşlarımızın təhsilinə Azərbaycan dəstək verməlidir: KADR PROBLEMİ

Gürcüstanda təqaüd yaşına çatan müəllimlərlə bağlı yeni islahat paketi hazırlanıb. Sənədə əsasən, həmin müəllimlər öz istəkləri əsasında təqaüdə çıxa biləcək və bunun müqabilində dövlətdən birdəfəlik pul mükafatı alacaqlar.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin hazırladığı layihədə qeyd olunub ki, təqaüd yaşlı müəllimlərə təqdim olunacaq pul mükafatı onların iki illik əməkhaqqına bərabər olacaq. Pul mükafatından başqa müəllimlərin tibbi sığortası onların ömürlərinin sonuna qədər qüvvədə saxlanılacaq.

Nəzərə alsaq ki, qonşu ölkənin orta məktəblərində azərbaycanlı pedoqoqlar da çalışır. Xüsusilə, Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarındakı azərbaycanlı müəllimlərin sayı daha çoxdur. Müəllimlərin könüllü olaraq təqaüdə çıxması və qarşılığına pul alması Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı problemini daha da kəskinləşdirəcək. 

Yeni islahatın Borçalı türklərinə göstərəcəyi təsirlə bağlı Sherg.az-a danışan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, Gürcüstandakı orta məktəblərdə kadr probleminin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. 

Onun sözlərinə görə, Gürcüstan dövləti məktəblərdəki kadr problemini həll etməkdə gücsüz görünür:

“Təəssüf ki, cəmiyyət sədri olaraq zaman-zaman müvafiq dövlət qurumlarına layihələr və təkliflər səsləndirmişəm. Həqiqət budur ki, kadrların gəncləşməsinə və daha modern düşüncə ilə məktəblərdə işləməsinə ehtiyac var. Mühafizəkar və keçmiş pedoqoqlar var ki, onlar yeni tədris prosesinə uyğunlaşmaqda çətinlik çəkirlər. Onların yeni nəsillə əvəzlənməsi vacib və zəruridir. Təəssüf ki, bu istiqamətdə təşəbbüslər qarşılığını almır”. 



Zəlimxan Məmmədli: "Təhsil milli məsələdir və gənclərimizin daha savadlı olmasını həm gürcülər, həm də biz istəməliyik"


Z.Məmmədli söylədi ki, zamanında Gürcüstanda Azərbaycan və Gürcüstan universitetinin ortaq açılması, hər iki dövlətin, dilin və mədəniyyətin yaxınlaşmasına xidmət edən qurumun yaradılması təklif edilib:

“Bu gün mövcud qanunvericilikdə təqaüd yaşına çatmış müəllimlərə təqaüdə çıxmaq təklif olunur. Yəni, təqaüdə göndərilmə təklifi sırf bizə yox, hər kəsə deyilir. Beləliklə, müəllim özü seçim edir. İki illik əmək haqları isə təqaüd mükafatı kimi verilir. Bununla razılaşanlar olduğu kimi razılaşmayanalar da var. Yaşı 65-dən yuxarı olan müəllimlərin yerinin boş olması problem yarada bilər. Artıq Gürüstanın ali məktəblərini 1+4 təhsil modeli ilə qurtaran soydaşlarımız var ki, onların yeni kadr olaraq dönməsi boşluğu aradan qaldıra bilər. Məsələn, Qardabani rayonunda universitet bitirən gənc kadların məktəb direktoru səviyyəsinə qədər yüksəlməsi mümkündür. Yaxud ayrı-ayrı rayonlara gənc kadrların gəlməsi prosesi baş verə bilər”. 

Cəmiyyət sədri vurğuladı ki, Gürcüstan dövləti milli məktəblərimizi bitirmiş, amma gürcü universitetlərində təhsil alan pedoqoqlar hesabına məktəblərdəki boşluğu aradan qaldıra bilər:

“Erməni və gürcü məktəblərində də eyni proses baş verə bilər. Bunu siyasiləşdirməyi və yaxud da etnik kimliyə görə basqı kimi dəyərləndirməyi düzgün hesab etmirəm. 10 milyonluq əhalisi olan dövlətimizin imkanları ilə qonşuluğumuzda soydaşlarımızın təhsil və digər problemlərinin həll olmasına dəstəkçi olmalıyıq. Bu, Gürcüstanın daxili işinə qarışmaq deyil, leqal olaraq iki dövlətin təhsil nazirləri arasında intensiv dialoqlar və əməkdaşlıq imkanlarıdır. Bütün hallarda təhsil siyasi məsələ deyil. Təhsil milli məsələdir və gənclərimizin daha savadlı olmasını həm gürcülər, həm də biz istəməliyik. Bu istiqamətlərdə irəliləyişlərin olması gələcəkdə bəzi dairələrin ajiotaj formada qaldırdığı problemlərin həll olunmasına gətirib çıxara bilər”.
 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu