Siqareti eyvanda çəkib, hara gəldi atırlar: Rusiyadakı qadağa bizdə də qoyulmalıdır

Burada əsas məsələ qanunun icra mexanizminin düzgün qurulmasıdır



Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq. Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.

Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur.

Eyni problem ölkəmizdə də var. Məlumdur ki, eyvanda siqaret çəkilməsi təhlükəli məqamdır. Maraqlıdır, Rusiyadakı qaydalar ölkəmizdə də tətbiq oluna bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirdi ki, son vaxtlar yanğınların baş vermə səbəblərinə baxanda insanların məsuliyyətsizliyi, təhlükəsizlik qaydalarına, əsasən də yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsini görürük.

Ekspert qeyd edib ki, insanlar ən sadə yanğın təhlükəsizlik qaydalarını ya bilmir, yaxud da bilməzdən gələrək bu qaydaları kobud sürətdə pozur:

“Evlərdə xüsusən də çoxmərtəbəli yaşayış binalarında eyvanda siqaret çəkib aşağı atandan tutmuş məhəccərlərdə kabab çəkənlərə qədər rast gəlmək olar. Bu kimi hallar potensial yanğın təhlükəsi yaradır. Söndürülmədən atılan siqaretin kötüyü küləyin təsiri ilə aşağı mərtəbədə olan qonşunun pəncərəsindən içəri girə bilər ki, bunun da sonu bədbəxt hadisə ilə nəticələnər. Yaxud eyvanda kabab çəkənlər nəzərə almırlar ki, orada kabab çəkmək üçün yer nəzərdə tutulmayıb. 15-ci mərtəbədə açıq oddan istifadə etməklə yanğın təhlükəsi qaçılmaz olur”. 



Ekspert: "Yaxşı olar ki, bu kimi hadisələrə insanlar ictimai qınaqla yanaşsın"


E.Nurəliyev ölkəmizdə də qanun layihəsinin qəbul edilməsinin, belə hallara qarşı ciddi mübarizə aparılmasının tərəfdarı olduğunu dedi:

“Lakin burada əsas məsələ qanunun icra mexanizminin düzgün qurulmasıdır. Kimsə siqareti çəkib aşağı atacaq, ona nəzarət edən qurumun nümayəndəsi gələndə deyəcək mən atmamışam . Yaxşı olar ki, bu kimi hadisələrə insanlar ictimai qınaqla yanaşsın. “Öz eyvanıdır özü bilər” deyə yox. Əgər yanğın təhlükəsi olarsa, hər kəs ziyan çəkəcək. Əgər bizdə də eyvanda siqaret çəkmək , kabab bişirməyin qadağan olduğu ilə bağlı qanun qəbul olunarsa , hesab edirəm ki, buna FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq ərazi üzrə bölməsi tərəfindən nəzarət olunması məqsədə uyğun olar. O zaman qonşuların şikayəti əsasında buna nəzarət edən orqan tərəfindən inzibati cəza,cərimə və məsuliyyətə cəlb edilə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu