Dalana dirənən təhsil krediti: Problemi həll etmək elə də çətin deyil

Parlamentin bu günkü iclasında təhsil kreditləri ilə bağlı məsələ gündəmə gətirilib. Millət vəkili Qənirə Paşayeva “Təhsil krediti haqqında” qanunun qəbul olmasını təklif edib. Deputat bir çox universitetlərin yataqxanasının olmaması məsələsinə də toxunub:

“Bu il Tovuz rayonunda 15 gəncin qəbul olunduğu ali məktəblərdən imtina etməsinin qarşısını müxtəlif qurumların dəstəyi ilə almışıq.Tovuzda ən yüksək balla ali məktəbə qəbul olan gəncin atası yoxdur. Anası deyir ki, məqbul qiymətə kirayə ev tapa bilmir. Ona görə də “Təhsil krediti haqqında” qanun qəbul olunmalıdır ki, belə problemlər yaranmasın. O cümlədən ödənişli təhsil alan gənclər təhsildən imtina etmək məcburiyyətində qalmasınlar”.

Millət vəkili Vahid Əhmədov da təhsil kredtilərinin vacibliyini vurğulayıb:
 
“Hesab edirəm ki, bu qanun layihəsi üzərində işləmək olar. Təhsil kreditləri çox vacib hadisədir. Həddindən artıq müraciətlər çoxdur. Faktiki olaraq bəzi tələbələr maliyyə çətinliyi ucbatından təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”.

Ölkəmizdə təhsil kreditlərinin verilməsinin mümkün olub-olmaması ilə bağlı Sherg.az-a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. 

Ekspert qeyd edib ki, Avropa ölkələri və ABŞ, postsovet məkanında isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər:

“Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzən isə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur-1-2 faiz”. 



Kamran Əsədov: "Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir"


K.Əsədov tələbə kreditlərinin konstitutsiyanın tələblərinə zidd olduğunu da vurğuladı:

“Konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır.

Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problemli kreditora çevrilir. Yəni, hazırda Azərbaycanda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan da maarifçi kreditdir. O da özəldir və büdcəsi yoxdur. Hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Milli qəhrəman övladları, I, II qrup əlil olan gənclər, vətənin müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir. Amma bu da kredit deyil”. 

Özəl banklar tərəfindən istehlak krediti formatında tələbələrə verilən kreditlərə gəlincə ekspert bildirdi ki, onlar sadəcə reklam və cəlb edicilik üçündür:

“Təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibidir. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlər ictimai nəqliyyatda və s.yerlərdə endirimlər daxildir. Təəssüf ki, həyata keçirilən belə tədbirlər regionlarda yerləşən ali məktəb, peşə-ixtisas təhsili məktəblərinə şamil edilmir. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Amma Bakıda universitet tələbələrinə şamil edilməsi belə layihələrin çatışmazlığıdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu