Müəllimlərin işə qəbulu şəffaf aparılır

20 saylı məktəbdə biologiya müəllimi vakant yer elan edilmişdi və o məktəbi Qubanın kəndindən bir nəfər qazandı


2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub.
Təhsil Nazirliyinin məlumatına görə, onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi davam edir.

Məsələ ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu bildirdi ki, müəllimlərin işə qəbul prosesi kifayət qədər şəffaf keçirilir: 

- Yaxşı nə varsa, onu söyləmək, alqışlamaq lazımdı. Müəllimlərin işə qəbulu artıq neçə ildir ki, şəffaf aparılır. Bu sistem keçmiş təhsil naziri Mikayıl Cabbarovun vaxtından tətbiq edilməyə başlandı və bu gün də davam edir. Müəllimlərin işə qəbulu prosesi direktorların işə qəbulu kimi deyil. Təsadüfi adamları direktor təyin etmirlər. Amma müəllim işləmək istəyən sərbəst şəkildə imtahanlarda iştirak edir, topladığı bala uyğun da vakant yerlərdən birini seçir, gedib işləyir. Burada heç bir problem olmur. Müddətli, müddətsiz müqavilə bağlanmasına gəlincə, imtahanda toplanan bal kifayətdirsə, müəllimlə uzunmüddətli müqavilə bağlanır. İmtahanda toplanan bal azdırsa, təcrübəsiz  müəllimdirsə, onunla müəyyən müddətə qısa müqavilə bağlanır. Müqavilə bağlanması həm də müəllimin gələcək fəaliyyətini bir növ nəzarətdə saxlamaqdır. Tələblərə cavab verməsə, onunla müqavilə ləğv olunur. 



N.Qulamoğlu həvəsləndirmə tədbirləri olan məktəblərə işə qəbulun imtahansız keçirilməsinin daha düzgün olacağını dedi: 

- Bir halda ki, həvəsləndirmə tədbirləri olan məktəbdir, daha burada imtahan nəyə lazımdır. Belə məktəblər ucqar yerlərdə, rayon mərkəzindən 30 km. aralı məsafədə yerləşən, müəllim qıtlığı olan məktəblərdir. Belə məktəblərə imtahansız qəbul olmalıdır. İmtahan varsa da suallar asan qoyulmalıdır. Bəzən olur ki, təcrübəli müəllim başqa məktəbdə çalışmaq üçün imtahan verir, əgər vakant yerlər elan olunubsa, bu zaman da şəffaflıq təmin edilir. Sizə bir misal deyim, paytaxtda kifayət qədər tanınan 20 saylı məktəbdə biologiya müəllimi vakant yer elan edilmişdi və o məktəbi Qubanın kəndindən bir nəfər qazandı. Yəni belə hallar olur, hansısa orta məktəbdə ya müəllim çatışmır, ya da müəllim yaş həddinə görə işdən çıxmış olur, o zaman vakansiya elan edilir və imtahanlarda daha yüksək nəticə göstərən işə qəbul edilir. Ümumilikdə, müəllimlərin işə qəbulu prosesi qaneedicidir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu