"Müxalif siyasətçilərə münasibət dəyişib" - MÜSAHİBƏ


Nizami Cəfərov: "Proseslər göstərir ki, iqtidar-müxalifət düşərgəsində yaxınlaşma meyli var"

Dünyanın müxtəlif yerlərində bəzi gənclərdən Azərbaycana qarşı istifadə olunur. Bunlar da zamanla həllini tapacaq

Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Şərq”in suallarını cavablandırıb. Akademiklə bu yaxınlarda “Şöhrət” ordeni ilə təltif edilməsi, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, hazırkı ədəbi mühitdəki durum, ölkəmizdə rusdilli məktəblərin sayının artması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, iqtidar-müxalifət dialoqu və başqa məsələlər ətrafında müzakirə apardıq. 

- Bu yaxınlarda “Şöhrət” ordeni ilə təltif edildiniz. Təbrik edirik! Bu necə hissdir, bu ordenə layiq görülmək üçün nələr etmək və ya nələrdən keçmək gərəkir? 

- Əlbəttə, çox yaxşı hissdir. Əməyimi yüksək qiymətləndirdiyi üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, hər hansı bir işi görmək üçün öncə insan özündə məsuliyyət hiss etməlidir. Sənə aid olan missiyanı gücün daxilində ardıcıl olaraq yerinə yetirməlisən. Xidmət etmək, çalışmaq, xalqını, vətənini sevmək lazımdır. Bunlar çox böyük hisslərdir.

- Sizi kitab sərgisində gördük. Bir zamanlar ölkədə kitaba marağın olmamasına dair bir düşüncə, stereotip formalaşmışdı. Sizcə, bu sərgi həmin stereotipi dağıda bildimi? 

- Əvvəlcə deyim ki, hər şey - dünyaya inteqrasiya da mədəniyyət üzərində qurulub. Bütün bunlar ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən işlərdir. Bu işi də mədəniyyət naziri Əbülfəz Qarayev yerinə yetirir. Kitabın təbliğatı məsələsi ilə bağlı həm Azərbaycanda, həm də  ölkə hüdudlarından kənarda xeyli işlər görülüb. Dünyadakı bütün kitab yarmarkalarında Azərbaycan  iştirak edir. Bu yaxınlarda Bakıda kitab mərkəzi açıldı. O mərkəzə nə zaman getsəniz, görəcəksiniz ki, gənclər ora toplaşıb, oxuyurlar. Həmin mərkəzin rəhbəri Günel Anarqızıdır. O da vəzifəsini ləyaqətlə yerinə yetirir. Onu da deyim ki, ümumiyyətlə, oxucu problemi dünyanın hər yerində var. Amma yazıçı varsa, sanballı kitablar yazılırsa, oxucu da olacaq. Sadəcə olaraq, kitaba və kitab çapına şərait yaratmaq lazımdır ki, bu poroses də gedir. 

- Gənc ədəbi nəsli izləyirsinizmi? Onlarla bağlı düşüncələriniz maraqlıdır...

- Hər halda nikbin düşünmək lazımdır. “Gənclik” jurnalı var. Hər dəfə onun səhifələrində yeni imzaya rast gəlirik. Bundan başqa gənclər “Azərbaycan” jurnalı və “Ədəbiyyat” qəzetində çap olunurlar. Yaxşı istedadlı  və obyektiv düşüncəli gənclər var. Ənənələri davam etdirən və eyni zamanda modern düşüncəli gənclər yetişib.  Amma onların yaradıcılıq və tələbkarlıq axtarışlarında peşəkarlığı bir az çatışmır. Təsəvvür edin,  istedadlı gənclər gəlir, amma istedadın təkmilləşməsinə çalışmırlar. Amma istedadlarını daha da təkmilləşdirməlidirlər. Gücüm çatan qədər oxuyuram və dəstək oluram.  Gənclərin kitabları da çap olunur. Azərbaycan Yazıçılar Birliyində gənclərlə Rəşad Məcid işləyir. R.Məcidin bu istiqamətdə çox böyük xidmətləri var. Gənclərlə oxucuların görüşü təşkil olunur. Gənclər AYB-nin strukturunda yer tuturlar. Onlara təqaüdlər verilir. Kitabları çap olunur.  Buna rəğmən bütün hallarda yaşlı nəsillə gənc nəsil arasında ədəbi zövq məsələsində polemika həmişə olub. Bu bütün dövrlərdə olub, indi də var. Sabah və ya birisi gün durub desəm ki, gəncliyin yaradıcılığı yaxşı səviyyədə deyil, bu o deməkdir ki, mən yaşlanmışam və zövqüm onların zövqündən fərqlənir. Hələlik gənclər haqqında pessimist danışmaq hələ tezdir. Yəqin 5-10 il sonra pessimist danışa bilərəm. Belə olan halda da nəzərə almaq lazımdır ki, artıq zövqlər fərqlənib və burada gəncliyin günahı yoxdur. 

- Rusdilli məktəblərin sayının artması bəzi ziyalılarımızı narahat etməyə başlayıb. Sizcə, bu, problematik haldırmı? 

- Bu məsələlər çox müzakirə olunur. Rusdilli məktəblərin sayının artması daha çox praktik proseslərlə bağlıdır. Çünki Rusiya bizə qonşu olan ölkədir. Biz Rusiya bazarında maraqlıyıq. Həm də bizim ənənəmiz var axı. Rus dili Azərbaycan dilindən daha geniş yayılıb. Azərbaycan dili hələlik o səviyyədə deyil. Biz də çalışırıq ki, Azərbaycan dili də beynəlxalq səviyyəli dil olsun. Amma başqa bir problem odur ki, ingilis dili bizim ünsiyyət prosesinə daxil ola bilmədi. Yəni rus dilini əvəz edə bilmədi. Bizə yaxın olan bazar Rusiya bazarıdır. Bütün hallarda Azərbaycanda Azərbaycan dilinin qarşısına heç bir dil keçə bilməz. Azərbaycan dili inkişaf edir. Dünyanın ən inkişaf etmiş 25 dili sırasındadır. Güman edirəm ki, rus dili ilə bağlı vəziyyət  ötəri prosesdir. Rus dilini öyrənməsək Rusiya bazarını itirə bilərik. Amma təbii ki, ingilis dilinin öyrənilməsi də vacibdir. Bütün hallarda Azərbaycanın dövlət siyasəti onu təsdiqləyir ki, Azərbaycan dili bizim əsas, ana dilimizdir. Azərbaycan dilini mühafizə edən çoxlu şərtlər var. Ölkə başçısı dilimizin saflığının qorunmasına dair sərəncam imzalayıb. Ölkə daxilində, dövlət orqanlarında  Azərbaycan dilində danışılır və başqa cür də mümkün deyil.

- Nizami müəllim, bir az da siyasi məsələlərdən söhbət açaq. İllərdir, Dağlıq Qarabağ münaqişəsi həllini tapmır. Siz bu məsələnin həllini nədən görürsünüz? 

- Hamımız artıq Dağlıq Qarabağ problemi ilə bağlı mütəxəssisə çevrilmişik. Hadisələrin necə baş verdiyini hər kəs bilir. Ümummilli liderimiz çox böyük siyasət həyata keçirdi. Dağlıq Qarabağ məsələsini beynəlxalq müstəviyə çıxardı. Bu, regional münaqişə kimi də qala bilərdi. Amma ulu öndər məsələni beynəlxalq miqyasa çıxardı. Bu müddət ərzində də münaqişənin həlli ilə məşğul olunur. Ayrı-ayrı ölkə parlamentlərinin qəbul etdikləri qərarlar da bunu göstərir. Güman etmirəm ki, bu məsələni birbaşa hərb yolu ilə həll etməkdən başqa çarə qalmayıb. Düzdü, Azərbaycan ordusu da öz gücünü göstərib. Düşmənə gücümüzü aprel döyüşlərində  göstərdik. Mən elə bilirəm ki, münaqişə sülh yolu ilə həll olunacaq. Konfliktin sülh yolu ilə həll olunması uğrunda da qəribə müharibə gedir. Hər halda bu müharibədə qalib gələcəyik. Paşinyan kimi avantüristlər  Ermənistan tərəfinə heç bir uğur gətirmir. Dünyada da ağıllı adamlar, siyasilər var. Bütün proseslər bizim xeyrimizədir. Güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunacaq.
 
- Ötənlərdə iqtidar-müxalifət dialoqu baş tutdu. Bu dialoq hansı zərurətdən irəli gəldi? 

- Ölkəmizlə bağlı xarici avantürist meyillərin meydana çıxmasına baxmayaraq Azərbaycanda yürüdülən siyasət budur ki, iqtidar-müxalifət polemikası sağlam şəkildə aparılsın. Bunu ilk növbədə Azərbaycan hakimiyyəti istəyir. Dəfələrlə müraciətlər olub. Bu prosesi ümummilli lider Heydər Əliyev başladıb, hazırkı ölkə başçısı cənab İlham Əliyev də uğurla davam etdirir. Mətbuata, müxalifət mətbuatına, eləcə də  müxalif siyasətçilərə münasibət dəyişib. Müxalifət də öz obrazını yaratmalıdır, dağıdıcılıqla məşğul olmamalıdır. Son proseslər göstərir ki, hər iki düşərgədə yaxınlaşma meyli var və bu, ölkəmizə xeyir gətirəcək. İqtidar-müxalifət münasibətləri yeni mərhələyə qədəm qoyub. Ölkənin taleyi məsələsində vahid mövqedən çıxış edilməlidir. Başqa şərtlər var. Dünyanın müxtəlif yerlərində bəzi gənclərdən Azərbaycana qarşı istifadə olunur. Bunlar da zamanla həllini tapacaq. Onlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilməyəcəklər. 

- Bu günlərdə sabiq TQDK sədri Vurğun Əyyubu itirdik. Siyasi mövqeyindən asılı olmayaraq hər kəs ona rəhmət diləyərək üzüldüyünü ifadə etdi. Sizcə, cəmiyyətin öz ziyalısına bu cür dəyər verməsi nəyin göstəricisidir? 

- Əvvəla, Allah Vurğuna rəhmət eləsin. O, yaxşı ziyalı idi, təmkinli adam idi. O da filoloq idi. Əvvəllər müxtəlif vaxtlarda münasibətlərimiz olub da, olmayıb da. Onun yaxşı məqalələri var. Tədqiqatçı kimi də yaxşı idi. O, başını siyasətə qatmasa idi, yaxşı alim olardı. O, siyasətçi deyildi. Yenə deyirəm, siyasətə çox qarışmasa idi, çox böyük bir alim də ola bilərdi. Bununla yanaşı onun da xidmətləri olub. Gənclərimiz o cür ziyalılardan ibrət götürməlidirlər. Bəzən ziyalılarımız siyasətə gedirlər və siyasətdə özlərini itirməli olurlar. O mənada ki, görə biləcəkləri işləri görə bilmirlər. Vaxt itirirlər. Müəyyən məsələlərdən başları çıxmır. Ona görə də istedadları boş-boş işlərə sərf olunur. 



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu