Biabırçı Yerevan sammiti: Ermənistan da, Paşinyan da rüsvay oldu

Bu günlərdə Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti baş tutdu. Əgər buna tədbirin baş tutması demək olarsa... Çünki sözügedən sammit həm Ermənistanın, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü göstərdi. Sammit Paşinyanın fiaskosu ilə yadda qaldı desək yanılmarıq. 

İlk öncə onu qeyd edək ki, tədbirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və qısa da olsa görüşün olması xahişi edilib. Əslində isə, protokol qaydalarına görə, zirvə görüşünə ev sahibliyi edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. 

Məsələn, ortada dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi var. Belə tədbirlərdə Azərbaycan Prezidenti dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirir ki, dediklərimiz əyani şəkildə təsdiqlənir. 



Amma təəccüblü deyil ki, Putinlə Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisi sayılmalıdır. 

Xatırladaq ki, bundan öncə də Amerikaya səfəri öncəsi Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi.

Bütün bunların, Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf idir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir.
Bununla yanaşı, Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər,  və s. ilə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. 

Amma Azərbaycan rəhbərinin dünyada nüfuzlu siyasi xadim kimi qəbul olunmasına baxaq. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq beynəlxalq tədbirlərə dəvət olunur, dünyanın aparıcı ölkələrinin liderləri ilə görüşlər keçirir, müzakirələrə qatılır. Elə bu günlərdə cənab Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunması və çoxsaylı yüksək səviyyəli görüşlər keçirməsini göstərmək olar.
Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. 

Qeyd edək ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb.

Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. 

Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar.  Hazırda keçirilən tədbir də də bir neçə ölkənin rəhbəri iştirak edir.  

Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

Ortaya belə nəticə çıxır ki, Paşinyanın nüfuzsuzluğu özü ilə yanaşı, işğalçı dövlətini də dünyada biabırçı duruma salmaqdadır. 

Analitiklər də belə qənaətdədirlər ki, Paşinyan dünyada qəbul olunmayan, küçədən siyasətə gəlmiş, təsadüf nəticəsində özünü ölkə rəhbəri postunda tapmış qeyri-ciddi şəxsdir. Beynəlxalq aləm onu siyasətçi kimi ciddi qəbul etmir. 



Politoloq: "Təsəvvür edin belə ciddi tədbirə ev sahibliyi edən bir ölkənin rəhbərini qonaqlar sayıb görüşmək istəmir"


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Sherg.az-a Avrasiya İqtisadi İttifaqının sammitinin Yerevan üçün uğursuzluğunun səbəbini açıqlayıb. Analitik bildirib ki, tədbirin əvvəlcədən də Ermənistan üçün rüsvayçılıqla yadda qalacağı bilinirdi: 

“Çünki, əvvəldən rəsmi Moskvadan açıqlama verildi ki, Yerevana bir neçə saatlıq səfər edəcək Rusiya Prezidentinin Paşinyanla görüşü nəzərdə tutulmayıb. Bu, o anlamı verir ki, Putin Yerevanda keçirilən sammitə “xala xətir” qatıldı. Təsəvvür edin belə ciddi tədbirə ev sahibliyi edən bir ölkənin rəhbərini qonaqlar sayıb görüşmək istəmir. Paşinyan üçün bundan biabırçı nəticə ola bilməz. Sonra Yerevan diplomatik vasitələrlə dəridən-qabıqdan çıxaraq sammit çərçivəsində Putinlə bir neçə dəqiqəlik görüş ala bildi. Halbuki, belə görüşlər geniş tərkibdə, təkbətək keçirilir, ölkələr arasında müzakirələr aparılır. Amma Yerevanda bu baş vermədi. Görünən odur ki, Ermənistanı və Paşinyanı beynəlxalq güclərdən əlavə, hər zaman bu ölkəyə dəstək olan Rusiya belə ciddiyə almır. Hətta Putinin Rusiya səfirliyinə keçmiş prezident Robert Koçaryanın arvadını çağırması, onunla görüşməsi, Paşinyanın sayılmadığının bariz nümunəsidir”. 

Q.Hüseynli dünyada nüfuzlu siyasət xadimi olan Azərbaycan Prezidentinin Ermənistanın nüfuzsuz rəhbəri Paşinyanla müqayisəsinin qüsurlu olduğunu qeyd edib: 

“Cənab İlham Əliyevin dünyada nüfuzu, çəkisi, söz sahibliyi hara, Paşinyanın qeyri-ciddi, küçə adamı kimi qəbul edilməsi hara... Bunun müqayisəsinin qətiyyən əleyhinəyəm. Cənab prezidentimizin beynəlxalq tədbirlərdə qarşılanması, görüşlər üçün dəvətlər alması bunun bariz nümunəsidir. Eyni zamanda Bakıda keçirilmiş bir çox tədbirlərin yüksək səviyyədə təşkili, ölkə başçımızla gələn nüfuzlu qonaqların görüşə can atması faktları var. Bütün bunlar Qafqazın lider ölkəsi kimi Azərbaycanın və onun rəhbərinin beynəlxalq aləmdə yüksək qəbul edilməsi deməkdir”. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu