"Heç vaxt istəmərəm ki, Azərbaycan Suriya və Livana çevrilsin" - MÜSAHİBƏ

Novella Cəfəroğlu: "Hazırda vəziyyət elə bir məcraya gəlib çıxıb ki, insanlar biri-birinə nümayişkaranə şəkildə ana-bacı söyüşü söyür"

Dialoq təkcə iqtidar-müxalifət arasında yox, müxalifət-müxalifət və iqtidar-iqtidar arasında da aparılmalıdır. Bütün insanları dialoqa cəlb etmək lazımdır


Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Şərq”ə danışıb. Onunla girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı son vəziyyət, Azərbaycanda qadın hüquqlarının qorunması, ailə institutunu zəiflədən səbəblər, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, iqtidar-müxalifət dialoqu, sosial mediada aparılan söyüş kampaniyasının şiddətlənməsi, ölkədə kitaba olan marağın artması, ölkəmizdə rusdilli məktəblərin sayının artması, bunun ziyanlı tərəfləri və sabiq TQDK sədri Vurğun Əyyubun vəfatının böyük rezonans doğurması və s. məsələlər ətrafında ciddi müzakirə apardıq. 

- Son günlər girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılması məsələsi gündəmə gəlib. Sizcə, nə kimi addımlar atmaq lazımdır ki, bu proses tez bir zamanda reallaşsın?   

- Biz bu barədə beynəlxalq təşkilatlara da yazmışıq. Bu məsələni diqqətdən kənarda saxlamaq olmaz. Bu insanlar öz torpağında gəzirdilər. Ermənistana keçməmişdilər. Heç kəs demir Qarabağ Azərbaycanın torpağı deyil. Onlar açıqca deyirlər ki, biz ora anamızın qəbrini ziyarət etməyə getmişdik. Mən hesab edirəm ki, onları buraxacaqlar. Bu məsələ belə qalmayacaq, qala da bilməz. Onlar günahsızdırlar. Dərhal azad olunmalıdırlar. Onlar öz vətənlərinin torpaqlarında tutulublar.

Bütün hər kəsin fikrini bu məsələyə yönəltmək lazımdır. Televiziyalar, qəzetlər, digər KİV-lər bu barədə hər gün yazmalıdırlar. Problem hər an diqqətdə saxlanmalıdır. Girovlarla bağlı hökumətimiz müraciətlərini edir. Girov götürülən vətəndaşlarımızla əlaqədar məsələni müntəzəm olaraq müzakirə edirik. Girovlarımızla bağlı hökumət strukturları da məşğul olur. Çalışmalıyıq ki, vətəndaşlarımızı güclü bir şəkildə müdafiə edək. Belə məsələlərdə iqtidarlı müxalifətli hər kəs birləşib, eyni hədəfə vurmalıdır. 

- İqtidar və müxalifətdən söz düşmüşkən, bu yaxınlarda adıçəkilən düşərgələr arasında dialoq baş tutdu. Bu görüşdə siz də işirak edirdiniz. Gözləntiləriniz nədir?

- Dialoq sona kimi davam etsə, bunun olduqca böyük əhəmiyyəti olacaq. Hazırda vəziyyət elə bir məcraya gəlib çıxıb ki, insanlar biri-birinə nümayişkaranə şəkildə ana-bacı söyüşü söyür. Bunu da adi hal kimi dəyərləndirirlər. Belə vəziyyət Azərbaycan mühiti üçün qəbulolunmazdır. Bu nə bizim dünya görüşümüzə, nə mədəniyyətimizə, nə də mentalitetimizə yaraşır. Əvvəllər nə iqtdarda, nə də müxalifətdə belə söyüş söyənlər vardı. İqtidarla-müxalifət arasında qarşılıqlı ittihamlar var idi, amma söyüş yox idi. Bu gün isə müxtəlif siyasi mənsublu insanlar bir-birinə qarşı təhqir və söyüşlər yağdırırlar. Bunun qarşısını almaq üçün belə dialoqlar mütləqdir. Dialoq təkcə iqtidar-müxalifət arasında yox, müxalifət-müxalifət və iqtidar-iqtidar arasında da aparılmalıdır. Bütün insanları dialoqa cəlb etmək lazımdır. 

- Başqa nə etmək gərəkir ki, bu söyüş kampaniyasının qarşısı alınsın? 

- Millətimizə təlqin etmək lazımdır ki, qlobal məsələləri qoyub, xırda işlərlə məşğul olmasınlar. Biri-birini təhqir etməklə, lənətləməklə nəyi düzəldə bilərlər axı? Heç zaman istəmərəm ki, Azərbaycan Suriya və Livana çevrilsin. Bunu qətiyyən arzulamıram. İstəyirəm ki, Azərbaycanda demokratik bir mühit yaransın. İsanlar bir- birinə hörmətlə yanaşsın. İnsanlar seçkilərə böyük həvəs və hörmətlə getsinlər. Bunları arzu edirəm. Mən nə iqtidara qulluq edirəm, nə də müxalifətə. Yalnız Allaha qulluq edirəm. Bütün gəncləri, insanları, dəyərlərimizi, Azərbaycanımızı, Azərbaycan dövlətçiliyini qorumağa çalışıram. Şanlı Azərbaycan bayrağının qədrini bilmək lazımdır. 3 tərəfdən düşmənlə həmsərhədik. Bunu düşünmək lazımdır. 

- Söyüş kampaniyası daha çox sosial media üzərindən aparılır. Nəzərə alsaq ki, sosial mediaya nəzarət etmək çətindir, belə olan halda prosesə kim, necə və hansı vasitədən istifadə edərək “dur” deyə bilər?

- Bu məsələnin həlli ondan keçir ki, sosial mediada saxta profil açıb, söyüş söyən adamın profilini  bloklasınlar. Söyüş söyəni bütün millət bloklasın. Söyüş söyən  adamları tapın onların fotosunu televiziyada pis örnək kimi göstərmək olar ki, digərləri bu vəziyyətdən ibrət dərsi götürsünlər. Belə düşünürəm. Bizim Dağlıq Qarabağ kimi problemimiz var. Hər kəs bu münaqişənin həllinə töhfə verə biləcək işlə məşğul olmalıdır. Hər kəs icra etdiyi vəzifədə dürüst və vətənpərvər olmalıdır.  

 - Dağlıq Qarabağ münaqişəsinə toxundunuz. Bu problemin həlli yolları barədə nə düşünürsünüz? 

- Ritorikanı dəyişməliyik. Televiziya və radio vasitəsilə insanlara səslənməliyik ki, bu gün Azərbaycan dövlətçiliyini qorumaq, Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünməliyik. Bütün düşüncələr buna fokuslanmalıdır. Mənim millətim öz evində, öz torpağında yaşamalıdır. Beynəlxalq təşkilatlara müraciətlərdə insan faktorunu önə çıxarmalıyıq. Onlardan tələb etməliyik ki, mənim millətim öz torpağında yaşamalıdır. Amma erməni separatçıları mənim xalqımı öz torpağından didərgin salıb. Torpaqlarımızın 20 faizini işğal edib. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Bunu bütün dünyanın diqqətinə çatdırmalıyıq. 

- Bəzi ziyalılar Azərbaycanda rusdilli məktəblərin sayının çoxalmasından ciddi narahatdırlar və bunu təhlükə kimi qiymətləndirirlər... 

- Birincisi, ölkəmizdə rusdilli məktəblərin sayı azalıb. Ziyalılarımızdan xahiş edirəm ki, ziyalılar millətin gövhərləridir. Onlar birləşib bu millətə gün ağlasınlar. Bu gün insanların qəbul etdiyi ziyalılar Azərbaycan və dövlətçilik naminə birləşməlidirlər. Yığışıb millətə öz tövsiyələrini verməlidirlər. Milləti başlı-başına buraxmaq olmaz. Ziyalılar xalqla hökumət arasında körpü rolunu oynamalıdırlar.

- Son vaxtlar feminizm məsələsi ölkəmizə də ayaq açıb. Sosial medianın Azərbaycan seqmentində bu barədə geniş şəkildə müzakirələr aparılır...

- Feminizm qadınların hüquqlarının qorunması deməkdir. Baxın, Azərbaycanda yüksək vəzifələrdə çalışan xanımların sayı azdır. Dövlət strukturlarında çalışan xanımların sayı azlıq təşkil edir. Vəkil qadınların sayı azdır. Parlamentdə cəmi 19 qadın deputat var. Halbuki qadın deputatlarla kişi deputatların sayı yarıbayarı olmalıdır. Niyə bir nəfər qadın nazir yoxdur ? Niyə olmamalıdır.

- Amma qadın müəllimlərin sayı kişilərdən dəfələrlə çoxdur?

- Bu da pis haldır. Kişi müəllimlərin sayı çox olmalıdır ki, oğlan uşaqları daha yaxşı tərbiyə olunsun. 

- Ailəli qadınların yad kişilərə qoşulub qaçması halları da artıb. Səbəb nədir ? 
- Səbəblər ailədəki boşluqlar və çatışmazlıqlardır. Bəzi kişilərdə öz ailələrindən ayrılmaları halları da çoxalıb. Son vaxtlar cəmiyyətdə rast gəlinən hər iki növ xoşagəlməz olayın motivləri biri-birlərinə bənzəyir.

- Ölkəmizdə məhkəmə-hüquq islahatları həyata keçirilir. Prosesin icrasını necə dəyərləndirirsiniz?
- Bütün islahatlar vacibdir və öz axarında davam edir. Bəzi adamlar var ki, ölkəmizdə hərc-mərclik yaradaraq o islahatlara mane olmaq istəyirlər. Buna imkan vermək olmaz. Ziyalılar bu vəziyyəti dəyərləndirib, körpü yaratmalıdırlar.
- Ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Orada yaranan izdiham xoş təsir bağışladı... 
-Azərbaycan xalqında olan intellektual potensial başqa ölkələrdə yoxdur. Nəinki postsovet, heç Avropada da yoxdur. Bunu əminliklə deyirəm. Çünki mən rayonlarda oluram, xalqın içərisindəyəm, əhali ilə işləyirəm. Bizim xalq həmişə kitabsevər olub, indi də kitabı sevir. Əlbəttə, belə yarmarkaların təşkili kitaba olan marağı daha da artıracaq. Bunu əminliklə deyirəm. 

- Ötən günlərdə Vurğun Əyyubu itirdik. Allah rəhmət eləsin! Onun itkisi siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsdə məyusluq hiss yaratdı. Sizcə, V.Əyyubu bu qədər sevdirən hansı xarakteri idi?  

- Vurğun bəy, olduqca böyük ziyalı idi. Çox ləyaqətli adam idi. Ona pislik edənlərə də, sərt münasibət göstərmirdi. Ləyaqətli insanlar cəmiyyətdə həmişə hörmət qazanır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu