Deputatdan REAKSİYA: “Lavrov növbəti dəfə Paşinyana həddini göstərirdi, amma...”

Sahib Alıyev: “...O, əsla Qarabağ probleleminin həllinin tezləşdirilməsinin tərəfdarı kimi çıxış etmirdi”
 

  Xarici İşlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsindən söz açıb. O, bildirib ki, son dövrlər təmas xəttində sakitlikdir və insidentlər azalıb. Rusiya XİN başçısı qeyd edib ki, həlak olanların meyitləri mübadilə olunub.

“Hazırda saxlanılan şəxslərin də mübadiləsi üçün hazırlıq gedir. Çox az sayda olsa da, bu prosesə start verilib”, - deyə S.Lavrov əlavə edib. Bölgədə vəziyyətin sakit olduğunu vurğulayan S.Lavrov onu da bildirib ki, buna baxmayaraq, siyasi proses dayanıb. “Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.

Nazir bəyan edir ki, Rusiya Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün Rusiya əlindən gələni edəcək. S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) yaxından izlədiyini  də qeyd edib.

S.Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatını da tənqid edib:

“Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Amma biz həmsədrlər sülh üzərində işləyirik. Biz istəyirik ki, dəfələrlə müzakirə olunan əsas prinsiplər əsasında həll yolunu tapaq”.

S.Lavrovun açıqlamasına münasibət bildirən millət vəkili Sahib Alıyev “Sherg.az”a bunları söyləyib:

“Sergey Lavrovun Nikol Paşinyanın "Qarbağ Ermənistandır",- deməsini Albaniyanın baş nazirinin "Kosovo Albaniyadır" sözləriylə eyniləşdirməsinin arxasında dayanan reallıq heç də yenilik deyil. Kremldəkilər Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi görmürlər və görmək də istəmirlər.
Ola bilər ki, hayların özlərinə də bəlli olan bu reallığı açıq şəkildə dilə gətirməklə Rusiyanın xarici işlər naziri növbəti dəfə Ermənistanın baş nazirinə həddini göstərirdi. Amma o, əsla Qarabağ probleleminin həllinin tezləşdirilməsinin tərəfdarı kimi çıxış etmirdi. Əgər o, problemin tezliklə çözülməsini və Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəsəydi, onda "Rusiya Qarabağda yenidən döyüşlərin baş verməməsi üçün əlindən nə gəlir edəcək",-söyləməzdi. Deyərdi ki, Rusiya regionda savaş təhlükəsinin aradan qalxması üçün Ermənistandan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb edir”.

Parlamentari hesab edir ki, Nikol Paşinyana görə, Rusiyanın Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanlışdır:

Bu problemin ədalətli çözümü ancaq və ancaq Azərbaycanın dayanmadan güclənməsindən, ölkədəki sabitliyin daha da möhkəmlənməsindən, əmin-amanlığı artmasından, böyük dövlətlər o sıradan da Rusiya illə qarşılıqlı maraq üzərində qurulan əməkdaşlığın dərinləşməsindən, genişləndirilməsindən, Ermənistanın isə bütün cəbhələrdə davamlı təzyiq altında saxlanmasından keçir ki, cənab Prezidentin yeritdiyi və yürütdüyü siyasət də elə budur”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu