Pullarımızı "yeyir" - Ödəmə aparatlarına inam qalmayıb

Milli ÖN aparatlarına etibar qalmayıb. Vətəndaşlar hansısa bir işlə bağlı ödəmə həyata keçirmək istədikdə super-marketlərdəki ödəmə aparatlarına yaxınlaşırlar. Yaxud da “dədə-baba qaydası” ən etibarlısıdır, deyib, poçt xidmətindən istifadə edirlər. Çünki Milli ÖN aparatları nə qədər vətənadaşın pulunu “yeyib”. Aparata keçirilən pulu da geri qaytarmaq mümkün olmayıb.

Redaksiyamızla əlaqə saxlayan bir nəfər bildirdi ki, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında, "Nənəmin təndiri" ilə üzbəüz ərazidə qoyulmuş Milli Ön aparatına 100 manat ödəyib, lakin aparat “donub”, ödəmənin həyata keçdiyini təsdiqləyən heç bir qəbz verilməyib, nəticədə əlvida “100-lük”.      
Vətəndaş *0010 nömrəsinə zəng edib və ona pulunun qaytarılacağını deyiblər.  Lakin hələ də pulunu geri ala bilməyib. Ödəmənin reallaşdığı da vətəndaşa bildirilməyib.

Bənzər hallar metroda da yaşanır. “BakıKart”a gediş yükləmək üçün aparata pul daxil edilir, bir də görürsən, pul ilişdi qaldı aparatda. Metropoliten işçisinə yaxınlaşırsan ki, gediş haqqı yükləmək mümkün olmayıb. Deyirlər, “20 Yanvar”a get. İşə tələsən adam “20 Yanvar”a 30 qəpik davası “döyməyə” getməlidir? Bəzənsə ödəmə aparatları əhali məskunlaşması ilə uyğunluq təşkil etmir. Əhali sıxlığı yaşanan qəsəbələrdə ödəmə aparatları tək-tük qoyulduğundan tez dolur və ödəniş daha qəbul etmir. Vətəndaşlar da sərgərdan qalır. Səhər evdən çıxan birisi karta gediş haqqı yükləyə bilmədiyindən ictimai nəqliyyatdan istifadə edə bilmir.   

Milli ÖN aparatları ilə bağlı yaranan bu vəziyyəti yoluna qoymaq mümkün deyilmi? Bunun həlli mexanizmini tapmaq bu qədərmi çətindir? 



Eyyub Hüseynov: "Bu tip aparatlar əhalinin rahatlığı üçün nəzərdə tutulursa, əsəb mənbəyinə çevrilməməlidir"


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq.az”a açıqlamasında nəzarət edəcək qurumun mütləq olduğunu, lakin əhalinin bundan bixəbər qaldığını dedi: 

"Məncə, nəzarət edən qurum var. Lakin mexanizm elə qurulmalıdır ki, problemlər asan yolla, yerində həll edilsin. Vətəndaş metroda gediş kartının balansını artırmaq istəyir, aparat pulu alır, amma balansı artırmaq mümkün olmur, nəzarətçi deyir, “20 Yanvar”dakı mərkəzə gedin. Vətəndaş işini-gücünü buraxıb, zamanını sərf edib, pulun ardınca düşməlidir? Bu məsələlər gərək yerindəcə həllini tapsın, vətəndaş narazı qalmasın. Bilirsiz, oxşar problemlər bütün dünyada yaşanır. Müasir texnologiyaların tətbiqi genişləndikcə, istehlakçıların aldadılması çoxalır. İnsanların aldadılması texnoloji inkişafla paralel addımlayır. Mənim başıma belə iş Nyu-Yorkda gəlib. Avtobusa bilet almaq üçün 20 dollar yükləmək istəmişəm, aparat bilet verməyib. Tək bizdə deyil, hər yerdə belə hallar olur. Çox təəssüf. Amma bu tip aparatlar əhalinin rahatlığı üçün nəzərdə tutulursa, əsəb mənbəyinə çevrilməməlidir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu