Bakıda niyə tez-tez yol çökür? - Dəqiq araşdırma aparılmalıdır

Paytaxtda yolların çökməsi nadir hadisə sayılmaz. Vaxtaşırı hardasa yol çökdüyü xəbərlər yayılır. Bir neçə gün əvvəl Binəqədi-Novxanı avtomobil yolunda da belə hal yaşanmışdı. Azərsu ASC-ə məxsus su borusunda qəza baş verdyindən, su yolu yuyub aparmış, nəticədə yolun ortasında böyük çuxur əmələ gəlmişdi. Məsələ burasındadır ki, belə hadisələr zamanı rəsmi qurumlar adətən bir-birini suçlamaqla məşğul olur. Biri deyir, su borusu çəkiləndə yolu zədələyiblər, o biri deyir, yox, su boruları yollarımızı xarab edir. Paytaxt sakinləri isə hansısa yol təmir edilərkən asfalta yamaq vurulduğunun şahidi olurlar, bir müddət keçəndən sonra isə  yamağın dağılır və yenə əvvəlki vəziyyət yaranır.

Nə işdisə, hətta ən keyfiyyətli beton yollar da bizim ayaqlarımıza dözmür. Ya avtomobillərin təkərləridir yolları xarab edən, ya da səliqəli addımlaya bilmirik. Üçüncü səbəb də ola bilər. Bəlkə yolları keyfiyyətli və qaydalara riayət etmədən çəkirlər?   



Fərhad Eyyubov: "Abşeron yarımadasında elə yerlər var boş süxurlardır, yuyulmaya meyllidirlər"


Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov «Şərq»ə açıqlamasında yol çökmələrinin dəqiq araşdırma, analiz tələb etdiyini dedi:

- Hadisələr hər yerdə, ən müxtəlif zamanlarda baş verə bilər. Amma baxır, hansı səbəbdən. Səbəbsiz heç nə olmur. Yol çökməsi müxtəlif səbəblərdən ola bilir; güclü yağıntılar, torpaq sürüşməsi… Həmçinin də texniki səbəblərdən. Su borusunun partlaması, kommunikasiya xəttllərinin düzgün çəkilməməsi və sairə. İşin mənfi tərəfi budur ki, yeni çəkilmiş yollar qısa müddət sonra dağılır. Yol tikintisinə sərf olunmuş dövlət vəsaiti də nəticədə israf edilmiş olur.

Ümumiyyətlə, yol tikintisinin əsas şərtlərindən biri torpağın alt və üst qatlarında geoloji kəşfiyyatın aparılmasıdır. Bəzən yol tikintisi üçün yalnız üst qatda geoloji kəşfiyyat işləri aparılır, alt qatda eyni kəşfiyyat işlərinin aparılmasına nədənsə səhlənkar yanaşılır, məsuliyyətsizlik nümayiş etdirilir. Halbuki, hansı ərazidə yol çəkilməsi nəzərdə tutulursa, orada torpaq qatının geoloji kəşfiyyatının aparılması ən vacib şərtdir. Kəşfiyyat işləri sayəsində torpağın geoloji quruluşu öyrənilir, süxurların yumşaq, bərk, suya davamlı, davamsız olması öyrənilir. Abşeron yarımadasında elə yerlər var boş süxurlardır, yuyulmaya meyllidirlər. Əlbəttə, belə ərazilərdə yol tikintisi zamanı bunlar nəzərə alınmalı, texniki şərtlər torpaq qatına uyğun tərtib olunmalıdır.

Bəzən, ərazilərdə müəyyən möhkəmləndirmə işləri aparılır, sonra yol tiknitsinə başlanır və sairə. Əgər hansısa yolun çökməsi hava şəraiti və ya təbii fəlakətlə bağlı deyilsə (sel gəlməyib, torpaq sürüşməsi olmayıb), deməli burada texniki səbəblər var. Texniki səbəblərə görə isə konkret qurumlar məsuliyyət daşıyır və cavab verməlidirlər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu