Aqil Abbas: "Ermənilərə "Dağlıq Qarabağdan çıxın" deyən yoxdur" - MÜSAHİBƏ

 "Onlar Azərbaycan konstitusiyası və vətəndaşlığını qəbul edib, orada yaşaya bilərlər" 



Millət vəkili Aqil Abbas “Şərq”in suallarını cavablandırıb. Parlamentari ilə Prezident İlham Əliyevin Soçidəki çıxışı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Paşinyanın uğursuzluğu, Azərbaycanda ədəbi mühit və ölkəmizdə kitaba olan  marağın artması, girovların dəyişdirilməsi və s. məsələlər ətrafında maraqlı müzakirə apardıq. 

- Prezident İlham Əliyev Soçidə səsləndirdiyi “Qarabağ Azərbaycandır nida işarəsi!” bəyanatı kimlərə, hansı mesajı verdi?

- “Valday” müzakirələri dünyanın diqqət mərkəzində olan tədbir idi. Cənab Prezidentin həmin bəyanatı o tədbirdə səsləndirməsi daha böyük məna və əhəmiyyət kəs edir. Dövlət başçılarının, dünyanın aparıcı insanlarının qatıldığı bir tədbirdə,  cənab Prezident Dağlıq Qarabağ münaqişəsinə dair həqiqəti dünyanın gözünün içinə baxıb səsləndirdi. Ölkə başçısı “Qarabağ Azərbaycandır, nida işarəsi” deməklə bir daha dünyaya mesaj verdi ki, bu məsələnin başqa variantı yoxdur, ağlınıza başqa şey gəlməsin!

- İrəvanda baş tutan Avrasiya İqtisadi Birliyinin toplantısı və Ermənistanın baş naziri Nikol Paşinyanın Amerikaya səfəri onun dünya liderləri arasında heç bir nüfuzunun olmadığını göstərdi... 

- Paşinyan istədiyi qədər sərsəmləyə bilər. Onun mövqeyi Ermənistanın özünə zərbə vuracaq. Ermənistanın baş naziri danışdıqca beynəlxalq aləm onun kim olduğunu görür. Baş nazir ağzına gələni söylədikcə Ermənistanı daha ağır duruma salır. Bu da bizə sərf edir, çünki nəticədə zəifləyən düşmən ölkədir. "Qarabağ Ermənistandır" deməklə Paşinyan insanlarımızın əsəbləri ilə oynayırdı. Amma indi ona konkret yeri göstərildi. Çünki biz sübut etmişik ki, Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır, ancaq bunu pozan işğalçı Ermənistandır. Heç kəs narahat olmasın, Paşinyan bu addımlarına görə, layiqli cavabını aldı, bundan sonra da alacaq. 

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi niyə gecikir, problemin həllini tormozladan hansı ölkədir ?

- Münaqişənin həllinə mane olan ATƏT-in həmsədrləri və onların təmsil etdiyi ölkələr - ABŞ, Fransa və Rusiyadır.
Onlar işğalçı ölkə rəhbərinə qarşı bəyanat verməlidirlər. BMT, ATƏT hara baxır ki, Paşinyan bu cür açıqlamalar verir? Bu beynəlxalq təşkilatlar Paşinyanın hərəkətlərinə münasibət bildirməlidirlər. Həmsədrlər olmasa idi, istər müharibə, istərsə də sülh yolu ilə münaqişəni çoxdan həll edərdik. Həmsədrlər ermənilərin arxasından çəkilsə, məsələni sülh yolu ilə də çözə bilərik. Çünki Ermənistan onlara arxalanır. Himayədarları onların arxasından çəkilsə, ermənilər gizlənməyə deşik axtaracaqlar. Ermənilərə "Dağlıq Qarabağdan çıxın" deyən yoxdur. Onlar Azərbaycan konstitusiyası və vətəndaşlığını qəbul edib, orada yaşaya bilərlər. Hazırda Bakıda 30 min erməni yaşayır. Hamıdan da yaxşı yaşayırlar. Digər ermənilər də Qarabağda yaşaya bilərlər. Savaş yolu ilə də olsa, əvvəl-axır ərazilərimizi azad edəcəyik. 

- Lüksenburqda, “Qarabağ”ın “Düdelanj”la oyununda ermənilər növbəti təxribata əl atdılar... 

- Bu onların birinci təxribatı deyil. “Napoli” ilə oyunda da belə hal baş vermişdi. Ermənistanın bayrağını qaldırmışdılar. Belə təxribatlar olur. Amma sonuncu təxribat daha təhlükəli idi. Çünki onların stadiona göndərdiyi dronda bomba da ola bilərdi. Oranı partlada da bilərdilər və çox acınacaqlı hadisə baş verə bilərdi. Həmin adamlar cəzalarını alacaqlar.

- Aqil müəllim, illər öncə, girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılması ilə bağlı təklif vermişdiniz. Bildirmişdiniz ki, bu məsələnin həlli yolu girovların dəyişdirilməsindən keçir. Artıq bu günlərdə azərbaycanlı girovların erməni girovlarla dəyişdirilməsinə dair ümidverici xəbərlər alırıq... 

- Əlbəttə, mən o vaxt demişdim D.Əsgərov və Ş.Quliyevi erməni girovlarla dəyişdirmək ən münasib yoldur. Bunun ayrı yolu yoxdur. Beynəlxalq məhkəmə var ki? Onlar hamısı ikiüzlü məhkəmələrdir. Girovlarımızın biri Rusiya vətəndaşıdır. Rusiya isə onun geri verilməsini tələb etmir. Qanunda var ki, həmin girov Rusiyaya ekstradisiya edilsin. Girovlarımızı geri qaytarmağın çox asan yolu, girovu girovla dəyişdirməkdir.

- Aqil müəllim, bir az da ədəbi mühitə diqqət çəkək. Bu sahədə durum necədi? 

- Ədəbi mühitə yeni iddialı nəsil gəlir. Onları alqışlayıram, dəstəkləyirəm. Düzdü, içlərində istedadlıları da var, yarıtmazları da... İstedadlı uşaqlara köməklik göstərmək lazımdır. Onları istedadsızların ayağına vermək olmaz. İstedadlılar sözlərini deyirlər. Çox yaxşı da bir nəsil gəlir. Onların çoxu ilə dostam, çoxuna köməklik edirəm. Həm qəzetdə, həm saytda, həm də tədbirlərdə təbliğ edirəm. Sadəcə olaraq yeni nəslin bir çatışmazlığı var ki, bir az Avropa ədəbiyyatına  aludədirlər. Özününküləri oxumağı unudurlar. Haqverdiyevi, Mirzə Cəlili, İsmayıl Şıxlını, İsa Hüseynovu, Sabir Əhmədovu da oxumaq lazımdır. Özümüzünküləri də oxumaq gərəkir. 

- Bu günlərdə ölkəmizdə VI beynəlxalq kitab sərgisi keçirildi. Çox böyük izdiham yaranmışdı. Sizcə, bu sayaq addımlar kitaba olan marağı artıra biləcəkmi? 

- Gözəl tədbir idi. Hətta rayona yola düşməli idim, amma sırf o yarmarkaya görə getmədim. Sərgidə iştirak etdim. 1-2 saat orada oldum. 140 manatlıq kitab aldım. Vilayət Quliyevin, Rəşad Məcidin, Qismətin, Kənan Hacının kitablarını aldım. Dostlara da payladım. Son illər kitaba maraq artıb. Bu sərgidən başqa da kitab yarmarkaları təşkil olunur. Filarmoniya bağında və başqa yerlərdə də sərgilər keçirilir, millət böyük maraq göstərir və kitab alırlar.

- Bu sayaq sərgiləri rayonlarda da təşkil etmək olarmı?

- Əlbəttə olar və hətta olur da. Bu yaxınlarda Gəncədə də belə yarmarka keçirilmişdi. Böyük anşlaqla qarşılanmışdı. Ölkə boyu kitab mağazalarının sayı durmadan artır. Bu, belə də olmalıdır.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu