“Professorlar Klubu”nda Xalq şairi ilə görüş keçirilib

UNEC-in “Professorlar Klubu”nda növbəti görüş keçirilib. Görüşün budəfəki fəxri qonağı Xalq şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əziz olub.

“Professorlar Klubu”nun Rəyasət Heyətinin sədri, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov klubun fəxri qonağını salamlayaraq, ölkə rəhbərliyi tərəfindən “Xalq şairi” fəxri adına layiq görülməsi münasibətilə onu təbrik edib. Ə.Ələkbərov UNEC-dəki yeniliklər barədə qonağa məlumat verib. O, UNEC-in Nizamnaməsinin təsdiqləndiyini diqqətə çatdıraraq, nizamnamədən irəli gələn məsələlərin həlli istiqamətində professorların qarşısında bir sıra vəzifələrin dayandığını vurğulayıb.

Görüşdə professor Əvəz Ələkbərov Vahid Əziz yaradıcılığından söz açıb. Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi, üslubu olan, eyni zamanda nəğməkar şair kimi xalqın məhəbbətini qazanan Vahid Əzizin yaradıcılığında vətəninə, dövlətinə və xalqına qarşı sevginin önəmli yer tutduğunu vurğulayıb. 

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Vahid Əziz, professorlarla görüşün böyük məsuliyyət tələb etdiyi kimi, həm də xoş ovqat yaratdığını bildirib. Vahid Əziz həyat və yaradıcılığı barədə məlumat verərək, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib. Xalq şairi ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini də professorlarla bölüşüb. O, Heydər Əliyevin ədəbiyyata böyük qayğısından, şair və yazıçılara verdiyi dəyər və diqqətdən söz açıb.

Qeyri rəsmi və pozitiv ortamda keçən görüşdə Vahid Əziz şeirlərini səsləndirib. Müasir ədəbiyyatın problemlərinə də toxunan şair ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, professorların suallarını cavablandırıb.

Sonda Xalq şairi 50 illik yaradıcılığının bəhrəsi olan “Səninlə...” kitabını UNEC-in 24/7 kitabxanasına, şeirlərinə bəstələnən mahnılardan ibarət diskləri isə “Professorlar klubu”nun üzvlərinə xatirə hədiyyəsi olaraq təqdim edib.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu