Öyrətmə nə?

Cəsarət Əliyev

Öyrənmənin fəlsəfəsi, öyrənilənlər və imtahan


(IV yazı)

Öyrətmənin fəlsəfəsi öyrənənə baza bilikləri verməklə yanaşı, potensialını aşkara çıxarmaq, özü-öyrənməni, yəni asılı olmadan öyrənməni aşılamaqdır.  Sonuncu isə analitik düşünməni əldə etmədən ola bilən bir iş deyil. Biliklərin düşündürücü,  sistemli verilməsi, nəzəri biliklə məsələ həllinin bir-biriylə uğurlu bağlanması analitik düşüncənin aşılanmasının əsasını təşkil edir. Yalnız bu vaxt analitik düşüncə yiyəsi, onun öyrədən, öyrənən və ya araşdırmaçı olmasından asılı olmayaraq problemi yerinə yetirmək üçün gərək olan bilikləri toplayıb işi sona çatdıra bilər.   

Magistr bir göz qırpımında ağır formulları lövhədə yazdı. Soruşduqda isə aydın oldu ki, bilmir. Əzəbərləmişəm dedi. Danışığımız belə olmuşdu, heç kim yalan danışmamalı idi. Düz danışdığına görə isə kiməsə nə aşağı qiymət yazılır, nə də ki o, danlanılırdı. Yoxsa “Cənab 420”-də olduğu kimi bir səhnəcik alınardı: Yolda “özündən getmişi” maşına götürən cənab düzünü bildikdə onu maşından yerə atır. Cənab yerə atılana dedikdə ki, doğru danışmaq gərəkdir, cavabında - indicə doğru danışdım, məni maşından yerə atdılar – eşidir.  Birdə, hansı cəzadan söhbət gedə bilər, o ki bizim öyüddə ən böyük problemlərdən birini açıb ortalığa çıxardı. Görən belə halın, əzbərləmənin nədəni nədir? Öyrənə bilmirlər, yoxsa başqa nədən var? Bizcə çox nədənlərin içərisində ikisi əsasdır: a) biliklər gərəyincə verilmir; b)  imtahanın formatı buna gətirir. Birinci öyrətmə ilə (Təhsil nazirliyi), ikinci isə imtahanda sorğu ilə bağlıdır (DİM): sualların sayı nə qədər olmalı, hər bir sual hansı tip, analitik düşüncəyə, yoxsa yaddaşa söykənən cavab tələb edir, onlar orta məktəbdəki öyüd proqramı ilə birqiymətli bağlıdırmı. Gəlib çıxdıq həm orta, həm də ali oxuda nə və necə öyrənilir,  nəydən və necə imtahan veririlir kimi problemlərə. Faktlara üz tutaq. 
1. 90-cı illərdə orta məktəbdə dərs deməyə başlayan bir kəs danışdı ki, bir-iki dərs keçmışdim ki, dedilər direktor sizi görmək istəyir. Getdim, sözünü dedi. Amma eşitdiyimdən gözlərim alacalandı. Direktor deyirdi ki, sən neynirsən, məktəb dərs öyrətməkçün deyil, öyrətməkçün onları ayrıca pullu dərslərə yazmaq gərəkdir. Elə gecikdirmədən də, bu işdə ona çatacaq payı da vurğuladı. Lap bu yaxınlarda buna bənzər söhbət birdə təkrar olundu. Valideyn riyaziyyat müəlliminin dərsi uşaqlara yanlış öyrətdiyini görür və şikayət edir. Komissiya valideynin haqlı olduğunu təsdiq edir. Amma direktor deyir ki, yaxşı halda biz onun övladını başqa sinifə keçirə bilərik. Öyrədənə qarşı heç bir söz deyə bilmərik, o, ən yüksək balla (!) məktəbə işə gəlib.  Başqa sinifdə isə, yenə də yuxarıda danışılan olay təkrar olunur: məktəbdə heç bir öyrətmə yoxdur. Öyrətmə yalnız pullu dərslərə yazılışla ola bilər. Maraqlıdır, bu, bütün məktəblərdəmi belədir? 
2. Bakalavr pilləsində öyrənənin dediyini birdə yada salaq: “Bu dörd ildə bizi gözüqıpıq ediblər ki, siz heç nə öyrənə bilmərsiniz. Gücünüz yalnız pul verib qiymət almağa çatar”. Bu, artıq korrupsiyanın başqa bir növüdür. Tələbə ona görə öyrədilmir ki, pullu dərslərə yazılsın, ona görə ki, rüşvət verib qiymət alsın. 
3. Başqa bir hal da var. Məktəblər kvalifikasiyasız öyrədənlərlə doludur. Bu haqda birinci bənddə bir qədər danışdıq. Ali oxuda dərs keçilmirsə, onda başqa cür necə ola bilərdi ki. Biliyin yeni keyfiyyət səviyyəsində əldə edilməsi üçün bir orta məktəbdə riyazi proqramı öyrətmək qərarına gəldim və qocaman müəllimimlə söhbətləşdim ki, bu işə qoşulmağa kimləri məsləhət bilir. Eh, nə danışırsan – dedi, bir müəllim ki, direktordan xahış edə ki mənə yalnız aşağı sinifləri verin, onda belələrinə nə öyrətmək olar ki, onlar da başqalarına öyrətsin. 
Bu misallar hələ yalnız bir problemlə bağlıdır: müəllim - öyrədən, başqa sözlə insan faktoru ilə. 
4. Bakalavr pilləsində “Nəzəri astrfizika”dan yüksək bal toplayan öyrənəndən soruşdum ki, digər bir fənni öyrənməklə bağlı problemi yoxdur ki. Var, dedi. Niyəsini soruşanda dedi ki, bilirsiz, nəinki fənn çətin deyil, hətta tutuşduranda çox asandır. Amma mövzular bir-biri ilə bağlı deyil, hər paraqraf elə bil, ayrı-ayrı fənlərə aiddir. Ona görə də, öyrənməkdən çox əzbərləməli oluruq. Bu, o deməkdir ki, mühazirə sistemli deyil və bütöv bir tam təşkil etmir, öyrənəndə sistemli dünyagörüşü yaratmır.  Bu işin orta oxuda necə olduğunu öyrənmək üçün tanıdığım fizika və riyaziyyatı öyrədənlərə üz tutdum. Dedilər dərsliklərdən heç danışmayın. Bəs onda necə öyrədirsiniz sualına cavabda, dedilər ki mövzuları özümüz hazırlayırıq. Sual doğdu ki, əgər belədirsə, onda niyə bu yaratdıqlarınız dərslik kimi çap olunmasın? Cavabdan aydın oldu ki, dərslik çapı işi “çox təmiz”, “mafiya” termini ilə belə tanış olmayan insanların əlində toplanıb. 
5. Deyək ki, dərsliklər qaydasında, öyrətmə yerindədir. İmtahan sualları ilə məktəb proqramı arasında uyğunsuzluq yoxdur ki? Suallar biliyə, məntiqə, analitik düşüncəyə uyğun, yoxsa heç bir analiz, düşünmə tələb etməyən, heç bir məntiqi bağlılığı olmayan təsadüfü səpilmə nəticəsində və hədsiz çox sayda qurulmayıb ki? Verilən vaxt kəsiyində neçə düşündürən suala cavab vermək olar ki? Tapmaca xarakterli suallara cavab verməkçün öyrənənin əzbərləməkdən başqa hansı yolu qalır ki? Analitik düşüncə, yəni analiz etmə qabiliyyəti ilə bağlı, artıq çapa getmiş (Cəsarət Əliyev, Kompüter proqramlarıyla şer yazmaq?, Şərq qəzeti, 2 iyun 2019-cu il) bir misalı da çəkmək yerinə düşər. İnstitutda keçirilən seminarlarda ortaya çıxan yanlış baxışları öyrənənlərə çatdırırdım ki, onlar bu yanlışlıqları gələcəkdə təkrarlamasınlar. Bir dəfə də, bir seminarda Günəşin kəsilməz spektrində Balmer sıçrayışından danışıldı (əlbəttə yanlış idi). Öyrənənlər “Nəzəri astrofizika” dərsində kəsilməz spektrdə köçürmənin əsaslarını öyrənmişdilər. Dərs başlayan kimi soruşdum, kim deyər, Günəş və Günəş tipli ulduzların kəsilməz spektrində Balmer sıçrayışı ola bilərmi? Düzü, sual ritorik idi, özümüz cavab vermək istəyirdik. Bu vaxt Xəyalənin əli qalxdı. Nə deyəcəyini bilmək yaxşı olar deyib, buyur dedik: Yox, ola bilməz, dedi. Cavab doğru idi, amma onun bu suala necə cavab tapdığı bizi ilgiləndirdi. Niyəsini soruşduq: Ona görə ki, Günəş və Günəş tipli ulduzların kəsilməz spektri hidrogen atomları ilə deyil, mənfi hidrogen ionlarının köməyi ilə yaranır, bu nədəndən Balmer sıçrayışı baş verə bilməz, dedi. Tamam şaşırdıq. Biz onlara bunu öyrətməmişdik, yalnız kəsilməz spektrin yaranmasının əsasında duran bilikləri vermişdik. Bir də, analitik düşünməni aşılamışdıq ki, bu da çoxlu tapşırıq yerinə yetirməklə əldə olunur. Analitik düşüncə ilə baza biliklərinin yönləndirilməsi öyrənənə imkan verdi ki, o, problemi düzgün yerinə yetirsin. Bütün ömrünü elmi institutda keçirənin yanlış bildiyini, öyrənən cəmi bir akademik kursda biliyə yiyələnməklə düzgün yerinə yetirdi. Bax, budur analitik düşüncənin gücü.  
Sadaladıqca söhbət şişir. Əzbərləmə ilə bağlı sorğuya cavab bir qədər aydınlaşdı: dərslik qaydasında yazılmayıbsa, mühazirə sistemli deyilsə, suallar, bir tərəfdən,  proqramla öyrədilən biliklərə uyğun deyilsə və digər tərəfdən, analitik düşüncəyə söykəkli yox, heç bir məntiqi bağlılığı olmayan təsadüfü səpilmə nəticəsində və hədsiz çox sayda qurulubsa, onda öyrənənin istəyə çatmaq üçün əzbərləməkdən başqa bir yolu qalmır. 
Yerinə düşər desək ki, bu günə kimi bir çoxları test üsulunda sorğunun avtomatlaşdırılması ilə sualların məzmununun necə olması və sayının nə qədər verilməsini bir-birindən ayıra bilmirlər. Əgər düşünürsünüzsə ki, test üsulu indiki formada korrupsiyanın qarşısını alır, onda deyim ki, bu haqda bildikləriniz çox azdır. Texnilogiyalar nə qədər yüksəkdirsə, yönəltmə, o sırada da korrupsiyanın yönləndirilməsi bir o qədər asandır. Güvənlik özü tamam başqa asılı olmayan bir strukturun əlində olmalıdır.  Və bu da, həll yolu deyil. Axtarın, sizcə avtomatlaşdırma saxlanılmaqla bu işi necə qurmaq olar?
Orta və ali oxuda bütün bilikləri vermək nə ola bilən bir işdi, nə də öyrətmənin belə bir istəyi var. Öyrətmənin fəlsəfəsi öyrənənə baza bilikləri verməklə yanaşı, potensialını aşkara çıxarmaq, özü-öyrənməni aşılamaqdır.  Sonuncu isə analitik düşünməni əldə etmədən ola bilən bir iş deyil. Biliklərin düşündürücü,  sistemli verilməsi, nəzəri bilik ilə məsələ həllinin bir-biriylə uğurlu bağlanması analitik düşüncənin aşılanmasının əsasını təşkil edir. Yalnız bu vaxt analitik düşüncə yiyəsi, onun öyrədən, öyrənən və ya araşdırmaçı olmasından asılı olmayaraq problemi yerinə yetirmək üçün gərək olan bilikləri toplayıb işi sona çatdıra bilər.  

(Ardı var) 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu