Rusiya hərbi qüvvələri Ermənistanı tam nəzarətdə saxlayır" - MÜSAHİBƏ


Asim Mollazadə: "Məlum açıqlamalar siyasi oyunlardır və müvəqqəti xarakter daşıyır"

"Ermənistan sadəcə, hərbi bazadır və bu bazada da hərbi cinayətkarlar istənilən siyasi prosesin qarşısını ala, bunun üçün müvafiq təxribata da əl ata bilərlər"


Müsahibimiz millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadədir. Onunla Prezident İlham Əliyevin Soçidə “Valday” platformasında səsləndirdiyi bəyanat, aidiyyəti beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşması,  Minsk Qrupunun fəaliyyətsizliyi, Sergey Lavrovun Paşinyanı qınaması, Ermənistandakı gərgin daxili vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan səbəblər, Azərbaycanda baş tutan iqtidar-müxalifət dialoqu və sosial şəbəkələrdə aparılan söyüş kampaniyası və başqa məsələlər ətrafında müzakirə apardıq. 

- Prezident İlham Əliyev Soçidə “Valday” platformasında səsləndirdiyi “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə işğalçı Ermənistana, onun havadarlarına və ümumən dünyaya hansı mesajları verdi?

- Ölkə başçısı bununla hər şeydən öncə Azərbaycan xalqının iradəsini ifadə etdi. Bəyan etdi ki, Azərbaycan ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. İşğalı qəbul etməyəcək və ərazi bütövlüyünü təmin edəcək. 

 - Ölkə başçısı Rusiya telekanllarına müsahibəsində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) münaqişənin həllinə dair qətnamələrinin icra olunmamasına diqqət çəkdi... 

- Prezident əlaqədar beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə əməl olunmadığını bəyan etdi. Əlbəttə, belə halların mövcudluğu ciddi münaqişələrə rəvac verir. Bu da beynəlxalq hüququn pozulması deməkdir. Hüququn aliliyi qorunmayanda dünyada xaos baş verir. Azərbaycan da bu xaos və terrorun qurbanı olur. 

- Terror demişkən qeyd edək ki, Azərbaycan dünyada anti-terror koalisiyasının ən fəal üzvlərindən biridir...

- Amerika Birləşmiş Ştatları (ABŞ) ilə bu sahədə birgə əməkdaşlıq tədbirləri görülür. Əfqanıstanda hazırda silahlı qüvvələrimiz təmsil olunur. Bundan əlavə Azərbaycanın dəyərləri, müxtəlif sivilizasiyaların əməkdaşlıq təcrübəsi dünya üçün çox mühümdür. Son zamanlar həm ABŞ-da, həm də Avropada bu dəyərləri yüksək qiymətləndirirlər. Azərbaycan gənc ölkədir. Buna baxmayaraq, qısa müddətdə böyük bir yol keçib. Azərbaycanın hazırda inkişafı və bölgədə əməkdaşlıq, stabillik yaratmaq cəhdləri yüksək qiymətləndirilir. Bu istiqamətdə Azərbaycan əməkdaşlığa hər zaman açıqdır. Ən böyük problem isə bölgədə mövcud olan münaqişələrdir.

Bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini istəyirik. Beynəlxalq təşkilatlar isə təəssüf ki, bu məsələdə acizlik nümayiş etdirirlər. Buna görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilməmişik. Azərbaycanın böyük potensialı var və bunu reallaşdırmaq üçün ölkəmizə stabillik, əmin-amanlıq lazımdır. Azərbaycanın xarici siyasəti də əməkdaşlıq, qarşılıqlı maraqlar üzərində formalaşdığından bölgədə qonşu ölkələrlə və dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı dövlət maraqları əsasında siyasətini qurur. Bu dəyərlərə qiymət verən bütün qüvvələr Azərbaycanı yüksək qiymətləndirməlidir.

- “Valday”da Rusiya XİN başçısı Sergey Lavrov da çıxış etdi. O, erməni baş nazir Nikol Paşinyanı “Dağlıq Qarabağ Ermənistandır” ifadəsinə görə qınadı. Bunu sülh və danışıqlar prosesinə zərbə vuran bəyanat kimi qiymətləndirdi...

- İndiki vəziyyəti Rusiya ilə Ermənistan arasında gərginlik kimi dəyərləndirmək olmaz. Düşünmürəm ki, İrəvanla Moskva arasında hansısa ciddi gərginlik olsun. Rusiyanın hərbi qüvvələri Ermənistanı tam nəzarətdə saxlayır. Məlum açıqlamalar siyasi oyunlardır və müvəqqəti xarakter daşıyır. Rusiya Minsk Qrupunun həmsədri kimi çox ciddi addımlar ata bilər. Sülh əldə etmək üçün BMT TŞ-nin qətnamələri icra olunmalıdır. Rusiya ilə yanaşı digər həmsədr ölkələr də real addımlar atmalıdırlar. Amma heç bir həmsədr ölkə bu istiqamətdə əməli işlər görmürlər. Ona görə də münaqişə uzun müddətdir, bir növ siyasi turizmə çevrilib. Həmsədrlər beynəlxalq hüquq normalarına uyğun addımlar atmırlar. 

 - Həmsədrlərin heç bir fəaliyyəti yoxdursa, Minsk Qrupuna ümid etmək və ya onu saxlamaq nəyə və kimə gərəkdir?

- Həmsədrlərin özləri də  bu barədə ciddi düşünməlidirlər. Onlar düşünməli və münaqişənin həllinə dair uğurlu addımlar atmalıdırlar. Əks halda münaqişə həllini tapmayacaq. Belə olan halda da onlar lazımsız bir qrupa çevriləcək.  

- Həmsədr ölkələrdən biri də Fransadır. Bu ölkənin inzibati məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə bir neçə «Dostluq xartiyası»nı ləğv edib. Bundan hansı nəticəyə gəlmək olar? 

- Əvvəllər hansısa erməni lobbisi ilə komissiyaya qurşanmış siyasətçilər müəyyən qərarlar verirdilər. Onlar həm beynəlxalq hüquq normalarının, həm də Fransanın həmsədr dövlət kimi mövqeyinin zərbə altında qalmasına imkan yaradırdılar. Amma indi bunlar mümkün olmur. Bununla yanaşı erməni diasporuna mesaj verilir ki, Fransa heç vaxt belə oyunlarda istifadə oluna bilməz.

- Dağlıq Qarabağ probleminin həllinə dair çoxsaylı görüşlər və müzakirələr aparılıb, bu gün də aparılır. Məsələnin həllinə dair Azərbaycan cəmiyyətində ikili münasibət var. Kimi iddia edir ki, artıq müharibədən başqa yol qalmayıb, kimi isə münaqişənin dinc yolla həllinə ümid edir. Siz nə düşünürsünüz?

- Beynəlxalq təşkilatlar acizlik nümayiş etdirir. Aparıcı dövlətlər ədalətə söykənməyən qərarlar qəbul edir. Ona görə də problemin həlli uzanır.  

- Bir az da Ermənistandakı gərgin daxili vəziyyətdən söhbət açaq. Bu ölkə mətbuatında Paşinyan hakimiyyətinin devriləcəyinə dair məlumatlar tirajlanır. Artıq N.Paşinyan verdiyi heç bir vədə əməl etmir, ölkəni iqtisadi, siyasi, hüquqi və mədəni cəhətdən dalana dirəyib... 

 - Ermənistanda “Qarabağ klanı” ilə Paşinyan hakimiyyəti arasında gərginlik davam edir. Ümumən bu ölkədə vəziyyət olduqca kəskinləşib. Müxalifətdə olan qüvvələr hərbi cinayətkarlardır. Onlar Xocalı soyqırımını törədənlərdir. Bu cinayətkarlarla danışıb, nəyəsə nail olmaq çətindir. Problem ondan ibarətdir ki, həmin cinayətkarlar beynəlxalq tribunala cəlb olunmayıblar. Bu barədə ədalət bərqərar olunmayıb. Ona görə də münaqişənin həlli mümkün olmur.

- Son zamanlar düşmən cəbhədə təxribata əl atır, N.Paşinyan “Qarabağ Azərbaycandır ” kimi sərsəm bəyanatla çıxış edir. Ola bilərmi ki, bütün bunlar Ermənistan daxilindəki gərginliyi səngitməyə hesablansın?  

- Paşinyanın sərsəm bəyanatlarının səbəbi onun qorxmasından xəbər verir. Paşinyan öz gələcəyi və vəziyyətin sabit olması ilə bağlı çox ciddi şübhələr içindədir. Qeyd etdiyim kimi, onun qorxusu ilk növbədə radikal hərbi cinayətkarlar qrupudur. Çünki bu qruplar onu sərsəm çıxışlar etməyə vadar edir. Paşinyanın bu oyunları daxili siyasəti bir balaca sakitləşməyə yönəlib, lakin Ermənistan bir dövlət kimi mövcud deyil. Ermənistan sadəcə, hərbi bazadır və bu bazada da hərbi cinayətkarlar istənilən siyasi prosesin qarşısnı ala, bunun üçün müvafiq təxribata da əl ata bilərlər. Paşinyanın sərsəm fikirlərinə və Ermənistanın siyasi proseslərdə iştirakına önəm verməməliyik.
Əslində, Ermənistan hərbi baza rolunu oynayan bir ərazidir. Erməni xalqı siyasi gələcəklərinə təsir göstərmək imkanlarından məhrum edilib. Düşünürəm ki, ilk növbədə belə bəyanatlara beynəlxalq təşkilatlar öz fikirlərini söyləməlidirlər. Bu təşkilatlar tələb etməlidirlər ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilsin və beynəlxalq hüquq normaları, hüququn aliliyi bərqərar olsun.

- Girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun dəyişdirilməsi ilə bağlı ümidverici xəbərlər alırıq. Bu proses baş tuta bilərmi? 

- Buna daha çox Ermənistan səy göstərməlidir. Cinayəti törədən Ermənistandır. Girovlar azad edilməlidir. Azərbaycan bütün platformalarda bu məsələləri qaldırır. Beynəlxalq təşkilatlar da məsuliyyəti dərk edib, addımlar atmalıdır.

- Bir az Azərbaycan daxili siyasətindən danışaq. Ötənlərdə iqtidar-müxalifət dialoqu keçirildi. Bu dialoq hansı zərurətdən irəli gəldi?

- Dialoq normal siyasi prosesdir və bunu fövqəladə bir məsələ kimi dəyərləndirmək doğru olmaz. Ölkədə davamlı olaraq siyasi müzakirələr həyata keçirilməlidir. Belə olan halda da ölkədəki siyasi təşkilatların siyasi mədəniyyəti inkişaf edəcək. 

- Son zamanlar bəzi siyasiləşmiş qruplar sosial mediadan söyüş platforması kimi istifadə edirlər. Buna münasibətiniz? 

- Siyasi mədəniyyəti olan adam söyüş söyməz. Söyüş söymək tərbiyəsizlik və xuliqanlıqdır. 

- Bəziləri təklif edir ki, söyüş kampaniyasının qarşısını almaq üçün bəzi sosial şəbəkələrə giriş bloklanmalıdır...  

- Bu, dövlətin azad internet siyasətinə ziddir. Azərbaycanda azad internet var. Söz azadlığını təmin etmək üçün qanunvericilik təkmilləşdirilir, müxtəlif tədbirlər görülür. Bu məsələnin inkişafı üçün addımlar atılır. Belə məqamda hansısa proqramın, sosial şəbəkənin bağlanması ölkə siyasətinə zidd təklifdir.


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu