Borçalıların təhsil problemi: Azərbaycandilli məktəblər də azalır, ana dilli müəllimlər də ...

Gürcüstandakı soydaşlarımız ölkənin baş naziri Giorgi Qaxariaya müraciət ediblər.  Sənəddə Gürcüstanda azərbaycandilli kadrlar hazırlayacaq ali məktəbin təsis edilməsi xahiş olunur. “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru Aygül İsayeva məsələ ilə bağlı fikir bildirərək qeyd edib ki, Gürcüstanda azərbaycandilli universitetin yaranması Azərbaycandilli məktəblərin bağlanmasının qarşısını alacaq. 

“Gürcüstanda ilbəil Azərbaycan məktəbləri bağlanır. 1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cu ildə 120 məktəb qalıb. Məktəblərin bağlanmasının əsas səbəbi kadr çatışmazlığıdır. Təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılması ilə kadr çatışmazlığı daha çox hiss olunur. Düşünürük ki, Azərbaycan dilində universitet yaransa, kadr çatışmazlığı məsələsi həllini tapacaq. Gürcüstan azərbaycanlıları çoxluq təşkil edən milli azlıq kimi bu ölkədə azərbaycandilli kadr hazırlayan universitetin təsis olunmasını tələb edir”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı ”4+1" dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər:

"Azərbaycandan göndərilən dərsliklər isə Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Birincisi, onlarda artıq təhsil 12 illikdir. Azərbaycanda 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir. Bundan başqa, Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Onların hər bir sinif üçün dərsliklərində müəyyən olunmuş məlumat, informasiya ağırlığı var. Amma Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər həmin normalara cavab vermir. Azərbaycan tərəfi eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır. Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrə səfər edib onların təhsil standartlarını öyrənib ona uyğun dərsliklər çap edib göndərməlidir ki, o şagirdlər üçün faydalı olsun. Təəssüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsa, orada yaşayan azərbaycanlı ziyalılar həmvətənlərimiz üçün daha yararlı dərsliklər hazırlayarlar.



Kamran Əsədov: "Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar"


K.Əsədov vacib bir məsələyə də toxundu: 

- Azərbaycanın təhsil müəssisələrinə Gürcüstan azərbaycanlıları qəbul ola bilmir. Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gələn azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil.

Ona görə də, azərbaycan dilli məktəblərin kadr problemini həll etmək, eyni zamanda strateji yerlərə həmvətənlərimizin qəbul olunması üçün onların ali təhsil alması zəruridir.

Gürcüstanda orta təhsil 12 ildir. 12 il ərzində hər gün orta məktəbdə gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisədə kifayət qədər artırılıb. Gürcüstanda 1-ci sinfə gedən bütün şagirdlərə, şəhərdə, ucqar kənddə yaşamasından asılı olmayaraq dövlət kompüter (netbook) verir. Xüsusi treyninq keçmiş, gürcü dili müəllimləri orta məktəblərə gürcü dili tədrisini təkmilləşdirmək üçün göndərilir.  
Əlbəttə bu gün dövlətin bu səylərinin nəticəsi var, gürcü dilini gürcüdən də gözəl bilən gənclərimiz var, imtahanlarda gürcüdən də yaxşı nəticə əldə edən gənclərimiz var, gürcü dilində danışanların sayı gənclər arasında ilbəil artır. Belə şəraitdə 
Azərbaycan məktəblərinin saxlanılması, ANA dilində təhsil hava-su qədər vacibdir. 
2017-2018-ci tədris ilinin sonunda Azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15 150 nəfər təşkil edib.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin sayı barədə isə ekspert bunu deyib:

Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycandilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 azərbaycandilli məktəb olub, hal hazırda isə  azərbaycandilli məktəblərin sayı 80 - dir.
Hazırda Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq. Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır.

Gürcüstandakı soydaşlarımız Azərbaycanda universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun nəticəsidir ki, Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu