Xanım sürücülər diqqətsizdirlər: Fikirləri yolda olmur - AKTUAL

Xanımların avtomobili idarə etməsi hər zaman müzakirə, hətta mübahisə olunan məsələlərdən biri olub.  Əksər insanlar qadınların maşın sürərkən daha diqqətli olduğunu söyləyir. Amma çoxları “maşın sürmək qadın işi deyil” kimi fikir bildirirlər. Bu fikir daha çox bəylərə məxsusdur desək, yəqin ki yanılmarıq.

Bəlkə də kişi sürücülərin yaralı yerlərindən biri qaydalara əməl etməyən  xanım sürücülərdir. Əksər kişi sürücülər xanımların sükan arxasında oturarkən çox diqqətsiz olduğunu, onların heç bir güzgüdən istifadə etmədiklərini iddia edirlər. Hətta “biz kişilər olmasaq və durumu toparlamasaq, qadınlar dəhşətli qəza törədərlər” deyənlər də var. Bəs bu yanaşma nə qədər adekvatdır? Təbii ki, qəzanı hər iki cinsin nümayəndələri törədə bilər. Görəsən, xanım sürücülər doğurdan da bu işə qeyri-ciddi yanaşırlar?



Elməddin Muradlı: "Heç olmasa, atalarından, qardaşlarından və ya həyat yoldaşlarından öyrənsinlər"


Mövzu barədə fikirlərini Sherg.az-la bölüşən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, yol nəqliyyat hadisələri həm xanım, həm də kişi sürücülər tərəfindən törədilir. 

Ekspert xanımların sükan arxasında olarkən diqqətsiz olduqlarını etiraf edib:

“Müşahidələrimdən belə qənaətə gəlmişəm ki, xanım sürücülərin törətdiyi qəzalar arasında qeyri-adi hallar baş verir. Onların əsasən fikri yolda olmur və yaxud sükana hakim ola bilmirlər. Yəni, təcrübəsiz olduqları dərhal hiss olunur. Bu baxımdan çox istərdim ki, xanım sürücülərimiz sürücülük vəsiqəsi alandan sonra düşünməsinlər ki, onlar peşəkar sürücüdürlər. Onlar zaman-zaman təlimlərdə iştirak etməlidirlər. Heç olmasa, atalarından, qardaşlarından və ya həyat yoldaşlarından öyrənsinlər. Avtomobilin idarə etməyi normal həyata keçirəcəklərindən əmin olandan, mükəmməl sürücülərə xas olan xarakterlərə nail olduqdan sonra yola tək çıxsınlar”. 

E.Muradlı qeyd edib ki, bəzi xanım sürücülər gecə sürücülük qabiliyyətinə bələd deyil:

“Bir də görürük ki, gecə vaxtı normal sürət təyin olunmuş yerlərdə həddindən artıq aşağı sürətlə hərəkət edirlər, dayanma-durma qaydalarını pozurlar. Düzdür, sürət həddini aşmağa xanım sürücülərdə çox rast gəlinmir, çünki onlar yüksək sürətdən qorxurlar. Bu da qadın xarakterinə xas olan bir hərəkətdir. Amma təəssüf ki, bəzən sükan arxasında həddindən artıq diqqətsizliyə yol verirlər. Hətta piyada keçidlərində piyadaların üstünə sürmək və onlara yol verməmək kimi davranış sərgiləyirlər. Deməzdim ki, bütün bunlar onların qaydaları bilməməsindən irəli gəlir. Sadəcə həmin an müəyyən panika xanım sürücüləri daha tez yaxalayır. Onlar panika içərisində olurlar və dayanma əvəzinə qazı basırlar. Belə xarakterik əməllər baş verir və bu da təcrübəsizliyin nəticəsidir. Ümumiyyətlə, qadın və ya kişi fərq etməz, sürücülük vəsiqəsi alan hər kəs özünü peşəkar sürücü saymalı deyil. Bu gün vəsiqəni alıbsa, sabahısı gün peşəkar sürücü kimi uzaq səfərə çıxmaq düzgün deyil.  Geniş təcrübə olmadan bu addımlar təhlükəlidir”.

Ekspertin qənaətincə əksər xanım sürücülərin arxasında bəy dayanır:

“Ya qardaşı, ya atası, ya da həyat yoldaşı və ya sevgilisi. Onlar hansısa formada xanımların maşın almasına və ya sürməyinə dəstək olurlar. Lakin bu dəstək kifayət deyil. Dəstək göstərmək istəyirlərsə, xanımların təhlükəsiz sürücü olmalarına da dəstək göstərməlidirlər. Maşın alıb hədiyyə eləmək, o demək deyil ki, onlar öz borclarını yerinə yetirdilər. Xanımların peşəkar sürücü kimi yetişməsinə də köməklik etmək lazımdır. Bir neçə ay ciddi məşğul olunsa, xanımlar sürücülük vərdişlərinə çox tez yiyələnərlər. Sadəcə onların düzgün istiqamətləndirilməsi lazımdır. Məsələn, hansısa kişi sürücü hər zaman qaydaları kobud pozursa, həyat yoldaşına da o formada öyrədir. Amma nəzərə almır ki, o kişidi və müəyyən situasiyalardan çıxa bilir, hadisələrə çevik reaksiya verir və sürət zamanı panika yaşamır. Lakin xanımlarda əksinədir. Onlar yolda bir az sıxlıq yarananda və yaxud sürətli yollarda dərhal həyəcana düşürlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu