Deputat: "Onların məqsədi nəyəsə etiraz bildirmək deyil, aldıqları tapşırıqları həyata keçirmək idi"

“Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”.

Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, “Milli Şura” adlandırılan marginal qruplaşmanın təşkil etdiyi icazəli piket göstərdi ki, bunlar qanunlar çərçivəsində davranış nümayiş etdirməyi, sivil formada ismarıclarını çatdırmağı bacarmırlar: 

“Demokratik cəmiyyətin əsas qaydalarından biri müxtəlif qrupların problemli hesab etdiyi məsələlərlə bağlı fikir bildirmələrinin təmin olunmasıdır. Azərbaycan da demokratik və hüquqi dövlətdir. Ona görə də vətəndaşların bu müraciətlərini düzgün qiymətləndirərək onların ifadə azadlığını təmin edir. Təəssüflər olsun ki, dünənki piket bir daha göstərdi ki, onların məqsədi sadəcə piket təşkil edərək hansısa məsələ ilə bağlı hakimiyyətə və cəmiyyətə mesaj vermək deyil. Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”. 

Parlament üzvünün fikrincə, bu normal bir hal deyil. Çünki əvvəlcədən razılaşdırılmış qaydada 50 nəfər əvəzinə daha çox vətəndaşın bu prosesə qoşulması diqqəti çəkdi: 

“Onlar piket üçün ayrılan yerdə deyil, məktəblərin və nəqliyyatının sıx olduğu istiqamətlərdə “piketi müşahidə edənlər” adı ilə toplaşmağa başladılar. Bunun özü təxribat idi. Çünki dünyanın heç bir yerində piket keçirənlər üçün ayrıca, xüsusi statusda “piket keçirənləri müşahidə edənlər” olmur. Görürsünüzmü, burada da radikal qruplaşma manipulyasiya etməyə cəhd göstərdi. Görünür, onların məqsədi nəyəsə etiraz bildirmək deyil, aldıqları tapşırıqları həyata keçirmək idi. Bununla da bir sıra Avropa qurumlarına Azərbaycanın mənfi obrazını təqdim etmək üçün əsas versinlər. Ona görə də hesab edirəm ki, məlum piketin təşkilatçıları bir daha öz iç üzlərini ortaya qoydular. Özlərini “Milli Şura” adlandıran qruplaşmanın əslində radikal qruplaşma olduğu sübuta yetdi. Onsuz da bu vaxta qədər ölkə ictimaiyyətinin öndə olan simaları onları radikal qurum adlandırırdı. Oktyabrın 8-də keçirilən aksiyaya Azərbaycan ictimaiyyətinin münasibəti birmənalıdır. Bu cür yollara əl atmaqla keçirilən tədbirləri biz pisləyirik, bu yolverilməzdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu