Zorakılıq davam edir: Qadını üzərində hökmranlığını itirən kişilər bıçağa əl atır - AKTUAL

Son günlərdə qadınlara qarşı bir neçə zorakılıq halı baş verib. Ərin həyat yoldaşına 18 bıçaq zərbəsi vurması, ana ilə qızın dəyənəklə döyülməsi, döyülüb yol kənarına atılmış qadın...     
Qadın hüquqları, gender bərabərliyi ilə bağlı nə qədər maarifləndirici işlər aparılır. Bəs nəticə niyə görünmür? 

“Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova kişi ilə qadın psixologiyasındakı fərqin nəzərə alınmalı olduğunu bildirdi:

"Qadın və kişi fərqli psixologiyaya malikdir. Qadınlar son illərdə həqiqətən də aktivləşib. Özlərini hər sahədə görürlər. Əvvəllər qadın daha çox ana, valideyn obrazında və müəllim, həkim rolunda görünürdüsə, indi, qadınların baş vurmadığı sahə yoxdur. Amma kişilər barədə bunu demək mümkün deyil. Kişilər qadınların olduğu sahələrdə özlərini görə bilmir və realizə edə bilmirlər. Kişilər çalışır ki, yenə də qadınları zorakı yollarla idarə etsinlər, qadınlar üzərində üstünlük əldə etsinlər. Bu da ailədaxili münaqişələrə və məişət zorakılığına yol açır. Kişilər qadınların tabesizliyini qəbul edə bilmir. Bu da davranışlarda özünü biruzə verir".



Hüquq müdafiəçisi: "Əvvəl kişilərin maariflənməsi və qadın hüquqlarına sayğı ilə yanaşmaları lazımdır"


M.Zeynalova cəmiyyətin inkişafda olduğunu, buna baxmayaraq stereotiplərin hələ də qaldığını dedi:

"Maraqlıdır ki, inkişafla yanaşı stereotiplər də qalmaqdadı. Məişət zoraklığı ilə bağlı qəbul edilən qanunlar da köhnə stereotiplərlə uyğunlaşmır. QHT-lər münaqişəli ailələrlə yaxından işləməlidir. Problemin kökü tapılanda, onu həll etmək də asanlaşır".  

Maarifləndirici tədbirlərə gəlincə, M.Zeynalova qeyri-hökumət təşkilatlarının bu sahədə fəaliyyətinə lazımi dəstək verilmədiyini dedi:

"Bu işi lazımi səviyyədə apara bilən QHT-lər var. Lakin onlara geniş imkanlar tanınmır. Layihə həyata keçirmək istəyən QHT məcburdur, işi icra hakimiyyətləri ilə birgə aparsın. Bununla da tədbirin hüdudları daralır. Vaxtilə qadın komitələri daha aktiv idi. Münaqişə tərəfləri dəvət edilir, psixoloq onlarla işləyir, çox zaman da tərəfləri barışdırırdılar. Mətbuat konfranslarına, «dəyirmi massa»lara qadınlarla bərabər kişilər də dəvət olunurdu. Qadından çox, kişi ilə danışırdılar. Çünki ən əvvəl kişilərin maariflənməsi və qadın hüquqlarına sayğı ilə yanaşmaları lazımdır. Belə olmasa, ailə münaqişələri zorakılıqla müşayət olunmaqda davam edəcək. Vətəndaş cəmiyyəti yaradılmalı, layihələr davamlı və ardıcıl olmalıdır ki, müsbət nəticələr əldə edilsin".  

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu