İsa Qəmbərin Arif Hacılıya dəstəyi narazılıq yaratdı - Müsavat adına yaraşmır

Müsavat Partiyasının keçmiş sədri, “Milli Strateji Düşüncə Mərkəzi”nin rəhbəri İsa Qəmbər başqanlıq seçkiləri ilə bağlı dəstəklədiyi namizədin adını açıqlayıb. Eks-başqan feysbuk profilində yazıb ki, 9-cu qurultay ərəfəsində partiyada azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri ona mövqeyini bildirmək xahişi ilə müraciət etməyiblər: “Bu, məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”. İ.Qəmbər vurğulayıb ki, bu seçiminin səbəbi Arif Hacılı ilə 30 illik dostluq münasibətləri deyil:

“Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və gələcək xidməti ilə bağlıdır. Müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var. Arif bəyə səs verin! Onun uğurları Müsavatımızın uğurları olacaq!”. Arif Hacılı İsa Qəmbərin onun haqqında yazdıqlarını yüksək qiymətləndirib: “Hesab edirəm ki, İsa Qəmbərin bu addımı tarixi hadisədir. Tək mən yox, rəqiblərim də bu seçkilərin nəticələrinin necə olacağını bilirlər”. 

İsa Qəmbərin seçki ilə bağlı açıqlaması və birbaşa Arif Hacılını dəstəkləməsi digər iki namizəd - Yadigar Sadıqlı və Tofiq Yaqublu tərəfindən birmənalı qarşılanmayıb. 

Partiya sədrliyinə namizədliyini irəli sürmüş Yadigar Sadıqlı keçmiş sədrin mövqeyinin onun üçün gözlənilməz olmadığını söyləyib:

“Ən acınacaqlısı odur ki, İsa Qəmbər digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır. Erkən final. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa “bacardığımı etdim” deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, “bəlkə...” sualı qarşısında əzab çəkmək istəmirəm”.

Digər namizəd Tofiq Yaqublu isə bildirib ki, İsa Qəmbərin Arif Hacılını dəstəkləməsində  qəbahətli heç nə yoxdur:

“Ancaq İsa Qəmbərin Arif Hacılıya dəstək verəcəyi ilə bağlı yazısında qeyri-səmimi olduğu məqamlar da vardı. İsa Qəmbər hiss etdi ki, vəziyyət arzulanan kimi olmaya bilər, ona görə bu dəstəyi verdi. A.Hacılıya səs verməsi, onu seçməsi İsa Qəmbərin hüququdur. Əksinə, bu mənə daha da güc verdi”.

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev “Şərq”ə vurğulayıb ki, İsa Qəmbərin “seçkilərin nəticələri artıq məlumdur” bəyanatı bir siyasətçiyə və lideri hesab olunduğu Müsavat adına yaraşan hərəkət deyil:

“Bəziləri İsa bəyin bu bəyanatı Arif Hacılının uduzacağını görərək dəstək mənasında verdiyini izah etməyə çalışırlar. Bu bəyanatın doğruluğuna inanıram. Çünki Arif Hacılının qalib gələcəyinə şübhə yoxdur. Ancaq İsa Qəmbər bu bəyanatı ilə əslində Arif Hacılının nüfuzuna şübhə toxumu səpməyə xidmət etdi. Onsuz da konfrans iştirakçılarının böyük əksəriyyətinin seçimi ilə A.Hacılının qalibiyyəti təsdiqlənmişdi. O zaman tələsik belə bir bəyanat verməkdə məqsəd nə idi?!”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu