Müxalifətin piketindəki Zəngilan köçkünü yalan danışırmış - Komitə ev verib

"Müxalifət düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bu gün 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayır". Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Milli Şuranın keçirdiyi piket zamanı videomüsahibə verərək evsiz olduğunu deyən məcburi köçkünün yalan danışdığı məlum olub: "Biz bununla bağlı araşdırma apardıq. Həmin şəxsin Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəlilov olduğu məlum oldu. Ona və ailə üzvlərinə ev verilib".



Komitə sədri vurğulayıb ki, bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır: "Bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür. Komitədə problemlə əlaqədar komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüflər olsun ki, yenə də bu kateqoriyadan olan ailələr var”. 

Qeyd edək ki, müxalifətin oktyabrın 8-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi piket zamanı Zəngilandan olan məcburi köçkün Yaşar Cəlilov "25 ildir yataqxanada çürüdüyünü, uşaqlarını yataqxanada böyütdüyünü" deyib. Və işğal altındakı Zəngilan torpaqlarının geri qaytarılmasını tələb edib, "vətənində ölmək istədiyini" deyib. Polislər həmin şəxsi sakitləşdirməyə çalışıblar, su və dərman veriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu