“Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması çox mühümdür - Gənclərdən dəstək

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır!” hərəkatının yaradılmasını təklif edib. O bildirib ki, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib:

“Prezident İlham Əliyevin Soçi şəhərində Valday beynəlxalq diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxarıb. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inam qat-qat artıb. Əslində Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır. Yüz minlərlə vətəndaşın bu çağırışa səs verərək onun ətrafında toplanması aydın şəkildə müşahidə olunur. Çox keçmədən bu sırada olanların sayının milyonlara çatacağına şübhə etmirəm”.



Əli Əhmədovun təklifinin müsbət olduğunu deyən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a açıqlamasında bildirdi ki, prezidentin “Qarabağ Azərbaycandır!” mesajı Azərbaycanın ictimai-siyasi gündəmində mühüm yer tutdu.

Birlik sədrinin sözlərinə görə, bu mesaj sayəsində Dağlıq Qarabağla bağlı münaqişədə xalqımızın kəskin mövqeyinin ən ali tribunadan yüksək təqdimatı oldu:

“Bu açıqlama Dağlıq Qarabağ münaqişəsini bütün dünya ictimaiyyətinin gündəminə gətirdi. Hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” bəyənatı sadəcə bir cümlə deyil. Bu fikirlər Ermənistanın təcavüzkar siyasəti ilə bağlı illər keçməsinə baxmayaraq dəyişməyən və hər ötən gün daha da prinsipiallaşan Azərbaycan dövlətinin və xalqının mövqeyini ifadə etdi. Həqiqətən də xalqımız arasında vətənpərvərlik hislərinin yenidən alovlanmasına təkan verdi. Düşünürəm ki,  bunun davam etdirilməsi üçün Əli Əhmədovun təklif etdiyi “Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması çox mühümdür.

Çünki Azərbaycan torpaqlarının işğalından təxminən 30 ilə yaxın vaxt keçir. Şübhəsiz ki, Azərbaycan xalqı və gəncliyi Ermənistanın ölkəmizdə qarşı apardığı təcavüzkar siyasəti, verdiyimiz şəhidləri bir gün belə olsun unutmur və unutmayacaq. Azərbaycanı sevməyən bəzi dairələrin və Ermənistanın məqsədi münaqişənin həllini uzatmaqla xalqın baş verənləri unutmasına gətirib çıxarmaqdırsa, bu bəri başdan ölü doğulmuş ideyadır. Cənab prezidentin “Qarabağ Azərbaycandır!” mesajı Dağlıq Qarabağla bağlı məsələni xalqımızın gündəminə gətirdi”.

F.Şahbazlı Baş nazirin müavininin səsləndirdiyi təklifin geniş vüsət alacağı və Azərbaycan gəncliyinin bu prosesdə fəal iştirak edəcəyi qənaətindədir:

“Qarabağ Azərbaycandır!”  bəlkə də son illərin ən geniş və böyük kampaniyalarından biri olacaq. Çünki Dağlıq Qarabağ mövzusu xalqımız üçün hər zaman ən həssas və mühüm mövzu olub.  Bu kampaniya ilə Azərbaycan ictimaiyyəti prezidentin verdiyi mesaja dəstək nümayiş etdirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu