Azər Həsrət: "Məqsədləri siyasi mübarizə deyil, ölkədə xaos yaratmaqdır"

“Hakimiyyət piketin keçirilməsi üçün olduqca əlverişli şərait yaratmaqla bərabər iştirakçıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmişdi”. Bunu Sherg.az-a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.

O bildirib ki, AXCP sədri Əli Kərimli və dəstəsi icazə verilən piketi icazəsiz aksiyaya çevirmək üçün günlərlə təbliğat apardı:

“Lakin aparılan təbliğat nəticə verməyincə, heç minlərlə deyil, yüzlərlə insan ora toplaşmayınca, onlar küçələrdə qarışıqlıq yaratmağa girişdilər, nəqliyyatın və piyadaların hərəkətini əngəllədilər. Yəni, qanun pozuntusuna yol verdilər. 

Yaradılan şərait ideal olsa da onlar sosial media üzərindən qızışdırıcı təbliğat qurub insanları aldatmağa çalışdılar. Onların tərəfdarları piketə gəlməyənləri söyüb təhqir etdi, üstəlik də hədələdi ki, biz hakimiyyətə gələndə sizə nəyin nə olduğunu göstərəcəyik. Bütün bunlar dəstənin əsl mahiyyətinin nə olduğunu göstərir”.

A.Həsrət bildirdi ki, diqqət çəkən məqamlardan biri Əli Kərimlinin növbəti dəfə piketə qatılmaqdan yayınması oldu:

“Bu adam aylardır, illərdir insanları küçələrə, meydanlara səsləyir, lakin o an yetişəndə evindəki isti bucağından bayıra çıxmır. Həm də iddia edir ki, hakimiyyətə gələcəkmiş. Açıq-açığına insanları aldadır. Günah kimdədir? Ondamı, ona inananlardamı? Təbii ki, sonuncularda. 
Əli Kərimlinin əsl məqsədi siyasi mübarizə deyil, ölkədə xaos yaratmaq, sabit və sakit Azərbaycanın normal həyat ritmini pozmaqdır. Buna isə hakimiyyət izn verməməlidir. Hələ biz vətəndaşlar da bu cür təzahürlərə dözmək fikrində deyilik. Bu ölkədəki sabitlik və dayanıqlı inkişaf vətənsevər insanların öz dövlətimizin ətrafında sıx birləşməsi hesabına əldə edilib. İndi küçədəki hansısa bir dəstənin özünə layiq dəstəbaşısının bizim uğurlarımızın üstündən xətt çəkməsinə əsla icazə verə bilmərik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu