Bakıda sürücülər itə yol vermədilər: Piyada keçidində gözlədi

Yolu piyada zolağından keçmək istəyən itin macərası sosial şəbəkədə yayılıb. Videoda görünür ki, it piyada zolağından yolu keçmək istəyir, lakin avtomobillər canlıya məhəl qoymadan şütüyür. İtə yol verməyi ağıllarına gətirmirlər.

Bir neçə dəfə “ürəklənib” yolu keçmək istəyən it, avtomobillərin sürətini görüb yenə geri çəkilir. Maraqlı burasıdır ki, it başqa səmtə yol almır, piyada keçidinin önündəcə dayanıb sürücülərin nə zaman insafa gələcəyini gözləyir. Qarşı tərəfdən yolu keçən vətəndaş avtomobilləri dayandırıb iti yolun o biri tərəfinə keçirir və əlilə də işarə edir ki, indi hara istəyirsən get.
 
Videoya maraqlı şərhlər də yazılıb. “İt hansıdır; piyada keçidində gözləyən, yoxsa sükan arxasında olanlar?!” 



İlqar Hüseynli: "Deməli, o it dəfələrlə müşahidə edib ki, insanlar yolu ordan - piyada keçidindən keçir, ona görə o də yolu ordan keçmək istəyib"


Nəqliyyat məsələləriu üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında cəmiyyətdə bütün canlıların uyum halında yaşamalı olduğunu dedi: 

"Necə ki, ağacları, bitkiləri qoruyuruq, heyvanlara qarşı da anlayışlı davranmalıyıq. Kimsə düşünməsin ki, ağaclar insanlara lazımdır, təmiz hava, oksigen verir deyə...Amma evdə, yaxud küçədəki heyvanlar heç kimə lazım deyil. Bütün canlılar təbiətin bir parçasıdır, eləcə də cəmiyyətin bir üzvüdür. Bəzən heyvanlar insanlardan daha həssas olur. Deməli, o it dəfələrlə müşahidə edib ki, insanlar yolu ordan - piyada keçidindən keçir, ona görə o də yolu ordan keçmək istəyib. Bu, instinktdir. Və doğruya yönəlmiş bir intuisiyadır – duyumdur. Sağ olsun, vətəndaş ki, itə yolu keçməkdə kömək edib. Bu hadisə bəzi piyadalara örnək olmalıdır.

Piyadaların vurulması ilə nəticələnən nə qədər yol qəzaları baş verir. Bu qəzaların baş verməsində sürücülər nə qədər günahkardırsa, bir o qədər də piyadalar günahkardır. Çünki çox zaman yolu hərəkətin intensiv olan hissəsindən keçməyə can atırlar. Cərimə edildikdə isə narazı qalırlar. Daha düşünmürlər ki, qadağalar, cərimələr onların həyatının xilası naminədir. Əlbəttə, yol qəzalarında sürücülərin diqqətsizliyi, naşılığı, məsuliyyətsizliyi, lazımsız yerə sürət artırmalar və sairə əsas faktorlardır. Həmçinin, dəfələrlə bildirmişik ki, paytaxtda yol infrastrukturunun gərəkən səviyyədə qurulmadığı ərazilər var. Bəzən piyadalar məcbur qalıb yolun hərəkət hissəsinə çıxırlar, çünki yaxınlıqda nə piyada keçidi, nə piyada zolağı, nə də işıqfor olmur. Ona görə də mütəmadi moniotorinqlər aparılmalı, məskunlaşmanın getdikcə sıxlaşdığı ərazilərdə yol nişanları, dayanma-durma qaydaları yenilənməlidir. Şəhər böyüyür, inkişaf edirsə, yol nişanları da şəraitə uyğun dəyişməlidir.     

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu