İllərdir həllini tapmayan dərslik problemi: Uşaqlar rəqəmlərin içində "itir"

Sosioloq Lalə Mehralı sosial şəbəkədə müəllimlərin, valideynlərin, şagirdlərin pərişan halını əks etdirən paylaşım edib. Həm də bir müəllimin adından:
- Bu, bir müəllimin üsyanıdır. Biz deyəndə, elə bilirlər şişirdirik. Buyurun, oxuyun. 

“4-cü sinif müəllimi kimi üsyan edirəm artıq. 1 ay deyil məktəb açılalı. Artıq yorulduq. 4-cü sinif riyaziyyat kitabı neçə yaşlı uşaqlar üçün yazılıb görəsən? 3-cü sinifdə ağzımdan çıxan sözü havada tutan uşaq, bu il baxır üzümə. Rəqəmlərin içərisində uşaq itir. 1000000 dairəsində ədəd deyirəme. 2 həftəyə yazmağı- oxumağı bacarsın, nə qədər azdır, nə qədər çoxdur deyə fikir yürütsün, yuvarlaqlaşdırsın, müqayisə etsin, toplasın-çıxsın, məsələ həll etsin, arada məntiq eləsin. Enerjisi qalsa digər fənlərə də baxsın. Bir dəfə də 10 yaşlı uşaq gözü ilə baxın o kitaba”...

Problem tanış və artıq təhsil verəni də, təhsil alanı da bezdirən situasiyadır.



Ekspert: "Deyirik, dərsliklər sadələşdirilməlidir, vərəqləri nazildirlər, şəkilləri azaldırlar. Kimsə də anlamaq istəmir ki, söhbət dərsliklərin məzmunundan gedir"


Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında mövcud durumun təəssüf doğurduğunu bildirdi: 

"Təəssüf edirəm ki, artıq neçə ildir dərslik problemi var, lakin heç cür həllini tapmır. Bunun başlıca səbəbi odur ki, dərsliklər hazırlanarkın şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmır. Deyirik, dərsliklər sadələşdirilməlidir, vərəqləri nazildirlər, şəkilləri azaldırlar. Kimsə də anlamaq istəmir ki, söhbət dərsliklərin məzmunundan gedir. Dünyada istər ibtidai təhsil, istər orta, istərsə də ali təhsillə bağlı yeni çağırışlar var. Bu da ilk növbədə təhsilin əlçatanlığının təmin edilməsidir. Təhsilin əlçatanlığı isə budur ki, dərslərini öyrəndikdən sonra şagirdin asudə vaxtı qalsın. Sovet vaxtı belə idi. Şagirdlər keçilən dərsi sinifdə mənimsəyirdilər, evdə isə əylənməyə, televizor izləməyə, kitab oxumağa vaxtları olurdu. İndi nəinki məktəbdə, heç dərsdən sonra da saatlarla dərslərinə hazırlaşsalar da, yenə də başa çatdıra bilmirlər. Şagirdin asudə vaxtı ümumiyyətlə qalmır. Bütün valideynlər bundan narahatdır. Və tamamilə da haqlıdırlar. Valideynlər uşaqlarının əməlli-başlı əziyyət çəkdiyini görür. Uşaq məktəbdən sonra gec saatlara qədər dərslərini hazırlayır, yenə də bitirə bilmir. Uşaqlar yalnız dərsliklərə, verilən tapşırıqlara köklənib. Uşaqların daha başqa məşğuliyyəti qalmayıb. Belə olmaz axı. Uşağın oyunlara da vaxtı olmalıdır, film də izləməlidir, gəzintiyə da çıxmalıdır, həyətdə həmyaşıdları ilə ünsiyyət də saxlamalıdır. Hesab edirəm ki, dərsliklər yenidən işlənməlidir. Ümid edirəm ki, nəhayət səsimiz eşidiləcək". 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu