Aybəniz Haşımova: "BNA məni öldürmək istəyir?! "

"Maşını harda saxlayıram SMS gəlir"


"Bravo"ya, "Favorit"ə daxil olub alış-veriş etmək üçün  təyyarədən istifadə edək ki, BNA-nın əlinə düşməyək



Əməkdar artist Aybəniz Haşımova ilə BNA arasında yaşanan qalmaqal həllini tapmayıb. Aybəniz Haşımovanın facebook səhifəsində BNA ilə bağlı paylaşımı sənətçiyə əməllicə stress yaşadıb. Agentlik bu statusdan narahat olan kimi xanım sənətçi ilə əlaqə yaradıb, guya, problemi həll edəcəyini vəd etsə də, tərəflər arasında gərginlik bir qədər də böyüyərək ictimailəşib. Aybəniz Haşımova paylaşımında bunları yazıb: «O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis Ağayev (Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum".
Müğənni Bakı Nəqliyyat Agentliyi ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. BNA-nın yazdığı cərimələrdən gileylənən Haşımova statusunu silməsinin səbəbini açıqlayıb:  

"Sırf sizi öncədən də tanıdığım və sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün yazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai kanalda deyirsiniz, "Aybəniz xanım yazmış olduğu statusunu yanıldıqdan sonra pozub".
Bir marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.
O ki qaldı nümunə olmağa - siz deyəsən məni indiyədək heç tanımamısınız... Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz".



"Demə, o mənim statusumu silmək xahişindən sonra efirdə adımdan şou quraraq məni günahkar kimi təqdim etməyə çalışıb, ayıbdı, utanmırsız?"


BNA-nın mətbuat katibi Mayis Ağayev isə İTV-də yayımlanan "3D" verilişində qonaq olarkən, A.Haşımovanı tənqid edərək, bunları deyib:

"Əməkdar artist Aybəniz Haşımova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdı, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir. Əslində, sənət adamları adi insanlara nümunə olmalıdırlar. Yoxsa mənim avtomobilim cərimə olunub, durum BNA-nı tənqid edim, sonra səhvimi anlayıb o statusu silim, bu, nümunə deyil".

Məsələyə aydınlıq gətirmək üçün bir daha Aybəniz Haşımova ilə əlaqə yaratdıq. «Şərq"ə açıqlama verən Əməkdar artist od püskürdü:

«Mən maşını yeni almışam. Keçmiş Zevin, indiki Əziz Əliyev küçəsində maşını park etdim. Park edərkən diqqət yetirdim ki, çoxlu sayda avtomobil həmin yerdə maşınlarını saxlayıb, hamısı da bahalı maşınlardı. Düşündüm ki, əgər bunlar saxlayıbsa, demək ki, burda maşınları park etməyə icazə verilir. Yəni qanun hamı üçün eyni deyilmi? 2 dəqiqə keçməmişdi ki, telefonuma radar gəldiyini gördüm. Dedim yəqin polisdən gəlib. Özüm-özümə də dedim ki, vay-vay, bircə stəkan çay içmişdim, radar ondan baha oldu. Nə isə, bu minvalla evimə sarı yollanaraq, yaxınlıqda olan ödəmə məntəqəsinə yaxınlaşdım ki, cəriməmi ödəyim. Nə qədər kodu yoxlayırlar, cərimə görünmür. İnsanlardan soruşdum, dedim mənə kömək edin, cərimə gəlib, ödəyə bilmirəm. Mənə başa saldılar ki, bu cərimələr polisdən deyil, Nəqliyyat Agentliyindən gəlir. Axı narahatam, istəyirəm cəriməni ödəyim ki, ayıbdı, mən qanunu pozan insan deyiləm. İnsanlar orda mənə bildirdilər ki, Aybəniz xanım, Bakı Nəqliyyat Agentliyinin əlindən camaat cana gəlib. Az qala həyətimizdə də maşını saxlayanda cərimə yazırlar. O qədər yalandan cərimə yazıb insanları hiddətləndirirlər ki. Nə isə,  mən bu ödənişləri ödəyə bilmədim. Qaldı. Bilmirəm də necə ödəniş edim. Narahatam deyə, nə edəcəyimi də bilmirəm. Həmin gün bir neçə saat sonra bir də SMS  gəldi.  BNA bir də məni gənclik tərəfdə cərimələyib. Ay bala, bu nə məsələdir? Qızıma yığdım ki, bala, bu nədir gündə bir neçə dəfə mənə cərimə gəlir. O da dedi ki, Nəqliyyat Agentliyi cərimə edib. Sənət adamıyam, mənə yaraşmaz axı cəriməm olsun.

Qızım dedi "ana, hamı ordan şikayət edir. İndi mən yenə ictimai şəkildə sual verib soruşuram - «Bravo» market alış-veriş mərkəzidir. Mən ordan bazarlıq edərkən təyyarə sifariş edim ki, radara düşməyim? Bu nə biabırçılıqdı. Yenə dedim, qızım, eybi yox. Bir də başqa bir "Bravo" marketin qarşısında məni cərimələyiblər. Burda parkin yeri var. Əgər bura qadağan olunmuş ərazidirsə, bunu camaata bildirsinlər, işarə qoysunlar ki, maşın saxlamaq olmaz, biz də işimizi bilək. Yoxsa maşını harda saxlayırıq, bir SMS gəlir. Bu nə deməkdi? Əgər marketin qarşısında maşın saxlamağa qadağa varsa, niyə həmin alış-veriş mərkəzinin rəhbərliyi insanlara məlumat vermir ki, burda maşın saxlamayın. Evimizə bazarlıq etmək, marketə getmək üçün gərək maşını başqa məkanda park edək, sonra da taksi sifariş edib marketə yollanaq?  Nəyə görə mənim maşınım "Bravo" marketin qarşısında cərimələnib bunu bilmək istəyirdim. Bu mənim haqqım deyil? Bunu bilmək istəyirdim, BNA-nı da tapa bilmirəm. Status yazdım ki, başıma belə bir iş gəlib. Əlaqə yaratmaq üçün kömək edin, çünki mən BNA əlində girinc qalmışam, nə pullarını ödəyə bilirəm, nə də cərimələr dayanır.

Mən dərdimi kimə deyim? Biz indi təyyarə ilə  marketlərə daxil olmalıyıq? Mən sənət adamıyam, konsertə, dövlət tədbirlərinə gedirəm. Evdən uzun səhnə paltarında çıxıram. İndi həmin səhnə qiyafəsində  Bakının küçələrini gəlib  keçməliyəm ki, hardasa səhnəyə çıxıb edim? Bu harda görünüb? Mən səhnə geyimində maşını park edib,  Bakının yarısını dolaşmalıyam ki, BNA məni cərimə etməsin. Mən müəllimə adamam, şou əhli deyiləm. Elə çıxır ki, qazandığım aylıq məvacibi BNA-nın  balansına köçürməliyəm? Mən  onlar üçün işləyirəm ki? Bu nə  qanundu? Bu ixtiyarı onlara kim verib? Qaldı məni narahat edən əsas və digər məqama - yazdığım statusa.  Mən status yazandan dərhal sonra Mayis müəllim mənimlə əlaqə yaratdı. Çox da hörmətlə  danışdıq. Dedi status yazmısız, nə probleminiz var? Mən də təşəkkür etdim ki, mənimlə əlaqə yaratdınız. Çox hörmətlə  danışdıq və mənə bildirdi ki, araşdırıb məsələni həll edərik. Status paylaşımını da o, narahat olduğu üçün sildim ki, insan əlaqə yaradıb, narahat oldu. Həll edilərsə silim. Mən özümü günahkar hiss etdiyim üçün statusu silməmişəm. Mayis müəllimi İctimai Televiziyadan tanıdığım üçün dedim ayıbdı, xahiş edirsə silim. Bir də baxıram ki, ertəsi gün Mayis müəllim mənimlə bağlı efirdə şou yaradıb, adımı hallandırır. Mənə insanlar da instaqramdan paylaşım göndərdilər. Buna narahat olub, hiddətləndim ki, mən şou adamı deyiləm ki, adımdan kimsə hadisə yaratsın. Qaldı Mayis müəllim mənimlə danışıb sağolllaşanda çox hörmətlə sağollaşdıq və bildirdi ki, məsələni həll edərik. Sən demə, o mənim statusumu silmək xahişindən sonra efirdə adımdan şou quraraq məni günahkar kimi təqdim etməyə çalışıb, ayıbdı, utanmırsız? Mən sənətkaram, şou əhli deyiləm ki, istənilən insan adımı çəkib özünə mövqe qursun. Mən bir də bəyan edirəm, mən o statusu səhv, haqsız olduğum üçün silməmişəm, Mayis müəllimi televiziyadan tanıdığım üçün, mənimlə hörmətlə danışıb problemi həll edəcəyini bildirdiyi üçün  sildim ki, ayıbdı, sabah üz-üzə gələrik. Bir də qeyd edirəm, deyək ki, digər məkanlarda qanunu pozmuşam, bəs "Bravo" marketin qabağında yüzlərlə maşın saxlayan yerdə məni niyə cərimə etmisiz? Marketə daxil olmaq üçün  təyyarə təyin edilsin, biz də "Bravo"ya, "Favorit"ə daxil olub alış-veriş etmək üçün o təyyarədən istifadə edək ki, BNA-nın əlinə düşməyək. Axı insanları bu cür incitmək olmaz. Sutka ərzində bir neçə dəfə BNA-dan cərimə gəlir? Ay bala, bu nə dərddi? Mən xəstə insanam, niyə bu qədər əsəb yaşamalıyam, narahat qalmalıyam. Heydər Əliyev məni xəstəlikdən qurtardı, müalicəm üçün vəsait yaratdı, sağaltdı ki, ölməyim, balamı böyüdüm.  İndi BNA məni öldürmək  istəyir?».

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu