Yanlış məlumatlar medianın sosial şəbəkələrlə “sintez”inin nəticəsidir

Çıxış yolu odur ki, mətbuat xidmətləri hadisələrə çevik reaksiya versin



Xəbər verdiyimiz kimi ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda iki günlük XVI Cənubi Qafqaz media konfransı keçirilib. Tədbiri ATƏT-in Media Azadlığı Ofisi təşkil edib. Konfransda mediada normativ-hüquqi bazalar, əməyin təhlükəsizliyi və yeni media texnologiyaları ilə bağlı məsələlər müzakirə edilib. Regional konfransda Azərbaycanı Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, müstəqil jurnalistlər və media ekspertləri təmsil ediblər. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov media ilə bağlı bir sıra məqamlara toxunub. Ə.Amaşov bildirib ki, şuraya daxil olan şikayətlərin yarıya qədəri saxta xəbərlərlə bağlı olur. Onun sözlərinə görə, bu cür xəbərlərin yayılmasına bəzən bilərəkdən yol verilir. Bəzən isə saxta xəbərlər bilməyərəkdən və peşəkarlığın çatışmazlığına görə yayılır:

“Mətbuat Şurasında bu məsələ müzakirə olunur və təqdim etdiyimiz təkliflərdə bu problemin aradan qaldırılması yollarını müəyyən edirik. Jurnalistlərə tövsiyəmiz ondan ibarətdir ki, xəbərlərə sayğı ilə yanaşsınlar və yoxlamadan onları cəmiyyətə çatdırmasınlar”.
Şura sədri vurğulayıb ki, Azərbaycan jurnalistikası regionun güclü jurnalistikasıdır. “Bizim jurnalistika peşəkardır və ölkədə baş verən olayları operativ və obyektiv olaraq cəmiyyətə ötürür. Azərbaycan mediası həmçinin ölkə ilə bağlı xəbərlərin dünyada yayılmasında ən demokratik institutlardan biri kimi çıxış edir”.



Gündəmə gətirilən məsələ ilə bağlı “Şərq”ə danışan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, Azərbaycanın informasiya məkanında yaranmış xoşagəlməz mənzərə daha çox medianın sosial şəbəkələrlə “sintezinin” nəticəsidir.

Baş redaktorun sözlərinə görə, insanların sosial şəbəkələrdən istifadəsi artdıqca, alınan informasiyanın mənbəyi o qədər də əhəmiyyət kəsb etmir: 

“Sosial şəbəkədə yayılmış hər hansı status və ya foto-video informasiya məhsulu kimi qəbul edilir. Digər tərəfdən, bu gün sosial şəbəkələr media üçün böyük ölçüdə informasiya mənbəyi halına gəlib. Buna görə də, bəzən sosial şəbəkələrdən götürülmüş informasiyalar ciddi mediada mötəbərlik qazanır. Bu isə sonradan fəsadlara yol açır. Xəbər axını ilə bağlı bir nümunə göstərmək istəyirəm. Ötən gün səhər saatlarında “bir rayonda qadını ata bağlayaraq sürüdükləri” iddia olunurdu. Günün ikinci hissəsində bəlli oldu ki, məsələ ümumiyyətlə təqdim edilən kimi olmayıb. Gün ərzində belə hallar çox olur. Bunu isə hansısa inzibati tədbirlərlə tənzimləmək mümkünsüzdür. Yenə də ümid, çarə oxucuya, oxucunun ciddi mediaya üstünlük verməsinə qalır”.

“Azadinform.az” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də “Şərq”ə açıqlamasında millət vəkili Əflatun Amaşovun haqlı olduğunu deyib: 

“Şuranın İdarə Heyəti və Şikayətlər Komissiyasının üzvü kimi deyə bilərəm ki, baxdığımız müraciətlərin bir çoxu məhz saxta xəbərlərlə bağlıdır. Dəhşətlisi odur ki, hər hansı bir informasiya yayımçısı saxta xəbəri yayır, digərləri də həmin xəbəri heç bir dəqiqləşmə aparmadan istinadla tirajlayır. İrad bildirəndə də "biz filan sayta istinad etmişik" deyə özünü məsuliyyətdən qorumağa çalışır. Beləliklə oxucu bir neçə informasiya saytında həmin saxta xəbəri görəndə onun həqiqət olduğu barədə düşünür. Çünki oxucunun xəbəri dəqiqləşdirmək və yaxud da onun saxta olub-olmadığını müəyyənləşdirmək həvəsi, vaxtı, imkanı olmur. Nəticədə gündəmi həmin xəbərlərlə müəyyənləşdirir. Mətbuat Şurası İdarə Heyəti və xüsusən də Şikayətlər Komissiyası davamlı olaraq həm mediaya, həm də ictimaiyyətə bu barədə müraciətlər edir. Jurnalistlərə informasiya mənbələrinin dəqiq göstərilməsi tövsiyyə olunur. Həm "KİV haqqında" qanunun müvafiq maddəsi, həm də Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarında bu barədə tələblər ifadə olunub. Təəssüf ki, bəzi internet resursları bu tələbləri ya bilərəkdən, ya da bilməyərəkdən nəzərə almır. Əlbəttə ki, belə olan halda Mətbuat Şurası tərəfindən xəbərdarlıq və yaxud da ciddi xəbərdarlıq alırlar”.

N.Niftiyev də vurğulayıb ki, saxta xəbərlərin yayılmasında sosial şəbəkələrin rolu da böyükdür: 

“Təəssüf ki, bu gün sosial şəbəkələrə informasiya mənbəyi kimi baxan həmkarlarımız az deyil. Çıxış yolu hər zaman var. Jurnalistlər ilk növbədə saxta xəbərlərin cəmiyyətə, haqqında o tip informasiyalar yayılan hüquqi və fiziki şəxslərə vura biləcəyi zədələri düşünməlidirlər. Yəni məsuliyyətli olmalıdırlar. Yuxarıda qeyd etdiyim kimi, qanunvericilikdə və peşə davranış qaydalarında informasiya mənbələri açıq-aydın göstərilib. Bu qaydalara riayət edəcəyimiz halda bu kimi xəbərlərin tirajlanmasının da qarşısını ala bilərik”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski isə qəzetimizə açıqlamasında bildirib ki, dezinformasiya yayılırsa, deməli bu kiməsə lazımdır: 

“Kimsə başqasını qaralamaq istəyirsə, onun barəsində yalan iddia ortaya atır. Çünki əmindir ki, onu təkzib edən olmayacaq. Əvvəllər yalan xəbərlər mətbuat vasitələri üzərindən müxtəlif formalarda yayılırdısa, indi bunun üçün daha rahat vasitələr meydana çıxıb. İstənilən şəxs sosial şəbəkələrdə saxta profil yaradaraq, həqiqəti əks etdirməyən məlumatları ictimaiyyətə ötürür. Sonra bu uydurma məlumat bəzi KİV-lər tərəfindən tirajlanır. Heç kimin ağlına gəlmir ki, yayılan xəbərin kökünü araşdırsın. Çünki proseslərin sürətlə irəlilədiyi dövrdə dərindən araşdırmaya vaxt sərf etmək istəmirlər. Ona görə də yalan xəbərlərin yayılmasının qarşısını almaq olmur”. 

Jurnalistin sözlərinə görə, dezinformasiyaların qarşısını almağın yolu odur ki, dövlət  qurumlarının mətbuat xidmətləri çevik reaksiya verməlidir: “Hər bir məsələ ilə bağlı qurumların operativ məlumat yayması xeyli uydurma xəbərlərin ortaya çıxmasının qarşısını ala bilər. Daha doğrusu həmin xəbərlər yayılsa belə onlara inamsızlıq formalaşdırar və hamı bilər ki, informasiya yalandır. Bunu da mətbuat xidmətləri etməlidir. Bir çox hallarda mətbuat xidmətləri fəaliyyətlərinin nədən ibarət olduğundan xəbərsiz olurlar. Əgər bir qurumla bağlı həqiqətə uyğun olmayan xəbər yayılıbsa, mətbuat xidməti dərhal informasiya hazırlamalı və onu həm saytlarda, həm də sosial şəbəkələrdə sürətlə yaymalıdır. Ancaq əfsuslar olsun ki, sıfır reaskiya görürük. Hesab edirəm ki, ən doğru yol yalan xəbərlərə çevik münasibət bildirməkdir. Bu halda dezinformasiyaların qarşısını almaq olar”. 

“Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov “Şərq”ə açıqlamasında dezinformasiyaların yayılmasının müxtəlif səbəblərə bağlı olduğunu söyləyib: 

“Əsas səbəblərdən biri qeyri-peşəkarlıqla bağlıdır. Ancaq bu səbəb məsələnin subyektiv tərəfidir. Problemin obyektiv tərəfi də var. Məsələ ondadır ki, mətbuat vasitələrinin informasiyanı əldə edərkən və cəmiyyətə çatdırarkən həmin xəbəri bir neçə mənbədən dəqiqləşdirmək imkanı məhduddur. Əlbəttə, bu, KİV-lərə haqq qazandırmır ki, faktlara söykənməyən informasiyanı tirajlasınlar. Mümkün qədər informasiyanın dəqiqliyi yoxlanmalıdır. Hesab edirəm ki, əvvəlki illərə nisbətən son zamanlar mediada dezinformasiyaların sayı nisbətən azalıb. 5-6 il öncə Azərbaycanda şantaj mediası formalaşmışdı. Müəyyən hadisələrdən sonra bu cür halların qarşısı tamamilə alındı. Nəticə etibarı ilə bazarda ictimai rəyə təsir imkanı olan, dolğun informasiya istehsal edən, xəbəri bir neçə mənbədən dəqiqləşdirən mətbuat orqanları qaldı”.

“Azpolitika.az” saytının redaktoru Elnur Məhərrəmli də “Şərq”ə bildirib ki, xəbərin saxta, yoxsa həqiqi, əsaslı və ya əsassız olduğunu müəyyən etməzdən əvvəl onu yayan mənbənin mötəbərliyi məsələsinə nəzər yetirməliyik: 

“Əflatun müəllimin qaldırdığı məsələ ilk növbədə bu problemdən qaynaqlanır. Yəni biz əvvəlcə elə bir mexanizmin yaradılmasına nail olmalıyıq ki, bu mexanizmin köməyi ilə həqiqi KİV-i saxta mətbuatdan, peşəkarı qeyri-peşəkardan, təsisçisi, rəhbərliyi məlum olanı anonimdən ayıra bilək, bundan sonra yayılan xəbərlərin saxta və ya həqiqiliyini müəyyən etməyə başlayaq. Çox böyük ehtimalla, Mətbuat Şurasına daxil olan şikayətlərin 95 faizi mediaya, jurnalistikaya uzaqdan-yaxından əlaqəsi olmayan dələduz adamların yaratdıqları saytlardandır. Belə olduqda bu şikayətləri niyə medianın ayağına yazaq? Hesab edirəm ki, çox tezliklə Azərbaycanda internet medianın statusu məsələsi öz həllini tapmalı, rəsmi qeydiyyat mexanizmi yaradılmalı, sayt açmaq üçün müəyyən kriteriyalar müəyyənləşdirilməlidir. Hər yerindən duranın - cinayətkarın, dələduzun özünü media adamı, jurnalist, hətta baş redaktor kimi təqdim edib, bu peşəni gözdən salmasının qarşısı qətiyyətlə alınmalıdır. Mətbuat Şurası buna nail olduqdan sonra barəsində danışdığımız problemlərin 90 faizi dərhal aradan qalxacaq. Başqa cür mediaya ciddilik, məsuliyyət və oxucu etibarı qazandırmaq mümkün olmayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu