Fərdləri yox, ailələri xilas etməliyik: Yoxsa daha dəhşətli hadisələrin şahidi olacağıq

Qadın azadlığı, feminizm deyib, əslində isə feminizmin nə olduğunu bilməyən bir qrup qadın ortaya düşüb guya qadın azadlığının boğulmasından danışırlar


Sosial şəbəkə gül-çiçəyə bürünüb; Qızlar günüdür. Ona görə. Qız anası, qız atası olmaqla fəxr edənlər fidanlarının fotolarını bol-bol paylaşır deyə, payıza rəğmən sosial şəbəkədən bahar ətri gəlir. Çətindimi, gül ətrini qorumaq, insanlara sevgi ilə, mərhəmətlə yanaşmaq? Dünənki “Qız bayramı” “çətin deyil” nəticəsinə gətirir. Bəs niyə “qadın-kişi döyüşü” günlərdir səngimir? İttihamlar, tənələr, tənbehlər, qınaqlar. Hətta təhqirlər də. Sanki Pun müharibələridir. Danışanlar kiminsə xanımı, kiminsə bəyidirsə, bu gərginliklə hara gedirik o zaman?  Bir-birini qəbul etməyən tərəflər ailə ortamında yaşaya bilməz. Cəmiyyətdə də uyumsuzluq mövcud olar. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun son müsahibəsi isə     müzakirələrin kulminasiya nöqtəsi hesab edilə bilər. ADP sədrinin müsahibəsində “əgər kişilərlə qadınlar bərabərhüquqludursa, onda qadınlar da əsgərliyə getsin. Qadınları əsgər aparmırlar ona görə ki, bu, bizim milli və dini dəyərlərimizə ziddir. Qadınlar da milli və dini dəyərlərə hörmət etməlidir. Qadın səsvermə, seçilmək, təhsil, səhiyyə… və sairdə kişilərlə eyni hüquqa malikdir. Amma qadının özbaşınalıq hüququ yoxdur” fikri sosial şəbəkədə “qadın ordusunun” hücumu ilə nəticələnib. Və hücum hələ də davam edir. 11 oktyabrın Beynəlxalq Qızlar Günü olduğunu səbəbsiz xatırlatmadıq. Məhz bu günlə bağlı paylaşımlar da artıb, müzakirələr də yenidən qızışıb. “Deyirsiz, qadın hüquqları pozulur. Qızlar günü var, bəs kişilər günü niyə yoxdu?” yazan kişilərə qadınlar tezcə “ilin bütün günləri Kişilər günüdür də!” cavabını verirlər. Qısası, tərəflər əlinə qılınc-qalxan alıb döyüşə hazır vəziyyətdə dayanıblar. İndi gözləyək görək keyfiyyətsiz televiziyalarımız necə “tok-şoular” hazırlayacaqlar. Yenə də “ekspertlər” boşanmış qadın və ya kişilər, ya da müğənnilər olacaq. Göz lazımdı, tamaşa edə.          

Qadınlar kişilərdən, kişilər qadınlardan nə istəyir?


“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova belə bir status paylaşıb: 



Dəhşətli durumdur...
Cinslərarası iki cəbhə formalaşıb.
Qarşı-qarşıya duraraq bir-birinin məhvi və ya qalibiyyətlərinin davasındadırlar.
Qorumaq lazımdır, nə məğlub, nə qalib yoxdur burda.  



Mövqe.az saytının əməkdaşı Elnurə Abuşova “Şərq”lə fikirlərini bölüşdü: 

- Son günlər ailədaxili münaqişələrin qadınların ölümü ilə nəticələnməsi təəssüf hissi ilə yanaşı xanımlarda qorxu hissi yaradır. Nişanlı qızımız, son baş verənlərdən sonra ailə qurmağa qorxur. 
Baş verənlər bir növ, ailə unstitutlarımızın fəaliyyətsizliyinin göstəricisidir.  Həyəcan təbili çalmağın vaxtıdır. Ailədaxili münaqişələr həmişə olub. Qatilə çevrilən ərlərin əksəriyyəti uşaqlıqda özü, anası zorakılığa məruz qalmış, qüruru sındırılmış, anaları gözləri önündə döyülmüş uşaqlardı. Valideynlərə məsləhətim odur ki, aralarındakı problemləri uşaqlar evdə olmayanda həll etməyə çalışsınlar. Haşiyədən kənara çıxıb Sərdar Cəlaloğlunun da çıxışına münasibət bildirmək istəyirəm. O, “qadın kişiyə tabe olmalıdır” deyir. Ailələrimizdəki problem də budur. Evdə qadın və kişinin bir-birinin fikirlərinə hörmət etmək hissi aşılanmır. Hamıya – “kişinin dediyi olmalıdır” qənaəti sırınmağa çalışır. Qadın kişinin köləsi deyil ki, tabe olsun. Fikir, məsləhət bölgüsü, qarşılıqlı hörmət olmalıdır. Xanımlarımız nə istəyir? Diqqət, qayğı, təminat. Kişilərimiz? Kişilərimiz evdə kişi kimi qadın, bəziləri əmrə müntəzir qul. Amma əllərinə pul düşən kimi heç birisi “kişi kimi”, yaxud, əmrə müntəzir qul xanımıyla vaxt keçirmək istəmir. Bu təfəkkürlə, bu dünyagörüşü ilə bir azdan qızlarımız yalnız və yalnız əcnəbiləri seçəcək ailə qurmaq üçün. Ən azından onlarda "YAXŞI AT ÖZÜNƏ QAMÇI VURDURMAZ" məsəli yoxdur! 
Problemin həlli üçün ailə institutlarını yeniləmək, məktəblərdə "ailə" fənni həftədə bir neçə dəfə dərs kimi tədris olunmalıdır. 



“Qızları göz bəbəyi kimi qoruyun”


“Qadın-kişi davası” ilə bağlı sosial şəbəkədə paylaşılanlara yazılan rəylər də maraqlıdır: 

Aynur Şahkərimova: Necə qorxmasın, bu baş verənlərdən sonra mən belə evdə qorxa-qorxa gəzirəm.

Firdovsi Sarvanlı: Bu bir həyəcan təbilidir. Bəlkə eşidələr.

Natəvan Əfəndiyeva: Mütləq bir ölçü götürülməlidir.

Aynur Ağayeva: Tamamilə haqlısız. Mən həm oğul, həm qız anasıyam. Mən deyərdim təlim-tərbiyə məsələsində bağçaların və məktəbin boyük rolu var.Yaxşı olardı ki, məktəblərdə psixoloqlar işlərinə vicdanla yanasıb usaqların psixologiyasının normal formalaşmasına çalışsınlar. 

Dunya Sakit:

"Şəkidən olan 54 yaşlı şərəfsiz özündən 17 yaş kiçik arvadını yatdığı yerdə başına qantellə vuraraq öldürüb. Polisə də özü məlumat verib. Yüz faiz, əsaslandırması namus söhbəti olacaq. Bu şərəfsizə deyən gərək, özündən 17 yaş kiçik qadınla niyə evlənirdin axı? Və o qadının valideynləri, yaxınları hansı ağılla qızlarını atası yaşda birinə veriblər? Bu gün qız uşaqları günüdür, valideynlər, qızlarınızı göz bəbəyi kimi qoruyun, hər itə-qurda yem etməyin...".

Kənan Şahpələngov: Bəzi valideynlər qız uşaqlarını başından edir, nəticə də belə faciəli olur...
    
Alim Məmmədov: 35 yaşında qız uşağı olmur, ona gələn də özü razılıq verib 100 faiz. Mən qatilin tərəfdarı deyiləm, amma belə edə-edə ölkədə fahişəliyi yayırıq. O qədər tanış var ki, kişidən 10 yaş, 15 yaş kiçikdi. Onda gərək onlar da fahişəlik edib o kişi, bu kişi ilə yatsın. Sizin deməyinizdən belə çıxır. 

Arifə Muxtarova: Dəhşətdir, bacım. Başıma gətirilənləri bilsəniz...

Elcan Məmmədov: Dünən gecə İnqmar Berqmanın 1967-ci ildə çəkdiyi "Utanc" filminə baxdım. Film bir ailənin timsalında, xəyali bir zamanda vətəndaş müharibəsindən bəhs edir. Sakit bir ailə ətrafda baş verənlərin səbəbilə yüksələn xətlə biri-birlərinə (ər və arvad) düşmən kəsilirlər... Yəni belə.



Belə davam edərsə, yarım ildən sonra...


Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bərabərhüquqluluqla bağlı yanaşmaları primitiv adlandırdı: 

- Nə qadınlar kişilərlə razılaşır, nə də kişilər qadınlarla. Ancaq ziddiyyətlər, qarşılıqlı ittihamlar. Tərəflər bir-birini dinləmir. Hər iki tərəf öz fikrinin düzgünlüyündə israr edir, öz qaydalarını diktə etməyə çalışır. Vəziyyət ona görə belə acınacaqlı hal alıb, çünki bizdə bu istiqamətdə lazımi işlər aparılmayıb. Hələ də aparılmır. Ayrı-ayrı fərdləri günahlandırmaq düzgün deyil. Humanitar siyasət düzgün qurulmayıb. Biz ayrı-ayrı fərdlər barədə deyil, ümumilikdə ailənin xilası  haqqında danışmalıyıq. Amma qadın azadlığı, feminizm deyib, əslində isə feminizmin nə olduğunu bilməyən bir qrup qadın ortaya düşüb guya qadın azadlığının boğulmasından danışırlar. Biz ailələri xilas etməliyik, ayrıca kişiləri, ya da qadınları yox. Nə qadınlar, nə də kişilər arasında da maarifləndirmə işləri aparılmır. Ona görə də belə gərginlik var. Ailədə ahəngdarlıq olmalıdır. Ahəngdarlığı pozan kimdirsə, günahkar odur. Çalışmalıyıq ki, bizi əhatə edən mühitdə milli dəyərlər sıxışdırılmasın. Amma televiziyalarımız səfeh-səfeh seriallar nümayiş etdirməkdə, əhali də onlara baxmaqdadı. Vəziyyət belə davam edərsə, yarım ildən sonra daha dəhşətli hadisələrin şahidi olacağıq. 

Bəlkə şüarları dəyişək? Kişilərin acığına “Yaşasın qızlar”, qadınların acığına “yaşasın oğlanlar” deməkdən əl çəkək və birlikdə “Yaşasın millət” deyək!

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu