Prezidentin köməkçisi: "20 ildən çoxdur, qətnamələr yerinə yetirilmir"

Bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransı keçirilib.
APA -nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır.

Ə.Amaşov son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqlarının da artdığını söyləyib: “Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallar qarşı birgə çıxmağı tələb edir. Azərbaycan ikili standartlarla üzləşir. Dünyada qeyri-obyektivliyin, qərəzin şahidi oluruq. İnanırıq ki, bu konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcək".

Ə.Amaşov Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı “Barış bulağı” əməliyyatı aparmaqda haqlı olduğunu da vurğulayıb.
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim bildirib ki, bu gün burda olmalarının iki önəmli səbəbi var: “Bunlardan birincisi Türk Şurasının 10-cu ildönümü, ikincisi, Türkiyənin haqlı olduğu Suriyada təhlükəsiz bölgə qurmaq üçün apardığı "Barış pınarı" əməliyyatıdır. Türk coğrafiyasında türk dövlətlərinin baxışı və fikirləri eynidir. Millətçiliyi heç vaxt geri plana atmamalıyıq, Türkiyəyə ən böyük dəstəyi Türk coğrafiyası verir. Azərbaycanla çoxlu ortaq yönümüz var. Azərbaycanla bizim tarixdən gələn qohumluq və qan bağımız mövcuddur. Çanaqqala zəfərində çoxlu Azərbaycan türkü şəhid olub. Milli mücadilənin başladığı vaxt Atatürkün xahişi əsasında Nəriman Nərimanov türk ordusunu qarşılıqsız olaraq neft və yanacaqla təmin etmişdi. Bundan əlavə, pula ehtiyacı olan və yenidən müraciət edən Atatürkə pul yerinə qızıl göndərir, bunu borc deyil, qardaşlıq yardımı olduğunu bildirir".
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Türk dünyasının gözünün Bakıda olduğunu nəzərə çatdırıb: “Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq”.
Azərbaycanın gördüyü işin haqlı, ədalətli olduğunu vurğulayan Ə. Həsənov ölkəmizdə müxtəlif xalqlar və dinlərin multikultural cəmiyyətdə yaşadığını vurğulayıb: “Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalət qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yaxın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox insanı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət arayırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar nəticəsində həyata keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması tələb edilir. Ancaq 20 ildən çoxdur, qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir".

Ə.Həsənov bu Konfransın Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaratdığını vurğulayıb: “Azərbaycan bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Medianın imkanlarından istifadə edərək həm Türkiyənin, həm Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq. Diasporumuzu və mediamızı birləşdirməli və haqsızlıqlara qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan Suriyada başladığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə dəstək verir. Haqq işində Azərbaycan Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyir”.
“Habertürk” televiziyasının əməkdaşı Bulent Aydemir bu gün Türkiyənin şanlı müğarizəsinə qarşı təbliğat aparıldığını söyləyib: "Türkiyənin Suriyada apardığı əməliyyat təhlükəsizliklə bağlıdır, qəti olaraq hansısa ölkənin ərazisini işğal etmək məqsədi daşımır. Türkiyə ordusunun bütün ərazini terrorçulardan təmizləməyə gücü və qüdrəti var. Türkiyənin haqq işinin bütün dünyaya çatdırılmasında medianın köməyi də önəmlidir".
Tədbir çıxışlarla davam edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu