Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə müqavilə imzaladı



Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçirib.

İnstitutdan sherg.az-a bildirilib ki, dəyirmi masada AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.



Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, institut Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. O deyib ki, Azərbaycan-Çin əlaqələri qədim tarixə malikdir: “Qədim İpək Yolu Şərq və Qərb sivilizasiyalarını, Çin ilə Aralıq dənizi arasındakı mədəniyyətləri bir-birinə bağlayıb. Orta əsrlərdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biri idi. Şəhərlərimiz məşhur beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi. Dünyanın müxtəlif yerlərindən gələn tacirlər buradan ipək parça, ədviyyatlar, zinət əşyaları və digər malları alaraq, başqa ölkələrə aparırdılar. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib”.

Professor Van Çaoquanq çıxışında qeyd edib ki, Çin və Azərbaycan dost ölkələrdir: “Qədim İpək Yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. Çin-Azərbaycan əlaqələri tarixinin araşdırılması yeni faktları üzə çıxaracaq”.

Alimlərimiz dəyirmi masada bildiriblər ki, Ulu Öndərin 1994-cü ildə Çinə səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoyub. Prezident İlham Əliyevin Çinə dövlət səfərlərindən sonra isə bu əlaqələr keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb.

Çinli alimlər isə deyiblər ki, çin mənbələrində Azərbaycan və onun şəhərləri, Xəzər dənizi barədə əhəmiyyətli məlumatlar var.

Bildirilib ki, yaxınlarda Tarix İnstitutunda “Azərbaycan-Çin əlaqələri tarixindən” kitabı nəşr olunacaq. Kitabın müəllifləri tarixçi alimlər Nərgiz Axundova və Xou Aytszyun, elmi redaktoru isə Yaqub Mahmudovdur.

Sonda AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq. Sənədi Tarix İnstitutu tərəfindən Yaqub Mahmudov, Dünya Tarixi İnstitutu tərəfindən isə Van Çaoquanq imzalayıblar. Qonaqlara İrəvan xanlığının, Qarabağın və Naxçıvanın tarixinə həsr olunmuş kitablar təqdim olunub.

Xatırladaq ki, Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə 2015-ci ildən əməkdaşlıq edir. 2016-cı ildə isə Tarix İnstitutunda Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin tarixi əlaqələrinə dair” kitabı çap olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu