Boşanmış uşaqsız qadınlara da aliment ödənsin! - AKTUAL

10 il evli olan qadını uşağı olmadığına görə, boşadılar və ona nə aliment, nə də mülk verdilər



Aliment deyiləndə ilk ağla gələn atanın övlada ödədiyi pul olur. Alimenti adətən atalar uşağa görə ödəyir. Amma, bəlkə də, əksər qadınlar bilmir ki, hətta evlilik müddətində övladları olmayıbsa da, ayrıldıqdan sonra qadına aliment ödənməsi qanunla təsbit edilib. Yəni övladı olmayan qadınlara da aliment düşür. 

Qanunvericiliyə görə, tərəflərin ortaq övladı olmadıqda belə boşandığı təqdirdə ər və ya arvad ehtiyac olan tərəfə öz yardım əlini uzatmalıdır.
Bu barədə hüquqşünas Əlövsət Allahverdiyev Lent.az -a bildirib. Ə.Allahverdiyev deyib ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsi Azərbaycanın Ailə Məcəlləsi ilə tənzimlənir. Boşanmadan sonra bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, tərəflər müəyyən hallarda zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 

“Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad), ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 ildən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment tələb etmək hüququna malikdir.

Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.
Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir”.

Hüquqşünas qeyd edib ki, məhkəmə bəzi hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Belə ki, maddi yardıma ehtiyacı olan arvad (ər) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda və nikah çox çəkmədikdə.



“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova “Şərq”ə açıqlamasında məlum təklifin onun tərəfindən səsləndirildiyini dedi: 

- Boşanmış qadınlara aliment ödənməsi mütləq lazımdır. Necə ola bilər, 10 il birgə yaşayasan, birgə əmlak idarə edəsən, kişi qadını işləməyə qoymasın, sonra da boşansınlar və qadın maddi təminatsız qalsın? Xəstəxanada mənimlə bir qadın müalicə olunurdu. Demək, xanımın əri öz qohumu idi, əvvəl evli olmuşdu, sonra bununla rəsmən ailə qurmuşdu. Evlilik dövründə ev tikdirmişdilər, lakin yaşlananda qadını atmışdılar, xəstə olduğuna gorə. 10 il qadını işləməyə qoymamış, yalniz ev işlərini, tikintidə işləyənlərə qulluq etmişdi. Sonda nə oldu? Uşağı olmadığı üçün nə aliment, nə mülk, heç nə ala bilməmişdi.

Bu məsələni bir neçə ay əvvəl sosial şəbəkədə mən qaldırdım ki, aliment ödənməsi məsələsi həll edilməlidir. Belə qadınlar az deyil, çox da deyil. Hesab edirəm ki, belə qadınların hüquqları bərpa olunmalıdır. Qadının əlilliyi olsa, qanun o qadına aliment verilməsini təmin edəcək. Amma əlilliyi yoxdursa, işləmək yaşı keçibsə, evlilik dövründə də şəxsin işləməyinə icazə verilməyibsə, məncə, qadının hüququ tanınmalıdır və ona aliment təyin edilməlidir. Bu məsələ qanuniləşdirilməlidir.                                              

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu