Sosial şəbəkənin "qaranlıq" qonaqları: Tanınmışların adından informasiya terroru törədirlər

Tanınmış aktyor, teleaparıcı Azər Axşam və həyat yoldaşı Səbinə Şabanova sosial şəbəkədə təxribatla üzləşib. Belə ki, özünü aktyorun “həyat yoldaşı” kimi təqdim edən Səbinə Şabanova adlı şəxs feysbukda Milli Qəhrəman Mübariz İbrahimov haqqında nalayiq ifadələr yazıb və qəhrəmanı təhqir edib. Həmin şəxs “Mənim ərimdən başqa Azərbaycanda kişi yoxdur. Ona xalq artisti adı veriləcək” cümləsini də statusuna əlavə edib. Saxta profildən yazılan status sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

Əksəriyyət statusun təxribat olduğunu bilmədən teleaparıcının həyat yoldaşını feysbukda linç etməyə başlayıb. Məsələyə reaksiya verənlərin çoxu aktyorun və onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Bir sıra saytlarda “Azər Axşamın həyat yoldaşı Mübariz İbrahimovu təhqir etdi” başlıqlı yazılar da tirajlanıb. Yaşananlara və təhqirlərə dözməyən aktyor Azər Axşam mediaya açıqlama verərək təxribatla üz-üzə qaldığını bildirib. Teleaparıcı üçüncü dəfədir bu cür çirkin əməllə üzləşdiyini deyib:

“Sosial şəbəkədə naməlum adamlar profil açır, mənim və yoldaşımın adından nalayiq sözlər yazırlar. Polisə müraciət edirəm, profil bağlanır, ancaq həmin şəxsləri tapa bilmirlər. Mənim həyat yoldaşım heç kimi təhqir etməyib. O profil xanımıma aid deyil. Kim olduğunu bilmirəm. Hansı Azərbaycan xanımı öz kişilərini belə təhqir edər və ya qəhrəmanımıza dil uzadar? İnanmıram ki, o profili açan azərbaycanlıdır. Allah həmin profili açan şəxsin bəlasını versin. Məni dillərə saldı. İnsanlar bu cür təxribatlara inanmasınlar. Biz sənət adamıyıq, bizi başqa işlərə çəkməsinlər”. Məlumat üçün bildirək ki, feysbukda və digər sosial şəbəkələrdə dəfələrlə müəyyən şəxslərin adına saxta profillər açılıb ki, bu da ciddi fəsadlara yol açıb. Ekspertlər isə hələlik bunun qarşısını almağın mümkün olmadığını ifadə edirlər. 


Ekspert bildirir ki, durumla bağlı feysbuk rəhbərliyinə və polisə müraciət edilməlidir


Məsələni “Şərq”ə dəyərləndirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, bu problem təkcə Azərbaycana aid deyil. Yəni sosial şəbəkələrdən istifadə edən bütün ölkələrdə bu cür hallara rast gəlinir:

“Feysbukda ortaya çıxan neqativ məqamlara sosial şəbəkə istifadəçiləri özləri reaksiya verməlidir. Saxta profildən yayılan məlumatlar geniş müzakirələrə və etirazlara səbəb olmadan dərhal qarşısı alınmalıdır. Profilin real sahibi yubanmadan açıqlama verərək onun adından yayılmış söz-söhbətin həqiqəti əks etdirmədiyini söyləməlidir. O halda sosial şəbəkə istifadəçiləri həmin profilin saxta olduğunu anlayacaqlar. Daha sonra bu məlumatın özü yayılacaq və yalan xəbərlərin önünə keçəcək. Təbii ki, saxta profillərlə bağlı həm feysbuk rəhbərliyinə, həm də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Ancaq bunun qarşısını almaq və hansısa profilin bağlanmasını təmin etmək asan məsələ deyil. Çünki burada nəhəng və hamıya açıq bir şəbəkədən söhbət gedir. Əfsuslar olsun ki, feysbukda yaxşı məqamlarla yanaşı, neqativ amillər də mövcuddur. Məncə, sağlam mühitin məsələyə ciddi reaksiya verməsi ilə problemin qarşısını nisbətən almaq mümkündür. Lakin məsələnin “2x2=4” kimi konkret həll mexanizmi yoxdur”. 

Ekspert müəyyən şəxslərlə bağlı sosial şəbəkələrdə açılan profillərə birmənalı yanaşmanın doğru olmadığını bildirib:

“Əgər kiminsə adından cinayət xarakterli açıqlamalar verilirsə, o halda prosesə birbaşa hüquq-mühafizə orqanları müdaxilə etməlidir. Lakin bir məqamı da mütləq qeyd etməliyəm. Bəzi hallarda hansısa tanınmış şəxslə bağlı feysbuk profili açılır və həmin səhifə məşhur şəxsin “fan klubu” kimi fəaliyyət göstərir. Əslində bu da bir növ saxta profil sayılır, çünki əsl sahibi ilə əlaqəsi yoxdur. Amma məqsəd təxribat deyil, sadəcə, təbliğat və fanatizmdir. Çünki belə profillər xoş niyyətlə açılır. Onları cinayət məsuliyyətinə cəlb etmək olmaz. Ona görə də məsələyə birmənalı yanaşmaq düzgün deyil”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu