“Müsavat”a başqan seçilmədi, təyin edildi

İsa Qəmbər kölgəyə çəkildiyini desə də, yekun nəticəyə əsaslı təsir göstərib



Ötən gün Müsavat Partiyasının IX qurultayı keçirilib. Sədrlik uğrunda namizədlər - Arif Hacılı, Yadigar Sadıqlı, Tofiq Yaqublu mübarizə aparıblar. Səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib. Etibarlı bülletenlərin sayı 333 olub. Arif Hacılı səslərin 262-ni, Tofiq Yaqublu 51-ni, Yadigar Sadıqlı isə 20-ni toplayıb. Qurultay zamanı İsa Qəmbərlə başqanlığa namizədlər - Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə yaranıb.

Buna səbəb İ.Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub. Namizədlərin etirazına münasibət bildirən sabiq sədr vurğulayıb ki, T.Yaqublu və Y.Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər. Səsvermədən sonra açıqlama verən Arif Hacılı “Müsavat” rəhbərliyində yeni simaların olacağını söyləyib. O qeyd edib ki, kifayət qədər siyasi təcrübəsi olan səriştəli şəxslər rəhbərlikdə qalacaq: “Keçən qurultaydan sonra opponentlərim Yadigar Sadıqlını və Tofiq Yaqublunu Müsavat Partiyasının başqan müavini təyin etmişdim. İndi də belə bir təkliflə əlaqədar müzakirələr aparacağıq. Onların özləri üçün uyğun hesab etdikləri mövqeləri təklif edə bilərik”. 

“Müsavat”ın budəfəki qurultayı politoloqlar tərəfindən birmənalı qarşılanmayıb. Ekspertlərin qənaətincə, İsa Qəmbərin seçkiyə müdaxiləsi yekun nəticəyə əsaslı təsir göstərib. 



Siyasi şərhçi hesab edir ki, partiya daxilində demokratik gedişlərə imkan yaradılmır


“Müsavat”ın növbəti qurultayını və ortaya çıxan nəticələri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Həsrət deyib ki, siyasi partiyalar ölkəyə rəhbərlik etmək iddiasında olur. Müsavat Partiyası da iqtidar olmaq arzusundadır: “Müxalifətdə olan partiya özünü demokratik şəraitə uyğunlaşdırmalıdır.

Bu baxımdan “Müsavat”ın qurultayında baş verənləri tənqid edə bilərik. Səsvermənin gedişində məlum oldu ki, keçmiş başqan İsa Qəmbər kölgəyə çəkildiyini iddia etsə də, faktiki olaraq proseslərə nəzarət edir. Digər tərəfdən aydın oldu ki, partiya daxilində demokratik gedişlərə imkan yaradılmır. Qurultayı izlədikdən sonra belə qənaətə gəldim ki, daim Azərbaycan iqtidarını anti-demokratik olmaqda ittiham edən “Müsavat”ın öz daxilindəki problemlər kifayət qədər çox imiş. Yaxşı olar ki, “Müsavat”dakı şəxslər ilk növbədə özlərinə nəzər yetirsinlər. Çünki “əvvəl evin içi, sonra çölü” olmalıdır. Müxalif partiya rəhbərliyi alternativ fikir söyləyənlərə qarşı dözümsüzlüyü aradan qaldırmalıdır. Başqanlıq seçimini demokratik mühitdə və normal şəraitdə etmək lazımdır. Partiyanın daxili siyasi proseslərinə kənar şəxslərin, ələlxüsus keçmiş sədrin müdaxiləsi yolverilməzdir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu