Azər Həsrətdən etiraz: "Türk Şurası" yox, "Türk Keneşi" 

"Azərbaycan həmişə Türk Birliyinin qurulmasında fəal olub"




Türkdilli Ölkələrin Əməkdaşlıq  Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçdi. Bu gün Bakıda Şuranın 7-ci sammiti də baş tutdu. 

Türk Şurasına sədrliyin Azərbaycana keçməsini Sherg.az-a dəyərləndirən Əməkdar jurnalist Azər Həsrətin fikrincə, Azərbaycanın siyasi aləmdəki nüfuzu daha da möhkəmlənəcək:

“İlk növbədə onu qeyd edim ki, mən “Türk Şurası” ifadəsinin işlədilməsinə qarşıyam. Bu ifadə təmiz türk dilində olmalı, “Türk keneşi” ilə əvəzlənməlidir. Azərbaycan həmişə Türk Birliyinin qurulmasında fəal olub. Bu, 100 il əvvəl də belə idi, indi də belədir. Ölkəmiz Orta Asiya və bütünlüklə Türküstan dövlətləri arasında bir növ körpü rolunu oynayır. Sevindirici haldır ki, bizi bütün türk dövlətləri qəbul edirlər. Düşünürəm ki, sədrliyin Azərbaycana verilməsi bu əlaqələri daha da möhkəmləndirəcək".

A.Həsrət qeyd edib ki, quruma sədrliyin Azərbaycanda olması, ölkəmizlə bağlı siyasi problemlərin həll edilməsi istiqamətində də mühüm rol oynayacaq:

“Türk Keneşinin" əsas məqsədi türk dövlətlərini birləşdirməkdir. Təbii ki, türk dövlətləri ilə əlaqələr gücləndikcə problemlərimizin həlli istiqamətində bizə dəstək verənlər də çoxalacaq. 15-20 il əvvəl Dağlıq Qarabağ məsələsində çox az dövlət Azərbaycanla həmfikir idi. Amma "Türk Keneşi" yaradıldıqdan sonra bütün türk dövlətləri bizimlə eyni cəbhəyə keçdi. Bundan sonra isə bizə dəstək verənlərin sayı daha çox olacaq”. 

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu