Sadıqova: "Azərbaycanlılar öz uşaqlarını rus adları ilə çağıra bilməz"

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini, professor Sayalı Sadıqova “Facebook” sosial şəbəkəsində istifadəçilərin bəzi adlara qoyulan növbəti qadağa ilə bağlı qəzəbli rəylərinə cavab verib.

Bir neçə gün əvvəl yerli KİV xəbər verdi ki, Terminologiya Komissiyası tərəfindən yaradılan xüsusi komissiya sentyabr ayında ad və soyadlar üzrə qeyd şöbələrinə daxil olan 68 vətəndaşın müraciətinə baxıb.

Belə ki, yeni doğulan uşaqlara tərkibində bu adların da olduğu 22 adın qoyulması qadağan olunub: Kuxeyil, Sofu, Saida, Aliyanağı, Əliyənvəliyullah, Kapitalina, Həzrətəli, Meysam, Ezel, Sada, Rina, Fururi, Sülhə, Nəroğlan, Ulya, Əliaçıq, Naqdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan.

Eyni zamanda, komissiya bir neçə yeni adın – Şahəddin, Nayur, Uyğunə, Nurruh, Tamer, Aizə və başqalarının istifadəsinə icazə verib.

Sosial şəbəkə istifadəçiləri Saida adına qadağa qoyulmasına, Uyğunə adına isə icazə verilməsinə birmənalı yanaşmayıb.

Sayalı Sadıqovanın Oxu.Az-a verdiyi məlumata görə, “Saida”nın, sadəcə, bu cür yazılması qadağandır.

Adın özünə icazə verilir və “Səidə” yazılarsa, Azərbaycan dilinin qaydalarına zidd olmaz. Onun sözlərinə görə, Azərbaycan dilini xarici təsirlərdən qorumaq üçün riayət edilməli olan qaydalar var:

“Əgər sözügedən adın bizim dildə ifadəsi mümkündürsə, onu xarici dil normalarında yazdırmaq olmaz. Siz Azərbaycan vətəndaşısınızsa, uşağınızı Pyotr, Pavel deyə çağıra bilməzsiniz axı. Biz rus adlarını ölkəmizə gətirə bilmərik”.

Belə bir sual meydana çıxır ki, əgər Robert adı qadağalar içində yoxdursa, Pyotr niyə var? Pyotrın günahı nədir?  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu