“Dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir” – SƏRT İTTİHAM 

Kamran Əsədov:“Dərsliklərimizi müəlliflər ona görə ağırlaşdırır ki, şagirdlərə çətin olsun, valideynlərdə kömək edə bilməsin. Nəticədə valideynlər müəllimlərə müraciət etsinlər”

4-cü siniflər üçün hazırlanan kitablarımız dünya standartlarına görə, 28-29 yaşlı insanların informasiya götürmə yükünə bərabərdir”

“İki ay vaxt verirlər ki, dünya standartlarına cavab verən dərslik yaz”



“2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi kurikulum standartları ilə qurulmağa başlayıb. Kurikulum təəssüflər olsun ki, Azərbaycan dərsliklərində və təhsilində reallaşa bilməyib. Biz elə düşünürük ki, ən yaxşı dərslik ağır dərslikdi”.
Bunu “Sherg.az”a tarix elmi üzrə fəsəfə doktoru, təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, Azərbaycan orta məktəblərinin ibtidai sinifləri üçün çap olunmuş dərsliklərin informasiya yükü həddindən artıq ağırdı.

“Bu yaxınlarda Türkiyədən gəlmiş ekspertin təlimində iştikar etdim. O bizim üçün dərsliklərdəki informasiya hesablama qaydalarını dedi. Yəni bir səhifədə nə qədər fakt, söz ola bilər. 4-5-ci siniflər üçün olan dərsliklərin bir səhifəsində olan informasiyaları hesabladıq. Ortaya belə bir nəticə çıxdı: bizim 4-cü siniflər üçün hazırlanan kitablarımız dünya standartlarına görə 28-29 yaşlı insanların informasiya götürmə yükünə bərabərdir. Dərsliklərimizin informasiya yükü şagirdlərimizin yaşına və psixologiyasına uyğun deyil. Bü gün Azərbaycanda dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir. Bizim dərsliklərimizi müəlliflər ona görə ağırlaşdırır ki, şagirdlərə çətin olsun, valideynlərdə kömək edə bilməsin. Nəticədə valideynlər müəllimlərə müraciət etsinlər.

İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər. Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur”.

K.Əsədov təəssüf hissi ilə söyləyib ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar uşaqları düşünmürlər:

“Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs onu lazım olduğu səviyyədə hazırlamır. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-dən 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir. Məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz. Bu şagirdlərə çox pis nümunə ola bilər. Kitabda əxlaqsız ifadə, şəkil olması yolverilməzdir. Bu xalqa qarşı cinayətdir. Bu, əxlaqsızlığı təbliğ etməkdir.

Təhsil haqqında qanunda nəzərdə tutulur ki, orta məktəb şəxsiyyət yetişdirir, dərsliklər milli dövlətçilik və dəyərlərə sadiq olan vətəndaşların yetişdirilməsinə xidmət edir, amma reallıq isə bunun əksini göstərir.

Dərsliklərə nəzarət edən bir qurum yoxdur. Çünki, təhsil nazirliyi sifariş verir. Deyir ki, dövlətin standartlarına cavab verən dərsliklər yazın. Amma burada mübahisəli məsələ var. Həmin o standart reallaşmasa belə təhsil nazirliyinin elan etdiyi tenderə bir neçə müəllif daxil olur. Dövlətin müəyyən etdiyi qiymətləndirmə balı var. Məsələn, 100 balı keçən dərslik qalib elan olunur. Amma, tutaq ki, 5 dərslik tenderə daxil olub, heç biri 100 bal yığmayıb. Hətta 1, 2, 3, 4 və 5 bal yığılıb. Təhsil nazirliyi məcbur olur tenderdə qalib glməyən amma ən yüksək bal toplayan dərsliyi ən keyfiyyətsiz olsa belə qəbul edib orta məktəblərə göndərir. Yəni, pislərin içərisindən biraz pisi götürüb məktəblərə veririk. Şagirdlərimiz hədsiz dərəcədə yüklənir. Əvvəlki illərdə illərlə müqayisə etsək, bu gün 1, 2, 3-cü siniflərin informasiya yükü əvvəlki illərin 9-10-cu sinifinə uyğun gəlir. Hətta şagirdlər 1-ci sinifdə çətin riyazi və məntiqi tapşırıqları da yerinə yetirməlidirlər. Valideynlərin uşaqlarının dərslərinə kömək edə bilməməsi sadəcə müasir standartları bilməməsi ilə əlaqəlidir. İbtidai siniflər üçün nəzərdə tutulan dərsliklər olduqca ağırdı. İnformasiya yükü çoxdur”.

 Ekspert hesab edir ki, dövlətin standartları sadələşdirilməlidir:

“Şagirdlərin yaş psixologiyalarına uyğun olmayan test tapşırıqları, ifadələr, materiallar dərsliklərə verilməməlidir. Şagirdin yaşına uyğun gələn tədris planı olmalıdır. Dövlətin dəsrlik üzrə müəyyən idarəsi, qurumu olmaldır. Mən özüm də dərslik müəllifiyəm. İki ay müddətinə dərslik yaza bilmərik, biz. Bizə iki ay vaxt verilir. Dünya təhsil sistemində ortaya normal dərslik çıxarmaq üçün 3-4 il vaxt verirlər. Amma bizdə deyirlər ki, iki aya elə dərslik yaz ki, heç yerdə belə bir şey olmasın, tamam fərqli olsun. Qardaş, Amerikanın Amerika olması üçün 235 il vaxt keçir. Bizdə isə iki ay vaxt verirlər ki, dünya standartlarına cavab verən dərslik yaz. Azı 200 səhifəlik dərliklərdi. 60 günə bu necə mümkün ola bilər?! Necə yoxlaya, redaktə edə bilərsən?! Ana dünyaya uşaq gətirməsi üçün 9 ay vaxt keçməlidir. Dəsrlik müəllifinin iki aya yazdığı kitab təbii ki, problemli olmalıdır. Necə ki, iki aya dünyaya gələn uşaq qüsurlu olur”.

Aydın Baxış 
 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu