Abdulla Şaiq "Türk ocağı"nın qurucularından biri kimi

Ədibin vəfatının 60 illiyinə həsr olunmuş tədbir keçirilib



Bu gün görkəmli Azərbaycan şairi, yazıçı-dramaturq, publisist və pedaqoq, ədəbiyyatşünas Abdulla Şaiqin Ev Muzeyində ədibin vəfatının 60 illiyinə həsr olunmuş tədbir keçirilib. “Abdulla Şaiq “Türk ocağı”nın qurucularından biri kimi” adlı tədbir bir müddət əvvəl bəpra edilmiş Azərbaycan “Türk ocağı” ilə birgə təşkil edilib.



Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan “Türk ocağı”nın başqanı  Akif Aşırlı, Ocağın bərpaçılarından olan tarixçi-alim Firdovsiyyə Əhmədova, AMEA Ədəbiyyat İnstitutunun alimləri, universitet müəllimləri və media təmsilçiləri iştirak ediblər. Tədbirdə vurğulanıb ki, 3 iyul 1911-ci ildə Məhəmməd Əmin Yurdaqul, Yusif Akçuralı, M.Ə.Tevfiq (Yüksələn) , Emin Bülənt Sərdaroğlu və Əhməd Ağaoğlu tərəfindən əsası qoyulmuş “Türk ocağı” türkçülük ideyalarını təbliğ edən və xalqa çatdıran bir cəmiyyət olub. İstanbulda yaradılan bu cəmiyyətin şöbələri çox keçməmiş Türkiyənin digər bölgələrində yaradılıb. Ocağın bir şöbəsi də 1918-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb.
 


Abdulla Şaiqin Ev Muzeyinin direktoru, eyni zamanda yazıçının nəvəsi Ülkər Talıbzadə bildirib ki, babasının evi müqəddəs ocaq kimi daim Azərbaycanın görkəmli şəxsiyyətlərinin üz tutduğu məkan olub.

Onun sözlərinə görə, dövrün ziyalıları, şair və yazıçıları, alimləri Abdulla Şaiqin başına toplanıblar: “Biz bura Abdulla Şaiqin vəfatının 60 illiyini qeyd etmək və xatirəsini yad etmək üçün yığışmışıq. Tədbirimiz iki hissədən ibarət olacaq. Birinci hissə Abdulla Şaiqin həyat və yaradıcılığına həsr olunacaq. İkinci hissədə isə Azərbaycan “Türk ocağı”ndan danışacağıq. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Çox fərəhli haldır ki, ədibin 60 illiyini qeyd edərkən əhəmiyyət kəsb edən yeni bir faktı da öyrənmiş olduq. Buna görə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya minnətdaram. Akif müəllim, sentyabrın əvvəlində mənə zəng edərək bu faktı deyəndə çox təəccüblənmişdim. Çünki yazıçının ən gözəl bilicisi, araşdırmaçısı və oğlu Kamal Talıbzadə belə bu mühüm faktla bağlı bir söz deməyib. Ona görə də bu xəbər ailəmiz üçün qürurverici bir yenilikdir”. 



Direktorun çıxışından sonra görkəmli yazıçı Abdulla Şaiqin həyat və yaradıcılığını əks etdirən video-rolik nümayiş etdirilib. 

Daha sonra çıxış edən muzeyin əməkdaşı Arzu Hacıyeva deyib ki, Abdulla Şaiqin vəfatından 60 il keçsə də, bugün də biz Şaiq məktəbinin əsasları üzərində dayanmışıq. Onun əsasını qoyduğu milli mədəniyyət, milli dil, milli ədəbiyyata köklənmişik. 



A.Şaiq milli ideologiyanın təməlini qoyan aydınlarımızdan biridir. Onun ədəbi və pedoqoji fəaliyyətinin 20 illik xatirə günündə “Şaiq Nümunə” məktəbinin müdiri Qafur Əfəndizadə Qantəmir nitqini belə başlamışdı:

“Əgər Şaiq olmasaydı..”. Həqiqətən, əgər Şaiq olmasaydı milli qiraətimiz, müntəxabatımız olmazdı, şagirdlərimiz ana dilində təhsil almazdı və s. Şaiq olmasaydı pedaqogika və ədəbiyyat tariximizdə nələr baş verərdi? Zəif vücuda, böyük qəlbə malik olan ziyalımız Azərbaycan xalqının milli müqəddəratında, taleyinin həll olunmasında böyük işlər görüb. Onun fəaliyyətini komanda işi kimi qiymətləndirmək olar. 1917-ci ildə Çar hökumətinin sözdə “məktəblərin milliləşdirilməsi” qərarından sonra Abdulla Şaiq o zamanadək gizli həyata keçirdiyi missiyanı leqallaşdıra bilib. İlk dəfə olaraq 3-4 aylıq ana dili kursları açıb. Əslində, bu milliləşmə böyük çətinliklər hesabına başa gəlirdi. Çünki valideynlər uşaqlarının ana dilində təhsil almalarına razı deyildilər. Yazıçı ilk olaraq buradan işə başlayır və valideynlərlə uzun danışıqlar apararaq onları razı salmağa çalışır. Məlumdur ki, həmin dövrdə milli mədəniyyət və milli dil gözdən salınmağa çalışılırdı. Ona görə də məqsədli şəkildə məktəblərdə ana dili dərsini səsbəst formada tədris edirdilər. Həm də ana dilində dərs deyənlər digər müəllimlərdən azı 5 dəfə az məvacib alırdılar. Abdulla Şaiq məhz belə bir zamanda fədakarcasına xalqına xidmət edirdi. Nəzərə çatdırım ki, XX əsrin əvvəllərində ədəbiyyatşünaslıq yeni-yeni peşəkar mərhələyə keçirdi. Dərsliklərdə proqrama salmaq üçün materiallar yox dərəcəsində idi. Bu boşluq A.Şaiqə stimul verdi ki, o ədəbiyyatşünas, folklorşünas kimi, uşaq yazıçısı kimi öz potensialını ortaya qoysun. Yazıçı bundan sonra ədəbiyyat tarixi konsepsiyasını işləyib hazırlayıb. Bununla yanaşı Abdulla Şaiq şifahi xalq ədəbiyyatı nümunələrini də toplayıb”. 



“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da çıxışında bildirib ki, budəfəki tədbir möhtəşəm bir məkanda, tarixi ocaqda baş tutub:

“Azərbaycan “Türk ocağı”nın 101 illik fasilədən sonra özünü bərpa etməsi və ilk tədbirlərdən birini Abdulla Şaiq ocağında keçirməsi heç də təsadüfi deyil. 1918-ci il sentyabrın 24-də Azərbaycanda “Türk ocağı” bərpa olunub və Ocağın bərpaçılarından biri məhz Abdulla Şaiq olub. Bərpaçılar arasında Əhməd Cavad, Abbasqulu Kazımzadə, Tağı Nağızadə və digər ziyalılar da yer alıblar. Hökumət bir neçə gün idi Bakıya köçmüşdü, milliləşmə proqramları yenicə həyata keçirilirdi. Həmin ziyalılar Azərbaycanda “Türk ocağı”nın açılması ilə bağlı hökumətə müraciət ediblər. Azərbaycan “Türk ocağı” ilə bağlı dövrü mətbuatda, həm “Azərbaycan” qəzetində, həm də “Açıq söz” qəzetində materiallar dərc olunub. Həmin yazılarda Abdulla Şaiqin Azərbaycan “Türk ocağı”nın qurucularından biri olduğu öz əksini tapıb. 1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir “Türk ocağı”ının qurucularına şəhadətnamə verib. Şəhadətnamədə görkəmli yazıçı Abdulla Şaiqin adı da qeyd olunub. Biz Abdulla Şaiqi dərindən öyrənməliyik. O, milli məfkurəmizin formalaşmasında mühüm rol oynayıb. Onun “Açıq söz” qəzetində təkcə hekayələri dərc olunmayıb. Mətbuat səhifələrində yazıçının publisistikası da dərc olunub. Çox istərdim ki, onun publisistikası da ədəbiyyatçılarımız tərəfindən geniş araşdırılsın”. 



A.Aşırlı vurğulayıb ki, Azərbaycan “Türk ocağı”nın məramı türk dünyasında mədəni əlaqələri inkişaf etdirmək, vahid ədəbi mühit yaratmaq olub. Baş redaktor Azərbaycan “Türk ocağı”nın qurucularına verilmiş şəhadətnaməni, Abdulla Şaiqlə bağlı bir sıra mühüm arxiv sənədlərini, həmçinin müəllifi olduğu Azərbaycan “Türk ocağı” kitabını ədibin Ev Muzeyinə hədiyyə edib:

“Hesab edirəm ki, bu sənədlər Abdulla Şaiqin ev muzeyində ən qiymətli eksponatlar olacaq”. Dəyərli hədiyyələri məmnunluqla qəbul edən Ülkər Talıbzadə Muzeydə “Türk ocağı” ilə bağlı ayrıca guşə yaradılacağını söyləyib. 



Tarixçi-alim Firdovsiyyə Əhmədova da vurğulayıb ki, Abdulla Şaiqin uşaq şairin kimi tanınması çox mühümdür:

“Nə yaxşı ki, ədib uşaq şairi kimi də olsa sovet ədəbiyyatında, dərsliklərimizdə qalıb. Onun oğlu və araşdırmaçısı Kamal Talıbzadə mövcud ideologiya şərtləri içərisində A.Şaiqin yaradıcılığını cəmiyyətə tanıtdıra bilib. Abdulla Şaiqin ev muzeyinin yaradılması da K.Talıbzadənin fəaliyyəti sayəsində mümkün olub. 1937-ci il repressiyasından sağ qurtulan Abdulla Şaiq kimi ziyalılarımız öz maarifçilikləri və qələmləri ilə yeni nəslin şüurunun formalaşmasında mühüm rol oynayıblar. Abdulla Şaiq o şəxsiyyətlərdəndir ki, təkcə Azərbaycanda deyil, Osmanlı cəmiyyətində belə milli kimliyin, türk kimliyin oyanmasında öz qələmi ilə fəaliyyət göstərib. Bu, çox önəmlidir”. 



Professor Mübariz Süleymanlı isə Abdulla Şaiq Ev Muzeyinin 25 illik “ştatdan kənar işçisi” olduğunu vurğulayıb:

“Mənim M.Ə.Rəsulzadəyə həsr olunmuş namizədlik işimin birinci rəyçisi və doktorluq işimin elmi məsləhətçisi Kamal Talıbzadə olub. Ona görə də mənim həyatım demək olar ki, Abdulla Şaiq ocağı, dolayısı ilə onun yaradıcılığı ilə bağlı olub. Abdulla Şaiq ocağı türklüyün Azərbaycandakı simvollarından biridir. Ümumiyyətlə, bu şəcərə ta qədimdən türkçülüklə bağlı olub”. 



Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli bildirib ki, Abdulla Şaiqin oğlu Kamal Talıbzadə atasının türkçülüklə bağlı şeirlərini toplayıb çap etdirərkən hədsiz sevinirdi:

“Abdulla Şaiq daha çox uşaq şairi kimi tanınırdı. K.Talıbzadə çalışırdı ki, şairin daha çox türkçü, turançı yönünü üzə çıxartsın. Çünki A.Şaiq dövrün xofundan uşaq şairi olmaq məcburiyyətində qalıb. Həqiqətən, biz onun əsərlərinə diqqətlə nəzər yetirdikdə həmin misralarda tamam fərqli, alovlu, türkçü Şaiqi görəcəyik”. 

Filoloq vurğulayıb ki, indiki dönəmdə türkü türkə tanıtmaq kifayət etmir: “Biz yazıçılarımızın əsərlərini xarici dillərə çap etdirərək bütün dünyaya tanıtdırmalıyıq. Niyə əcnəbilər bizim görkəmli ədiblərimizi tanımasınlar?! Bizim dünyaya çıxacaq çox yazıçılarımız, şairlərimiz var”. 
Tədbirdə Abdulla Şaiqin türkçülük ideyalarını özündə əks etdirən şeirləri də muzey əməkdaşları tərəfindən səsləndirilib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu