Bakı Zirvəsinin əhəmiyyəti: Münasibətlər yeni mərhələyə qədəm qoyur

Dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev görüşdə çıxışı zamanı bildirib ki, məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz.

Onun sözlərinə görə, Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir:

"Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur.

İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir".



Bəhruz Quliyev: "Türkdilli dövlətlər Azərbaycanı regionda kifayət qədər söz sahibi olan dövlət kimi nəzərə alır"


Prezidentin çıxışını Sherg.az-a dəyərləndirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev söyləyib ki, Bakıda Türkdilli dövlətlərin Zirvə Görüşünün keçirilməsi türk dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına işarədir.

Baş redaktor bu görüşün hər bir türk dövləti üçün önəmli olduğunu bildirdi:

“Cənab Prezident Dağlıq Qarabağ məsələsi ilə bağlı müxətəlif tribunalardan bəyanatlar səsləndirib. Bu bəyənatların hər birinin kökündə milli maraqlar dayanır. Prezidentimiz öz siyasətini milli maraqlara uyğun aparır. Zirvə toplantısında ermənilərin türkdilli dövlətlərlə yaxınlaşması məsələsinə toxunan cənab Prezident qeyd etdi ki, bir dövlətin müsəlmançılığa qarşı aqressiyası varsa və dini dəyərlərimizə hörmətsizlik edirsə, bizim düşmənimizdir. Məlumdur ki, bu gün torpaqlarımız etnik təmizlənmənin qurbanı olub. Ermənistanla türkdilli dövlətlərin əməkdaşlıq etməsi nə dərəcədə düzgündür, bunun mahiyyətini cənab Prezident açdı. Hesab edirəm ki, islam dəyərlərinə hörmətlə yanaşan bir dövlət Ermənistanla heç bir halda əməkaşlıq etməz. Fikrimcə, türkdilli dövlətlər Azərbaycanı regionda kifayət qədər söz sahibi olan dövlət kimi nəzərə alır. Bundan sonra da Azərbaycan beynəlxalq münaisbətlər sistemində daim öz rolunu oynayacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu