Eks-prezident: “Apreldə müharibə hazırlıqlarına başladıq”

Misirin eks-prezidenti Hüsnü Mübarək, hakimiyyətdən devrildikdən 8 il sonra ilk dəfə mətbuata açıqlama verib. Xarici mətbuat xəbər verir ki, Mübarək “Oktyabr müharibəsi”nin 46-cı ildönümü ilə əlaqədar jurnalistlər qarşısına çıxıb.

O, 46 il öncəki hadisələr haqda danışıb: “Keçmiş Prezident Ənvər Sadat qərar verdikdən sonra planlar hazırlamağa başladıq. Rəsmi hazırlıqlar 1973-cü ilin aprel ayında başladı. Hətta Suriyanın hərbi heyəti də müharibənin başlanma tarixini təyin etmək üçün 1973-cü ilin avqust ayında Misirə səfər etdi və müharibənin başlanma tarixini dəqiqləşdirdik”.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Qahirə Ağır Cinayətlər Məhkəməsi, sabiq prezidentlər Hüsnü Mübarək və Məhəmməd Mursi də daxil olmaqla, 28 nəfər məhkumun “həbsxana basqını” ittihamı ilə təkrar məhkəmə önünə çıxmasına qərar vermişdi. Mübarək məhkəməyə gəlməkdən imtina etmişdi.

Xatırladaq ki, 1973-cü ilin 6 oktyabrında (yəhudilərin müqəddəs günü olan “Yom Kipur” vaxtı) Misir Süveyş kanalından, Suriya isə Qolan yüksəkliklərindən İsrailə hücum etdi. İsrail və Misir əvvəl atəşkəs, sonra isə 1974-cü ildə sülh müqaviləsi imzaladı.

Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs təmin olundu. Bölgəyə BMT-nin sülhməramlıları yerləşdirildi.

Bu müharibə nəticəsində İsrail 1979-cu ildə Sinay yarımadasından geri çəkilməyi qəbul edərək Misir ilə Kemp Devid müqaviləsini imzaladı. Bununla da İsrail ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlamış oldu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu