Tusk bəyan etdi: Sabah saziş imzalana bilər

Breksit barədə Böyük Britaniya ilə saziş oktyabrın 17-də qəbul edilə bilər. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk Polşanın TVN telekanalına müsahibəsində deyib. “7-8 saatdan sonra hər şey aydın olacaq. Üzv ölkələrin detallarla tanış olmaları üçün günortayadək saziş mətnini alacağıma ümid edirəm”, - deyə Donald Tusk bildirib.

Bununla yanaşı, o, Böyük Britaniyanın gözlənilməz addım atacağını da istisna etməyib: “İşlər yaxşı gedir, lakin Britaniyalı tərəfdarlarımızdan hər şey gözləmək olar”.

Donald Tuskun sözlərinə görə, sazişin əsas müddəaları hazırdır. “Biz nəzəri cəhətdən Böyük Britaniya ilə bu sazişi qəbul edə və Birləşmiş Krallığın Avropa İttifaqını nəzarətsiz tərk etməsi səbəbindən yarana biləcək xaosdan yayına bilərik”, - deyə Donald Tusk vurğulayıb.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Breksit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatası Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Breksit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Nəticədə Avropa İttifaqı Breksit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-dək təxirə salmağa razılaşıb. Vəziyyəti dalandan çıxara bilməyən Tereza Mey istefa verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu