Sosial siyasətin nəticəsi: Əhalinin rifahı yüksəlir

"Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir".

Bu sözləri Prezident İlham Əliyev hökumətin iqtisadi müşavirəsində səsləndirib. Ölkə başçısı qeyd edib ki, həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır:

"Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub".


Deputat: "Dünyanın heç bir ölkəsində qısa müddət ərzində bu cür böyük islahatlar həyata keçirilmir"

Hökumətin sosial siyasəti ilə bağlı Sherg.az-a danışan millət vəkili Bəxtiyar Əliyev deyib ki, cənab Prezident vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir, bununla bağlı hökumət qarşısında tələblərini qoyur.

Onun sözlərinə görə, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır:

"Prezident tərəfindən təkcə bu il ərzində həyata keçirilən sosial islahatlar paketi ölkədə vətəndaşa nə qədər dəyər verildiyinin aydın göstəricisidir. Bu islahatlar nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əmək haqları, müavinətlər artırıldı. Azərbaycanda minimum əməkhaqqının bir ildə iki dəfə artırılması nəticəsində ölkəmiz bu göstərici üzrə MDB-də 1-ci yerdə qərarlaşdı. Prezidentin sərəncamları ilə sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Dünyanın heç bir ölkəsində qısa müddət ərzində bu cür böyük islahatlar həyata keçirilmir. Bu baxımdan, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən bu islahatlar dünyaya nümunə ola bilər. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində də müvafiq addımlar atılır. Azərbaycan dövlət büdcəsinin sosialyönümlü olması da bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ilin dövlət büdcəsi həm sosial, həm də investisiya yönümlü olacaq".

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu