İslahatlara alternativ yoxdur: Heç bir qüvvə bu prosesə mane ola bilməyəcək

"Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyev iqtisadi müşavirədə ölkəmizin inkişafı ilə bağlı çox mühüm məsələləri diqqətə çatdırdı: 

“Prezident ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən ardıcıl islahatların uğurlu nəticələr verdiyini bildirərək Azərbaycanın “Doing Business” hesabatında 20 ən islahatçı ölkə sırasında yer aldığını xüsusi vurğuladı. Dövlət başçısı həmçinin ölkəmizin daha yüksək inkişafına mane olan məsələləri, nöqsanları diqqətə çatdıraraq müvafiq tapşırıqlar verdi. Müşavirədə Prezident qeyd etdi ki, bu gün iqtidarda olan bəziləri aparılan islahatlara qarşı çıxış edirlər. Bu islahatlar həmin şəxslərin şəxsi maraqlarına toxunduğu üçün onlar hər vəchlə ümumi işə, komandanın uğurlu fəaliyyətinə əngəl törətmək istəyirlər. Bu zaman isə ən müxtəlif üsullara əl atırlar. Prezident tərəfindən yüksək etimad göstərilərək vəzifəyə təyin olunan və islahatları müvəffəqiyyətlə həyata keçirən kadrlara qarşı qarayaxma, şantaj kampaniyası aparılar. Əlbəttə, eyni komandada təmsil olunan bir məmurun digərinə qarşı bu cür davranışı qətiyyən yolverilməzdir. Vəzifəsindən asılı olmayaraq, hər bir məmur Prezident tərəfindən onun qarşısına qoyulan tapşırıqları yerinə yetirmək məcburiyyətindədir. Prezident isə hər bir məmurdan vicdanla, ləyaqətlə xalqa xidmət tələb edir. Ümid edirik ki, sözügedən şəxslər cənab Prezidentin xəbərdarlığından düzgün nəticə çıxararaq özlərinə çəki-düzən verəcək, bu cür qəbuledilməz davranışlarından əl çəkəcəklər. Çünki Prezidentin də vurğuladığı kimi, islahatlara alternativ yoxdur və siyasi hakimiyyətdə bu islahatları ən yüksək səviyyədə davam etdirmək üçün güclü iradə mövcuddur. Heç kim, heç bir qüvvə bu prosesə mane ola bilməyəcək”.



Hikmət Babaoğlu: "Vəzifəsindən asılı olmayaraq, hər bir məmur Prezident tərəfindən onun qarşısına qoyulan tapşırıqları yerinə yetirmək məcburiyyətindədir"


H.Babaoğlunun sözlərinə görə, Azərbaycan mediasının mütləq əksəriyyəti bu islahatların daha uğurlu nəticələr verməsi, geniş auditoriyada təbliğ olunması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir: 

“Mediamız prosesin informasiya, ideoloji bazası rolunu oynamağa çalışır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan mediası ictimai institut kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın uğurlu inkişafını təmin edən islahatları dəstəkləyir. Təsadüfi deyil ki, dövlət başçısı da Azərbaycan mediasının fəaliyyətinə həmişə yüksək qiymət verib və mediamızın sərbəst fəaliyyəti üçün münbit  şərait yaradılıb. Prezident dəfələrlə vurğulayıb ki, şəxsən özü Azərbaycanda baş verən bir çox məsələlərdən məhz ölkə mətbuatı vasitəsilə xəbər tutur və dərhal reaksiya verərək lazımi addımları atır. Prezident İlham Əliyevin "Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir" fikri Azərbaycan mətbuatının fəaliyyətinə göstərilən etimadın, jurnalistlərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısı mütəmadi olaraq ictimai fəallığın, vətəndaş təşəbbüskarlığının əhəmiyyətini qeyd edərək bu zaman yenə də media orqanlarının roluna diqqət çəkir”. 

"Bəzi media qurumları islahatlara qarşı çıxış edən məmurların əlində alət rolunu oynayırlar"


Baş redaktor vurğulayıb ki, təəssüf doğuran hal odur ki, bəzi "jurnalistlər" yaradılan əlverişli şəraitdən adekvat yararlanmaq əvəzinə, media adına heç də başucalığı gətirməyən davranışlara yol verirlər: 

“Dövlət başçısının müşavirədə də bildirdiyi kimi, bu gün iqtidarda olan bəzilərinin islahatlara, islahatçı kadrlara qarşı həyata keçirdiyi kampaniyalar bir çox hallarda media orqanları vasitəsilə aparılır. Bəzi media qurumları islahatlara qarşı çıxış edən məmurların əlində alət rolunu oynayırlar. Görünür, hələ də bəziləri köhnə vərdişlərindən əl çəkə, mediada bu cür çirkin fəaliyyət üsulunu davam etdirmək arzusunu cilovlaya bilmirlər. Əlbəttə, media vasitəsinin, mətbuat orqanının bu cür çirkin şantaj kampaniyasında yer alması, ona vasitə olması qətiyyən yolverilməzdir. Mətbuat kimlərinsə şəxsi ambisiyalarını həyata keçirmək üçün mübarizə meydanına çevrilməməlidir. Bu, hər şeydən əvvəl mənəvi, əxlaqi baxımdan doğru deyil. Digər yandan isə KİV-in hamı tərəfindən qəbul olunmuş davranış prinsiplərinin kobud surətdə pozulması deməkdir. Düşünürəm ki, sayları məhdud olan və fəaliyyət sferası daha da daralmış olan bu qrupun qanunazidd fəaliyyətinə qarşı elə ilk növbədə Azərbaycanda klassik media ənənələrini əxz etmiş, dövlət və millət maraqlarını ifadə edən, eyni zamanda, ölkəmizin inkişafını uğurlu islahatların həyata keçirilməsində görən mütərəqqi Azərbaycan mediası öz mövqeyini ortaya qoyacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu