Çoxlu xərc, şəraitsizlik və... - Bakıda tramvay və tralleybusları bərpa etmək çətindir

Bakıda tramvay və elektriklə işləyən abtobusların yenidən istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir. Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər:

"Bu gün şəhərimizdə metro və müntəzəm marşrut xətt avtobuslardan başqa, ictimai nəqliyyat növləri yoxdur. Son vaxtlar dəmir yolu xətlərinin bərpası istiqamətində mühüm addımlar atılmaqdadır. Lakin əlavə ictimai nəqliyyat növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi çətinliklər yaradır. Bu gün avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz min nəfərdir. Bu, çox ciddi rəqəmdir. Buna görə də dövlət avtobus şəbəkəsinin müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün əsasən avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir. Ən əsası da sıxlıqların azaldıması baxımından".

Ekspertlər isə düşünürlər ki, paytaxt küçələrində infrostruktur bu nəqliyyat növlərinin bərpası üçün əlverişli deyil.



Nəqliyyat üzrə ekspert İlqar Hüseynli Sherg.az-a deyib ki, tramvay və tralleybusların bərpası yaxın gələcək üçün mümkünsüz görünür.

Sözügedən məsələnin mütəmadi olaraq gündəmə gətirildiyini xatırladan ekspert vurğulayıb ki, təkliflərin icrası üçün ciddi adımlar hələ ki, atılmayıb:

"Əvvəllər bizdə tramvaylar da, trallebuslar da var idi. Sonradan Bakının yol infrostukturu dəyişildi, həmin nəqliyyat vasitələri ləğv edildi. İndi yenidən tramvay və trallebusların bərpa edilməsi çox böyük maliyyə vəsaiti tələb edir. Çünki paytaxtın bir çox prospektləri, küçələri sökülüb, yenidən tikilməlidir. Bu isə dediyim kimi, böyük xərcdir. Həmçinin şəhərin iflic vəziyyətə salınması deməkdir. Eyni zamanda bu işi həyata keçirmək üçün gərək Bakı Nəqliyyat Agentliyinin kifayət qədər resurs və kadr potensialı olsun. Bu isə hələlik BNA-da yoxdur".



Ekspert vurğulayıb ki, trallebusların bərpa edilib, istifadəyə verilməsi daha çətindir:

"Çünki bu nəqliyyat növü elektriklə işləyir. Amma prospektlərdəki işıq dirəklərinin hazırkı yerləşmə vəziyyəti trallebusların hərəkəti üçün əlverişli deyil. Hələ on il əvvəl paytaxt rekonstiruksiya olunanda mən təklif vermişdim ki, işıq dirəkləri prospektlərin ortasında yox, kənər hissələrdə basdırılsın. Əgər belə olsa idi, elektrikli avtobusların olmasa da, yerüstü metronun hərəkəti üçün şərait olardı. Şübhəsiz, tramvay və trallebusların istifadəyə verilməsi ekoloji təmizlik, əhali sıxlığının, tıxacın aradan qaldırılması və s. baxımdan əhəmiyyətlidir. Ancaq gərək real şərait nəzərə alınsın. Həmin nəqliyyat növlərinin istifadəsi yalnız o zaman mümkün olar ki, paytaxt əhalisi köçürülsün və şəhərdə ciddi yenidənqurma işləri görülsün". 

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu